Zəfərin quruculuq dövrü
İlham Əliyevin rəhbərliyi altında Qarabağda
və Şərqi Zəngəzurda yüksək həyatın
möhkəm təməlləri atılır
Zəfərlə başa çatan Vətən savaşımızın fəxarətli, qürurlu bir ilini arxada qoyduq. Bu qısa zaman müddətində xalq olaraq çox hadisələrə şahidlik etdik, çox yeniliklərə imza atdıq, çox sevincli günlərimiz oldu.
Düşmənin viran qoyduğu yurdlarımıza yeni
nəfəs verilir
Demək olar ki, bizim üçün ötən bu zamanın hər günü qələbə ab-havasında keçdi. İllərdir ki, təqvimlərimizdə yer alan qara dairəli işğal günləri daha bilmərrə silinib atılıb, yerlərini qıpqırmızı haşiyəli bayram günləri tutub. İndi işğal altından qurtulan şəhərlərimizin, qəsəbələrimizin, kəndlərimizin azadlıq günlərini böyük təntənə ilə qeyd edirik.
O yurdlara tezliklə dönəcəyimizi bəxtəvərlik hissi ilə yaşayırıq. Artıq ölkəmizdə qan-qada, müharibə bitib və bütöv Azərbaycan işıqlı, xoşbəxt sabahlara yol alıb...
Prezident İlham Əliyevin birbaşa rəhbərliyi və nəzarəti altında Qarabağda, Şərqi Zəngəzurda daimi həyatın var olması üçün möhkəm bünövrələr atılır, layihələr gerçəkləşdirilir. 30 il ərzində ermənilər tərəfindən tamamilə darmadağın edilən ərazilərimiz sürətlə dəyişir, mənfur düşmənin “ölü torpaq” siyasəti ilə viran qoyduğu yurdlarımıza yeni nəfəs verilir. Azərbaycan dövləti işğaldan azad edilən torpaqlarda quruculuq işləri aparmaq üçün bütün potensialını, gücünü səfərbər edərək çalışır ki, çox qısa zamanda bu yerlər hərtərəfli bərpa olunsun.
Azadlığına qovuşdurulan yurdlarımızda əsaslı quruculuq tədbirləri həyata keçirilir, infrastruktur yenilənir, yollar çəkilir, beynəlxalq hava limanları tikilir. Eyni zamanda barbar ermənilərin illərlə divan tutduğu tarixi, mədəni, dini irsimiz bərpa olunur, dağıdılan məscidlərimizdən yenidən azan sədaları yüksəlir...
Həyata keçirilən bu kompleks tədbirləri birbaşa nəzarətində saxlayan Prezident İlham Əliyev mütəmadi olaraq həmin ərazilərə səfərlər edir, tikintisi, təmiri başa çatan obyektlərin açılışını edir, yeni-yeni layihələrin təməllərini qoyur.
Azərbaycan dövlətinin əzəli Vətən torpaqlarımızda sürətlə həyata keçirdiyi bütün bu irimiqyaslı tədbirlərin isə yalnız bir məqsədi var. Keçmiş məcburi köçkünlərin qısa zamanda öz dədə-baba torpaqlarına qayıtmasını təmin etmək...
Dünya Azərbaycan Prezidentinin əzminə,
dövlətimizin iradəsinə şahidlik
edir
Müzəffər Ali Baş Komandan İlham Əliyevin və rəhbərlik etdiyi şanlı Azərbaycan Ordusunun 44 günlük müharibədə “dəmir yumruq” ilə düşmənin belini qıraraq qazandığı parlaq Zəfər, həm də işğaldan azad edilən ərazilərimizə yenidən həyatın qayıtmasını təmin edir. Möhtəşəm Zəfərimizin üzərindən ötən bu birillik qısa zamanda 30 ildir ki erməni vəhşiliyi ilə üz-üzə qalan yurdlarımız artıq dirçəlməyə başlayıb.
