Arzuları gerçəyə çevirən Müzəffər Sərkərdə

 

Hər bir xalqın inkişaf tarixi bitməyən böyük bir yoldur. Dövrlər bir-birini əvəzlədikcə, vaxt dəyişdikcə, bu yol da davam edir. Zamanın sürətli axarında o xalqlar irəli gedirlər ki, onların ümumi strateji hədəfləri olsun.

Həmin hədəflərə doğru düzgün istiqamət götürsünlər və zərrə-zərrə qazanılan bir nailiyyət digərini tamamlasın. Bugünün uğurları sabahın zirvəsinə çevrilsin. Onda həmin xalq can atdığı böyük ideallara qovuşacaq.

“Mən ona özüm qədər inanıram...”  deyən Ulu Öndər 2003-cü ilin 1 oktyabrında prezident seçkiləri ərəfəsindəki müraciətində ona inanmış xalqına yenə də ən düzgün olanı göstərdi, milli dövlətçilik ideyalarını davam etdirməyə qabil qüdrətli Lideri nişan verdi. Azərbaycanın gələcək taleyini əmin əllərə etibar etdi.

2020-ci ilin 8 noyabr günü Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Vətənin ən uca mənəviyyat zirvəsi olan Şəhidlər xiyabanından Şuşanın azadlığı müjdəsini xalqımıza yetirəndə Ümummilli Lider Heydər Əliyevin uzaqgörənliyinə heyrətlənməyə bilmədik.

Bu, dahi şəxsiyyətin, misilsiz dövlət xadiminin böyüklüyü idi!

Prezident İlham Əliyev 2003-cü ildən bəri keçən müddət ərzində Ulu Öndərin arzularını yerinə yetirdi. Ölkəmizi tarixinin ən qüdrətli mərhələsinə çatdırdı. Ümummilli Liderin qarşıya qoyduğu bütün milli məqsədləri reallaşdırdı. Onun ən böyük arzusunun həyata keçirilməsini də gələcəyə saxlamadı.

Azərbaycanın ərazilərini düşməndən təmizlədi. 44 günlük Vətən savaşında Ordumuzun gücü ilə torpaqlarımızı azad etdi. Dövlət başçısı düşünülmüş parlaq diplomatiyası, uzun illərdən bəri bu möhtəşəm günlərə doğru addım-addım həyata keçirdiyi hazırlıq işləri, heç bir təzyiq qarşısında sarsılmayan qətiyyəti ilə Zəfərimizi bütün dünyaya qəbul etdirdi. Ən nüfuzlu, ən böyük dövlətləri Azərbaycanın mövqeləri ilə hesablaşmaq, haqq-ədalətin səsinə qulaq asmaq məcburiyyətində qoydu. Xalqımızın birliyini, milli vəhdətini, bərabərlik, doğmalıq ruhunu nümayiş etdirdi. Min illər ərzində yaratdığımız zəngin tarixdən, şərəfli keçmişdən gələcəyə doğru böyük bir yol başladı. Azərbaycan xalqı Prezident İlham Əliyevin liderliyi ilə tarixdə yeni bir səhifə açdı, yeni bir dövrün təməlini qoydu.

Bu, onun missiyası oldu!

Ali Baş Komandan İlham Əliyev qalibiyyəti, başladığı hər işin uğurları ilə tarix yazan qüdrətli liderə çevrildi!

 

Rəşadət bayramı

 

Azərbaycan Prezidenti İlham Əliyev Zəfərimizin ilk ildönümünü Mehriban xanım Əliyeva ilə birgə Şuşada keçirdi. Mənəviyyat şəhərimizə, mədəniyyət paytaxtımıza, Qələbə rəmzimiz olan bu şəhərə aparan Zəfər yolunun açılışını etdi. Daşaltı məscidinin, Şuşa Radio Televiziya Yayım Stansiyasının, Şuşa Rayon Mərkəzi Xəstəxanasının təməlini qoydu. Şuşadakı Aşağı Gövhər ağa məscidində, Mehmandarovların malikanə kompleksində Heydər Əliyev Fondunun apardığı bərpa işləri ilə tanış oldu. VIII Qlobal Bakı Forumunun Şuşaya səfər etmiş iştirakçıları ilə görüşərək səmimi söhbətlər etdi. Azad yurdlarımızda aparılan quruculuq tədbirləri barədə onlara məlumat verdi. Cıdır düzündə ağaclar əkdi. Bu, azadlığına qovuşmuş torpaqlarımıza həyatın qayıdışı deməkdir! 

