35 əfv sərəncamı, 4 amnistiya aktı

 

İlham Əliyev minlərlə məhbusa həyatını yenidən qurmaq şansı verib

 

8 Noyabr - Zəfər Günü münasibətilə elan olunmuş amnistiya aktının icrası davam edir. Azərbaycan tarixinin ən böyük amnistiya aktı 4 bölmə, 45 hissədən ibarətdir. Amnistiya 5800 məhkuma, probasiya üzrə isə 8800 nəfərə şamil edilib. Amnistiyanın şamil edildiyi 17 min nəfərdən 15 mini üzrə işin icrasını ədliyyə orqanları həyata keçirir.

 

Xalqın dövlətə, ədalətə inamını daha da artıran humanist siyasət

 

Demokratik dəyərlərin başlıca meyarlarından sayılan insan hüquq və azadlıqlarının müdafiəsinə böyük sayğı göstərən Azərbaycan dövləti cəmiyyətdə humanizm ənənələrinin təşəkkül tapmasına və möhkəmlənməsinə də hər zaman həssaslıqla yanaşıb.

Dövlət yüzlərlə məhbusa öz həyatını yenidən qurmağa, həyatında təmiz səhifə açmağa imkan verir. Bu da respublikamızın humanizm prinsipləri əsasında inkişaf yolu seçdiyini bir daha nümayiş etdirir, xalqın dövlətə, ədalətə inamını artırır.

Bütün dövrlərdə insan haqlarının təminatına və ümumbəşəri humanist dəyərlərin bərqərar olmasına xidmət edən əfv və amnistiya aktları cəmiyyətdə olduqca yüksək qiymətləndirilib. Hər bir fərdin mənafeyinin əsas götürüldüyü hüquqi dövlət quruculuğu prinsiplərinə həssas münasibətin əyani təcəssümü olaraq Azərbaycanda məhkumların əfv edilməsi - bağışlanması artıq ənənəyə çevrilib.

Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu humanizm ənənələrini davam etdirən Prezident İlham Əliyev hər zaman mərhəmət və insanpərvərlik kimi ən ali keyfiyyətləri əldə rəhbər tutaraq bayram ərəfəsində, əlamətdar tarixi günlərdə əfv sərəncamları imzalayır. Dövlət başçısı bu addımları ilə törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirən günahkar şəxslərin islah olunaraq düz yola qayıtması, onların cəzaçəkmə müəssisəsindən çıxdıqdan sonra layiqli vətəndaş kimi azad cəmiyyətə qovuşması, bir daha cinayət əməli törətməməsi üçün lazımi tədbirlər görür, minlərlə məhkuma yenidən azadlıq bəxş edir.

Bütün bunlar bir daha təsdiq edir ki, İlham Əliyev öz siyasətində humanizm prinsiplərini əsas götürərək ölkəmizin daim inkişaf yolu ilə irəliləməsini qarşıya məqsəd qoyub. Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və alternativ cəza üsullarının tərəfdarı olan dövlət başçısı hər zaman humanistlik göstərərək sübut edir ki, vətəndaş mərkəzli siyasət hər sahədə olduğu kimi, bu istiqamətdə də fəaliyyətin ana xəttidir.

Statistik göstəricilərə nəzər yetirsək görərik ki, müstəqillik dövründə dövlət minlərlə məhkuma azadlıq, ailələrə sevinc bəxş edib. Ulu Öndər Heydər Əliyev tərəfindən 1995-2003-cü illərdə 32 əfv fərmanı imzalanıb. Bunun nəticəsində 3 mindən artıq şəxs bağışlanaraq cəzalarından azad edilib. Həmçinin 1993-2003-cü illərdə 7 dəfə amnistiya elan edilib. Amnistiya aktları törətdiyi cinayət əməlindən səmimi peşmançılıq hissi keçirən 78 mindən çox insana şamil edilib,  21 min 325 nəfər cəzasının çəkilməmiş hissəsindən azad olunub.

Dahi şəxsiyyətin möhkəm təməllər üzərində əsasını qoyduğu siyasətin varisliyini bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyev əfvetmə institutunun çevik və işlək mexanizmlər əsasında fəaliyyətini təmin edib.

Prezident İlham Əliyev tərəfindən və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə qəbul olunan əfv və amnistiya aktları bu günə qədər neçə-neçə ailəyə sevinc bəxş edib. Dövlət başçısının 18 ildə əfvlə bağlı imzaladığı sərəncamlar Azərbaycanda insan hüquqlarının etibarlı təminatına və demokratikləşməyə xidmət edən strateji siyasi kursun layiqincə davam etdirildiyini göstərir.