Qarabağda, Şərqi Zəngəzurda sürətlə baş verən dəyişikliklər Prezident İlham Əliyevin Birinci xanım Mehriban Əliyeva ilə birgə həmin bölgələrə səfərləri zamanı əyani şəkildə gözlər önünə sərilir. Mütəmadi olaraq həyata keçirilən bu səfərlər sayəsində bütün dünya bir daha Azərbaycan xalqının, dövlətinin böyük potensialını, Prezidentinin qətiyyətini, əzmini görür. Prezident İlham Əliyevin tarixdə çox az dövlət başçısına qismət olacaq, bəlkə də bir daha heç kimə nəsib olmayacaq möhtəşəm və uğurlu işlərə imza atmasını heyrətlə izləyir.
Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan işğaldan azad etdiyi Vətən torpaqlarında təkcə yolların, hava limanlarının, mədəniyyət, dini mərkəzlərin deyil, neçə-neçə şəhərlərin təməlini, bünövrəsini, özülünü qoyur. Bu şəhərlərin müfəssəl hazırlanan baş planlarını təsdiq edir, “ağıllı kənd”lər salır...
Tezliklə öz dədə-baba yurdlarına qayıdacaq insanlar üçün dünyanın ən müasir imkanlarını yaradır, infrastrukturlarını qurur. Onların rahat yaşaması, işlə təmin olunması, təhlükəsizliyi, istirahəti üçün hər cür şərait yaradır.
Dövlət başçısı bütün bu işlərin aparılmasına şəxsən nəzarət edir, dəfələrlə işğaldan azad olunan bölgələrə səfərlər edərək işlərin icrası ilə maraqlanır.
“Xoş gəlmisiniz, cənab Prezident”
Prezident İlham Əliyevin Qarabağa və Şərqi Zəngəzura həmin ərazilərin erməni işğalından azad olunduğu tarixlərdə səfərlər etməsi ənənəyə çevrilməklə Vətən müharibəsinin ildönümünün mühüm hadisələri olur. Həm də dövlət başçısı azad olunan yurdlara oranın doğma sakinləri, keçmiş məcburi köçkünlərlə birgə yollanır, onları ev sahibi kimi salamlayır, “Xoş gəlmisiniz” - deyir. Eyni zamanda əminliklə vurğulayır ki, sürətli quruculuq işləri sayəsində tezliklə Vətənlərinə dönəcək bu sakinlər özləri ona doğma ocaqlarında “Xoş gəlmisiniz, cənab Prezident” söyləyəcəklər...
Müzəffər Ali Baş Komandanın bu ilin 4 oktyabrında üz tutduğu ünvanlardan biri Şərqi Zəngəzurun Cəbrayıl rayonu oldu. Prezident Cəbrayıl ictimaiyyətinin nümayəndələri ilə birgə şəhərin bərpasının ilk təməl daşını qoydu.
10 oktyabrda isə Prezident xocavəndlilərlə birgə Xocavəndin azadlıq gününü qeyd etdi. Xocavənd rayonunun, Hadrut qəsəbəsinin gələcək inkişafı ilə bağlı olan böyük planların icrasına start verdi.
Azərbaycan Prezidenti oktyabrın 17-də Füzuli rayonunda bu şəhərin təməl daşını qoydu, Füzuli ictimaiyyəti ilə görüşü zamanı bildirdi ki, Füzuli şəhərinin baş planı, kəndlərin inkişaf konsepsiyası hazırlanıb, birinci infrastruktur layihələri də məhz Füzulidə başlayıb.
Cəmi 9 gün sonra, oktyabrın 26-da yenidən Füzuliyə səfər edən Prezident İlham Əliyev qardaş ölkə Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanla birgə Füzuli Beynəlxalq Hava Limanının açılışını həyata keçirdi.
Qısa zamanda Füzuli Beynəlxalq Hava Limanının tikilərək istifadəyə verilməsi və icra edilən digər böyük layihələr isə dövlətimizin həm niyyətini, həm potensialını bir daha sərgiləmiş oldu.
Zəngilanın azadlığının bir ilində, 21 oktyabrda rayonun doğma sakinləri ilə öz yurdlarında görüşən İlham Əliyev vurğuladı ki, məqsədimiz Azərbaycanın ən gözəl yerlərindən biri olan Zəngilanı yenidən qurmaqdır. “Zəngilan ölkəmizin nəqliyyat-logistika mərkəzinə çevriləcək”, söyləyən İlham Əliyev məlumat verdi ki, burada turizm, kənd təsərrüfatı, nəqliyyat, logistika, ətraf mühitin qorunması və əlbəttə ki, insanlar üçün şəraitin yaradılması istiqamətində işlər görülür.