 “2003-cü ildə ilk dəfə Prezident vəzifəsinə seçilən zaman Azərbaycan xalqına müraciət edərək demişdim ki, nəyin bahasına olursa-olsun, biz öz tarixi torpaqlarımızı düşmənin əlindən alacağıq” - Zəfər günü Şuşada hərbçilər qarşısında çıxış edərkən Ali Baş Komandan belə dedi.

Bunun üçün, ilk növbədə, iqtisadi müstəqilliyin təmin edildiyini diqqətə çatdırdı. “Çünki əgər biz asılı vəziyyətdə olsaydıq, hansısa başqa böyük dövlətlərdən asılı olsaydıq, heç vaxt bizə imkan verməzdilər ki, biz bu şərəfli missiyanı yerinə yetirək. Ona görə Prezident kimi ilk günlərdən iqtisadi müstəqilliyə hesablanmış bütün lazımi addımlar atıldı və qısa müddət ərzində biz buna nail olduq”. Azərbaycan Prezidenti  İlham Əliyev gecə-gündüz aparılan iş sayəsində dünya ictimaiyyətinin məlumatlandırıldığını, nüfuzlu beynəlxalq təşkilatlarda uğurlu iş aparıldığını, bizim üçün uyğun olan və həqiqəti əks etdirən qərar və qətnamələrin qəbul edildiyini, nəticə etibarilə bütün bu işlərin bugünkü reallıq üçün hüquqi baza yaratdığını bildirdi. “...Bu gün biz düşməni torpağımızdan qovandan sonra heç kim bizə irad tuta bilməz. Çünki biz öz torpağımızda uğurlu əməliyyat aparmışıq, biz beynəlxalq hüququ pozmamışıq, müharibə qanunlarını pozmamışıq”.

Ali Baş Komandan Şuşada hərbçilər önündə çıxışında onu da qeyd etdi ki, ordu quruculuğu, hərbi potensialımızın möhkəmləndirilməsi Prezident kimi onun başlıca vəzifəsi olub: “...Təsadüfi deyil ki, mənim Prezidentlik dövrümdə dövlət büdcəmizin əsas xərcləri hərbi məqsədlər üçün nəzərdə tutulurdu. Bu illər ərzində biz güclü hərbi-texniki potensial yaratmışıq. Ən müasir silahlar, sursatlar, texnikalar ölkəmizə gətirilmişdi və hərbçilər tərəfindən bu texnika layiqincə istifadə olundu. İkinci Qarabağ müharibəsi bunun əyani sübutudur. Ordumuzun döyüş qabiliyyəti böyük dərəcədə artdı”.

Prezident İlham Əliyev çıxışında vurğuladı ki, Zəfər günü rəşadət bayramıdır, ədalət bayramıdır, milli qürur, milli ləyaqət bayramıdır! “Biz öz ləyaqətimizi bərpa etdik. Bundan sonra müzəffər ölkə və qalib xalq kimi əbədi yaşayacağıq. Bundan sonra Qarabağda və Zəngəzurda əbədi yaşayacağıq”.

Azərbaycan Prezidenti 2003-cü ildə xalq qarşısında verdiyi bütün sözlər kimi, Zəfər sözünü də tutdu, tarixi zəfərimizlə yeni bir tarix yazdı. Regionda yeni reallıqlar yaratdı.

 

Böyük ümidlərin təntənəsi

 

Prezident İlham Əliyev Azərbaycan xalqının arzularından gəlmiş liderdir. Bizi ömrümüzün ən böyük xəyalına qovuşdurmuş Zəfər günündə ölkəmizin rəhbərinin milli dövlətçilik tariximizdəki yeri və rolu daha aydın görünür.