Son 18 ildə Prezident 35 əfv sərəncamı imzalayıb. Milli həmrəyliyə istiqamətlənmiş bu humanist addımlar ümumilikdə indiyədək 10 minə yaxın şəxsi əhatə edib. 2003-2021-ci illər ərzində Azərbaycanda həm də 4 dəfə amnistiya elan edilib. Ümumilikdə müstəqillik dövründə Azərbaycanda 11 aministiya aktı, 67 əfv sərəncamı imzalanıb. Əfv olunanların sayı 5672, amnistiyaya düşənlərin sayı 40412 nəfər olub. Yəni əfv və amnistiya aktları ümumilikdə 46084 məhkuma şamil edilib.

Əlbəttə ki, mütəmadi olaraq əfv sərəncamlarının imzalanması, amnistiya aktlarının qəbul olunması dövlətin öz vətəndaşlarına verdiyi dəyərin bariz nümunəsidir. Əfv olunan vətəndaşlar dövlətin onlara olan inam və etibarını daim hiss edirlər, bu isə onları layiqli vətəndaş olmağa həvəsləndirir. Eyni zamanda onlar minlərlə insanı əhatə edən əfv sərəncamlarına və amnistiya aktlarına, humanist addımlara görə İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürlərini bildirirlər. Yəni Azərbaycan ictimaiyyətinin nümayəndələri humanizm nümunəsi olan bu addımları olduqca yüksək qiymətləndirirlər.

Vətən müharibəsində qazanılmış tarixi Zəfərin birinci ildönümü ilə bağlı bu Qələbənin memarı olan İlham Əliyev tərəfindən Milli Məclisə təqdim edilən və parlament tərəfindən qəbul olunan tariximizin ən böyük amnistiya aktının icrası da deyilənləri bir daha təsdiqləyir. Məhz şanlı Qələbənin birinci ildönümünü qeyd etdiyimiz zamanda belə bir təqdirəlayiq addımın atılması Ulu Öndər Heydər Əliyevdən başlayaraq ölkəmizdə həyata keçirilən humanizm siyasətinin yenə də davam etdiyinin göstəricisidir. Ölkə siyasətçiləri və ictimaiyyət nümayəndələri də birmənalı şəkildə bildirirlər ki, Zəfər günü münasibətilə elan edilən amnistiya aktının Azərbaycan cəmiyyətinin insan hüquqlarına, haqqa-ədalətə inamını daha da möhkəmləndirəcək.

Əlavə edək ki, ölkəmizdə amnistiya aktlarının məhz Birinci vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyeva tərəfindən hazırlanıb Milli Məclisə təqdim edilməsi xalqımız və cəmiyyətimiz tərəfindən alqışlanan dəyərli ənənəyə çevrilib. Mehriban xanımın amnistiya təşəbbüsləri ölkəmizdə cinayət hüquq siyasətinin liberallaşdırılmasına, məhkumların sayının azaldılmasına gətirib çıxaran vacib amilə çevrilib. Belə təşəbbüslər həmçinin ölkəmizdə ictimaiyyətin ovqatının daha da yüksəlməsinə böyük töhfəsini verir.

Hələ 2009-cu ildə Novruz bayramı münasibətilə Milli Məclisə amnistiya aktının qəbul olunması təklifini təqdim edən Mehriban xanım Əliyeva sənədin qəbulu zamanı çox dəyərli fikirlər səsləndirmişdi: “Bu bir həqiqətdir ki, Allahın insana verdiyi ömür hər bir şeydən uca və dəyərlidir. Hər bir insan ləyaqətlə, azad yaşamağa layiqdir. Eyni zamanda hər bir insan öz ömrünün, taleyinin hökmdarıdır. Səhv etmiş, yolunu azmış insanlara həyatda yeni şans verməklə, onları bağışlayıb cəmiyyətə qaytarmaqla biz onlara yenidən həyatın, azadlığın dəyərini dərk etməyə, öz səhvlərini anlayıb doğru yola qayıtmağa kömək edirik. Mərhəmətlilik, genişqəlblilik, xeyirxahlıq, bağışlamaq bacarığı hər zaman ən aliinsani keyfiyyətlər kimi qiymətləndirilib”.

 

Mərhəmət, bağışlamaq bacarığı həmişə ən ali keyfiyyətlər kimi qiymətləndirilib və əfv etmək böyük, müdrik insanlara, dövlət xadimlərinə xas olan yüksək keyfiyyətdir. Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə çevirən, Qarabağın xilaskarı kimi adını tariximizə qızıl hərflərlə yazdıran İlham Əliyevin humanizm prinsiplərinə sadiqliyini təsdiq edən əfv və amnistiya aktları bir daha təsdiq edir ki, Azərbaycan Prezidenti əfv etməyi, bağışlamağı bacaran aqil dövlət adamlarındandır.

 

Rəşad BAXŞƏLİYEV,

 

Azərbaycan.- 2021.- 14 noyabr.- S.1-2.