Qısa müddətdə bu rayonda da həyata keçirilən mühüm işlər onu deməyə əsas verir ki, Zəngilan ölkə üzrə çox müasir və böyük əhəmiyyətə malik olan bölgəyə çevriləcək.
Prezident xalqımızı, bütün qubadlıları 25 oktyabrda Qubadlıdan salamladı. Qubadlıda da açılış və təməlqoyma mərasimlərində iştirak edən dövlət başçısı rayon sakinləri ilə görüşü zamanı qeyd etdi ki, bütün kəndlər, şəhər dağıdılıb, bir dənə də salamat yer qalmayıb. Ona görə qubadlılıları buraya yerləşdirmək üçün əlbəttə ki, çox böyük işlər görüləcək.
Bundan sonra bu diyara Azərbaycan dili hakim olacaq, necə ki, tarixdə belə olub
Müzəffər Ali Baş Komandanın növbəti səfəri isə Şuşaya, 44 günlük müharibəmizin Zəfər zirvəsinə idi. Noyabrın 7-də Şuşa şəhərinə səfərə gələn Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva əvvəlcə Füzuli rayonunda “Zəfər” yolunun açılışında iştirak etdilər. Səfər zamanı Daşaltı kəndində məscidin, Şuşa Radio-Televiziya yayım qülləsinin, Şuşa şəhər xəstəxanasının təməllərini qoydular. Heydər Əliyev Fondu tərəfindən Aşağı Gövhər ağa məscidində və Mehmandarovların malikanə kompleksində aparılan bərpa işləri ilə tanış oldular.
Ümumiyyətlə, Şuşa işğaldan azad olunduqdan dərhal sonra mədəniyyət paytaxtımızda sürətli quruculuq-bərpa işlərinə start verilib. Bütün sahələr üzrə kompleks layihələr həyata keçirilib. Şuşaya səfər edən hər kəs burada erməni vandallığının izlərinin silindiyini, qalanın milli ruhunun özünə qaytarıldığının, günbəgün çiçəkləndiyinin şahidi olur.
İlham Əliyev həm də işğaldan azad edilən bölgələrimizdə erməni barbarlarının ekoloji sistemimizə vurduqları ziyanı aradan qaldırmaq istiqamətində şəxsən əməli işlər həyata keçirir. Vətən savaşımızın möhtəşəm 44 gününün şərəfinə ölkə üzrə 44 min ağac əkilməsi aksiyası çərçivəsində Şuşada Cıdır düzündə Prezident və xanımının ağac əkmələri isə bu nümunələrdən sadəcə biridir.
Şuşanın azadlıq günündə, 8 noyabrda Şuşada hərbçilər qarşısında çıxış edən Müzəffər Ali Baş Komandan İlham Əliyev qətiyyətlə vurğuladı ki, artıq bu torpaqlarda, bu səmada bu torpaq üçün, bu səma üçün yad dildə nə mahnı eşidiləcək, nə başqa bir yersiz bəyanat səslənəcək. Bundan sonra bu diyara Azərbaycan dili hakim olacaq, necə ki, tarixdə belə olub. Şuşa məscidində azan səsi, Cıdır düzündə muğam səsi, Vaqifin məqbərəsi önündə şeirlər səslənir. Bax, budur reallıq...
Ümumiyyətlə, işğaldan azad edilən bütün ərazilərdə yuxarıda sadalanan quruculuq və bərpa işləri sürətlə davam etdirilir, ən müasir texnologiyalı infrastruktur qurulur.
Ən əhəmiyyətli məqam isə həyata keçirilən bu genişmiqyaslı və hərtərəfli işlər heç kimdən asılı olmayaraq, Azərbaycan dövlətinin öz vəsaiti hesabına görülür və görüləcək...
Reallıq budur ki, İlham Əliyev Qarabağı və Şərqi Zəngəzuru başdan yaradır, bu qədim torpaqlara yeni həyat bəxş edir. Azərbaycanın tarixi torpaqları və ən gözəl guşələrindən olan bu əraziləri əsl cənnət məkanına çevirir.
Yasəmən MUSAYEVA
Azərbaycan.- 2021.- 14 noyabr.- S.1; 3