Azərbaycan indi dünya miqyasında ən sürətlə inkişaf edən ölkələr sırasında öncül yerlərdən birini tutur. Bu inkişafın əsasında uğurla, uzaqgörənliklə reallaşdırılan daxili və xarici siyasət kursu dayanır. Bu strateji kursun Prezident İlham Əliyev tərəfindən müasir dövrün reallıqlarına, tələblərinə və qanunauyğunluqlarına müvafiq surətdə uğurla və qətiyyətlə davam etdirilməsi hazırkı milli inkişafın fundamental əsaslarını təşkil edir. Müxtəlif inkişaf modellərinin uğurla tətbiqi və hədəflənən nəticələrin əldə olunması, sosial-siyasi islahatların mütəmadi qaydada həyata keçirilməsi, qanunvericilik bazasının zənginləşdirilməsi, vətəndaş cəmiyyəti və hüquqi dövlətin inkişafına maksimum əlverişli şəraitin yaradılması, möhkəm təməllərə söykənən ictimai-siyasi sabitliyin qorunması, ölkəmizin beynəlxalq münasibətlər sisteminin nüfuz və güc iyerarxiyasında sürətli şəkildə irəliləməsi müasir Azərbaycanın gerçəkliklərini təşkil edir. Əlbəttə ki, bütün bu nailiyyətlərin əsasında güclü lider fenomeni dayanır. Öz ağlı, iradəsi, qərar qəbul etmək səriştəsi, insanlara doğru yolu göstərmək bacarığı ilə xalqı vahid amal uğrunda səfərbər edən, arxasınca apara bilən Lider. Azərbaycan tarixinə həkk edilmiş parlaq uğurlarımız da məhz Prezident İlham Əliyevin zəkası, siyasi baxışları və uzaqgörənliyi sayəsində mümkün olub. Dövlətimizin rəhbəri ölkədə baş verənlərin məsuliyyətini daşımaqla yanaşı, beynəlxalq və qlobal məsələlərdə də ciddi təsir gücünə malikdir.

Nüfuzu, özünü doğruldan yanaşmaları, uğurlu təşəbbüsləri, ən mühümü isə başqalarında yaratdığı yüksək inam hissi Prezident İlham Əliyevi müasir dünyamızın ən önəmli siyasi liderlərindən biri mövqeyində qərarlaşdırıb. Beynəlxalq siyasi arenada ona böyük rəğbət bəsləyir, irəli sürdüyü rəylərlə hesablaşır, təşəbbüslərini dəstəkləyirlər. Çünki ölkəmizin rəhbəri hər zaman doğrunun yanındadır. Düzgün olanı dilə gətirir, düzgün qərarlar verir və başqalarına da yolun ən düzünü göstərir. Azərbaycan Prezidentinin irəli sürdüyü təkliflərin nə qədər yerində, məqsədyönlü olduğunu, real nəticələrə hesablandığını tarix dəfələrlə sübuta yetirib. Ona görə dünya liderləri dövlət başçımızın baxışlarına böyük önəm verirlər.

Bunu hər kəs bilir ki, Azərbaycanın maraqları olan yerdə Prezident İlham Əliyev heç bir güzəştə getməz. O, hakimiyyətə gələndən böyük Zəfər gününə kimi Qarabağ məsələsində düşmən Ermənistana, onun havadarlarına, supergüclərə qarşı qətiyyətlə mübarizə apardı, Azərbaycanın haqq səsini dünyaya çatdırdı.

Prezident İlham Əliyev xalq qarşısında söz verdiyi kimi, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ probleminin həlli istiqamətində Ümummilli Lider Heydər Əliyevin başladığı siyasi kursu yüksək peşəkarlıq və uğurla davam etdirdi. Sonda hədəfinə çatdı, ata vəsiyyətini həyata keçirdi, işğal olunmuş Azərbaycan torpaqlarını azad etdi. Bu arzuların üfüqlərindən ölkəmiz üçün yeni bir gələcək formalaşdırmağa başladı.

 

Tarixi dəyişən gün

 

