Misir Parlamentinin deputatı: Azərbaycan qazandığı Zəfərlə regionun inkişafına töhfə verəcək

 

Milli Məclisin sədri Sahibə Qafarovaya Zəfər Günü münasibətilə Misir parlamentinin Dini məsələlər və vəqflər komitəsinin sədri Əli Cümə tərəfindən təbrik məktubu ünvanlanıb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, məktubda komitə sədri 8 Noyabr – Zəfər Günü münasibətilə arzu və təbriklərini çatdırıb. Qeyd edib ki, bu Zəfərlə qardaş Azərbaycan beynəlxalq səviyyədə tanınmış ərazilərini geri qaytarıb. Bildirib ki, bu, ölkənin, hətta regionun inkişafına və rifahına töhfə verəcək və dünyada sülhü təşviq edəcək.

Misir parlamentinin komitə sədri məktubunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müdrik və uzaqgörən rəhbərliyi altında daim azad, əmin-amanlıq və tərəqqi içərisində yaşaması diləklərini ifadə edib.

 

Azərbaycan.- 2021.- 14 noyabr.- S.2.