Leyla Abdullayeva: Mövcud gərginliyə görə başlıca məsuliyyət bilavasitə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür

 

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Ermənistan Təhlükəsizlik Şurasının iclasında Baş nazir Nikol Paşinyanın söylədiklərini şərh edib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, Leyla Abdullayeva deyib: “İlk növbədə, qeyd etmək istərdik ki, son zamanlar Ermənistanın həyata keçirdiyi təxribatlara cavab olaraq, Azərbaycan tərəfindən müvafiq tədbirlər görülür. Belə ki, noyabrın 9-da Ermənistan silahlı qüvvələrinin 60-a yaxın hərbçisinin Laçın rayonunun Qaragöl istiqamətində Azərbaycan Ordusunun mövqelərinə aparan yol üzərində cəmləşməsi, noyabrın 13-də Ermənistan silahlı qüvvələrinin Kəlbəcər rayonundakı Azərbaycan Ordusunun mövqelərini atəşə tutması, habelə noyabrın 14-də Ermənistan silahlı qüvvələrinin iki dövlətin sərhədinin Laçın rayonunu istiqamətində cəmlənərək növbəti təxribata hazırlığına cavab olaraq Azərbaycan tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Vurğulayırıq ki, Azərbaycan hərbçiləri ölkəmizin suveren ərazilərində xidməti vəzifələrini yerinə yetirirlər.

Həmçinin xatırladırıq ki, mövcud gərginliyə görə başlıca məsuliyyət bilavasitə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”.

 

Azərbaycan.- 2021.- 16 noyabr.- S.6.