8 Noyabr Zəfəri təkcə torpaqların işğaldan azad olunması deyil. Bir ordunun digər bir hərbi birləşməni tutduğu mövqelərdən, ərazilərdən qovub çıxarması deyil. Bu, haqqın nahaqq üzərində qələbəsidir. 30 ilə yaxın müddət ərzində pozulan, tapdanan, göz yumulan ədalətin öz yerini tutmasıdır. Bir gün haqsızlıqların aradan qalxacağına, işğalçıların, zalımların, Xocalı cəlladlarının layiq olduqları cəzanı alacaqlarına heç zaman səngiməyən, öləziməyən ümidin göyərib, boy göstərməsidir. Bu qələbə özümüzə qaytarılmış milli qürurumuzdur. Azərbaycan xalqının dikələn qəddidir. Gələcəklə bağlı qurulan yeni xəyallarımızdır. Milli birliyimizin gücüdür. Bu güclə bütün hədəflərə çata biləcəyimizə sarsılmaz inamımızdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tarix yazdı. Xalqımızın qalibiyyəti ilə yeni bir inkişaf yolu müəyyənləşdirdi. 44 günlük Vətən müharibəsi gedişində və əldə edilmiş Zəfərlə bütün dünya dövlət rəhbərimizi sanki yenidən tanıdı, onun liderlik potensialını, idarəçilik məharətini, bacarıqlarının sərhədlərini gördü. Prezidentimiz indiyə qədər hələ bir dəfə də olsun real əməllərlə nəticələnməyən vədlər verməyib. Nəyisə söz xatirinə söyləməyib. Yerinə yetirməyəcəyi niyyətləri dilə gətirməyib. Amma nəyi söyləyibsə, nələrin reallaşdırılacağını bildiribsə, onlar gec-tez öz yerini tapıb. Bu illər ərzində Azərbaycan Prezidentinin böyük inamla göstərdiyi hədəflər, ali məqsədlər sırasında torpaqlarımızın azadlığı da vardı. Buna inamını bildirirdi. Belə bir məqsədin gec-tez reallaşacağına biz də inanırdıq. Amma etiraf edək ki, çoxumuz bunun belə tezliklə baş verəcəyini güman etmirdik. Sonda məlum oldu ki, Prezident İlham Əliyev torpaqlarımızın işğaldan azad ediləcəyi barədə fikirlərini bildirərkən heç də uzaq gələcək haqqında deyil, yaxın perspektiv barədə danışırmış. Azərbaycanı addım-addım həm hərbi cəhətdən, həm siyasi-diplomatik yöndən, həm köklü islahatlarla təkmilləşdirilən idarəçilik istiqamətindən, həm cəmiyyətin milli birliyi baxımından bu möhtəşəm qələbəyə hazırlayırmış.

Gələcəyə aydın baxış, Liderin  təsəvvürdəkiləri reallığa çevirmək məharəti məhz budur!        

 

Güclü Lider, qalib Sərkərdə

 

Prezident İlham Əliyev XXI əsr tarixində siyasi liderliklə yanaşı, zəfər çalmış hərbi lider obrazını özündə birləşdirir. Bu isə Azərbaycan Prezidentinin potensialının daha bir hüdudsuzluğunun göstəricisidir. Dövlətimizin rəhbəri ən çıxılmaz məqamlarda, bəzən başqaları üçün həlli mümkünsüz görünən məsələlərdə belə qətiyyətlə məsuliyyəti öz üzərinə götürür və məqsədinə çatır.

Prezidentimizin hadisə və proseslərlə bağlı irəli sürdüyü təşəbbüslər, ortaya qoyduğu mövqe dəfələrlə özünü doğruldub. Eyni zamanda Ali Baş Komandan İlham Əliyev milli maraqlar məsələsində güzəştsiz mövqedə olduğunu hər zaman sübut edib. Bu da onu digər siyasi xadimlərdən fərqləndirən əsas liderlik xüsusiyyətlərindəndir. Siyasətdə sistemli, səbirli, soyuqqanlı, təmkinli və dəqiq olmasıdır. İmkanları, reallıqları düzgün dəyərləndirməyi bacarmasıdır. Azərbaycan Prezidenti nəyi, nə zaman edəcəyini yaxşı bilir və tarix onun verdiyi qərarların, atdığı addımların həqiqətən ən düzgün seçimlər, yanaşmalar olduğunu sübuta yetirir. Bir məqam da bəllidir ki, onun hər bir addımı Azərbaycanın milli maraqlarına uyğundur. Bu maraqlara zidd hər hansı bir yanaşmanı Azərbaycan Prezidenti heç zaman özünə rəva görməyib və görməyəcəkdir. Çünki ölkəmizin rəhbəri milli dövlətçilik tariximiz üçün kim olduğunun, onun şəxsində və müasir dünyamızın indiki reallıqları fonunda taleyin xalqımıza bəxş etdiyi şansın, imkanların fərqindədir. Zəfərlə bitən Vətən müharibəsi də bunu bir daha təsdiqlədi.

 

Dünyanın tanıdığı Azərbaycan

 

Cənab İlham Əliyev Prezident olduğu gündən Zəfər tarixinə qədər usanmadan, üzərinə yönəlmiş bütün təhdidlərə, təzyiqlərə rəğmən zərrə qədər də olsun güzəştə getmədi. İşğalçı Ermənistan və onun havadarları qarşısında bir addım da geri çəkilmədi. Qarabağ məsələsində Ermənistana, onun dəstəkçilərinə, supergüclərə qarşı qətiyyətlə mübarizə apardı, Azərbaycanın haqq səsini dünyaya çatdırdı. Aparılan işlər tədricən öz nəticəsini verməyə başladı. Səsimiz, sözümüz dünyada daha aydın eşidildi. Azərbaycan erməni lobbisinin illərlə ətrafımızda qurduğu məlumat blokadasını yardı. Beynəlxalq ictimaiyyət Qarabağ məsələsi ilə bağlı doğruları eşitməyə başladı. Ermənistanın işğalçı mövqeyi ifşa olundu. Azərbaycanın iqtisadi imkanları, qlobal rolu artdıqca dostlarımızın sırası da genişləndi. Hər kəs anlamağa başladı ki, regiondakı siyasi-iqtisadi maraqları bu bölgənin liderinə, əsas söz sahibinə çevrilmiş Azərbaycanın razılığı olmadan, bu ölkə ilə faydalı əməkdaşlıqlar qurmadan təmin etmək mümkün deyil. Ona görə də ölkəmizlə faydalı tərəfdaşlıq əlaqələri yaratmağa çalışanların, haqlı mövqeyimizi müdafiə etməyə başlayanların sayı artdı. Azərbaycan irəli sürdüyü və BMT kimi ali qurumlarda da yüksək səviyyədə təqdir edilən humanitar təşəbbüslərlə, aparılan sistemli işlə bütün dünyada sülh və tolerantlıq məkanı, fərqli sivilizasiyaların təmas mərkəzi kimi tanınmağa başladı. Ölkəmiz bütün dünyada multikulturalizm ideyalarını yayan, ali məqsədlərin, bəşəriyyətin xoş gələcəyi naminə xeyirxah niyyətlərin təbliğinə çalışan düşüncə mərkəzinə çevrildi. Dünya bizi mədəniyyətimizin zənginliyi ilə görüb tanıdı. Özü üçün yenidən kəşf etdi. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri, UNESCO və ICESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə dünya miqyasında icra olunan layihələr, mədəniyyət diplomatiyası işığında dünyaya əsl Azərbaycanı tanıtdı.

 

Erməni yalanlarının ifşası

 

Azərbaycan bütün bu nailiyyətlərə nail olduqca Ermənistanın ətrafındakı yalan, şər, böhtan, terror dairəsi daraldı. Dünya əsrlərdir uydurduğu saxta iddialara özünü məhkum etmiş bu ölkənin, xalqın bəşəriyyətə faşizmdən, dağıdıcılıqdan, vandalizmdən başqa nəsə vermək potensialına malik olmadığını getdikcə daha aydın şəkildə görməyə başladı. Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən qlobal layihələr, ölkəmizdə bütün dünyaya açılan və maraqlı tərəflərə faydalar yaradan inkişaf qapılarına rəğmən Ermənistan xəstə iddiaları ilə özünü dalana dirədi. Bütün inkişaf layihələrindən kənar düşdü. Ölkə səfalət girdabına yuvarlandı, işğalçı mövqeyinin bədəlini çox ağır şəkildə ödəməli oldu. Aclığın, yoxsulluğun, ümidsizliyin Ermənistanda yaratdığı mənəvi əhvalın ən bariz göstəricisi Vətən müharibəsi zamanı bu ölkənin ordusunda on minlərlə fərarinin olması idi. İnsanlar artıq saxta miflərə inanmırdılar. Erməni əsgərləri korrupsioner siyasətçilərin, illərlə döyüşçülərin yeməyini satıb özünə xaniman quran generalların əllərində alətə çevrilmək istəmirdilər. Anlayırdılar ki, Azərbaycanla bu münaqişə onlara lazım deyil. Bu mifləri uyduranlar, münaqişədən gen-bol istifadə edib özünə sərvət toplayanlar 1980-ci illərin sonlarında erməni xalqının başını belə yalanlarla qarışdırmışdılar ki, əgər Qarabağ onların olarsa, Azərbaycan torpaqlarını işğal altında saxlaya bilsələr, yağ-bal içində yaşayacaqlar. Müstəqillik dövründə isə ağlı başında olan ermənilər işğal altındakı torpaqlarda törədilən vandalizm əməllərini, Ermənistanda getdikcə dözülməz hal alan acınacaqlı durumu da görürdü, Azərbaycanın davamlı inkişafını, qısa müddətdə ölkəmizin əldə etdiyi nailiyyətləri də izləyirdi. Azərbaycan öz uğurları ilə Ermənistanın saxta miflərini puça çıxarırdı. Ölkəmizin güclənən əli düşmən dövləti bütün müstəvilərdə, bütün cəbhələrdə çıxılmaz vəziyyətə salırdı. Azərbaycan rəhbərliyi qətiyyətli mövqeyi ilə hər kəsdə belə bir əminlik yaradırdı ki, xalqımız bu haqq davasından heç zaman ötüb keçən deyil. Azərbaycan işğal altındakı torpaqlarını gec-tez azad edəcək.         

Sonda hədəfinə çatdı. Qarabağı, Şərqi Zəngəzuru azad etmiş Azərbaycan Prezidenti, qalib Sərkərdə kimi adını tarixə yazdı.

 

Mənəviyyat dərsi

 

Tarix şahiddir ki, Prezident İlham Əliyev bütün gücü ilə münaqişənin qansız, müharibəsiz həllinə çalışırdı. Çünki onun üçün insan amili hər şeydən üstündür. Müharibə tarixin özü deyil, onun sadəcə bir məqamıdır, deyirlər. Zamanın axarını lazımi istiqamətə yönləndirmək üçün bir təkandır. Heç bir xalq bütün həyatını müharibələr içində keçirməyib. Bu halda indiyə qədər həmin xalqdan əsər-əlamət qalmazdı. Dünya tarixinin xatırladığı müharibələrin heç biri xalqlara xoşbəxtlik gətirməyib.

Heç kim müharibə istəməz. İnsanların arzuladıqları əmin-amanlıqdır, xoşbəxtlikdir, rifahdır. Onu da xalqlara bəxş edənlər müdrik, uzaqgörən, ədalətli dövlət adamlarıdır. Azərbaycan Prezidenti İlham Əliyev ruhən, mənən sülh adamıdır. Çünki onun missiyası xalqına, dövlətinə, ümumən bəşəriyyətə fayda verməkdir. İnsanlar üçün daha gözəl bir dünyanın qurulması üçün çalışmaqdır. Təbiətin, insanın, elmin imkanlarını, müasir dünyamızın innovativ kəşflərini cəmiyyətin rifahına yönəltməkdir. Bu gün və gələcək üçün qurub yaratmaqdır. Bu isə ancaq sülh şəraitində mümkündür. Yalnız təhlükəsizlik zamanında qarşıya qoyulmuş inkişaf məqsədlərinə çatmaq, insan həyatında dayanıqlı yüksəlişi təmin etmək olar. Ona görə də dövlət başçısı regionda və dünyada daim sülhə çalışır.

Dövlət rəhbərimizin sülhə nə qədər sadiq olduğunu 44 günlük Vətən savaşı boyunca verdiyi bəyanatlar, yerli və xarici kütləvi informasiya vasitələrinə müsahibələrindən duymaq olardı. Prezidentimiz dünyanı sülhün, haqqın-ədalətin, insan hüquq və azadlıqlarının, inkişaf arzularının yanında olmağa səsləyirdi. Eyni zamanda belə bir həqiqəti də aydınlığı ilə göstərirdi ki, bu torpaqlarda sülhün yeganə yolu Azərbaycanın pozulmuş haqlarının bərpasından, işğalçıya öz yerinin göstərilməsindən, illərdən bəri yurd həsrəti ilə əziyyət, zillət çəkən soydaşlarımızın öz dədə-baba torpaqlarımıza qovuşmasından keçir. Hətta hərbi əməliyyatların ən gərgin çağlarında, işğalçı Ermənistanın ağlasığmaz azğınlıqları qarşısında insanlarımızın əsəblərinin tarıma çəkildiyi anlarda da Azərbaycan Prezidenti böyük təmkinlə öz sülhpərvər mövqeyini qoruyub saxlayırdı. Ermənistan hakimiyyətini yanlış yoldan çəkinməyə, onları hər iki tərəfdən itkilərin miqyası daha da böyüməmiş torpaqlarımızdan çıxmağa çağırırdı. Danışıqlar prosesində iştirak edirdi. Bununla belə hər zaman müharibə yolunun da istisna olmadığını bildirirdi. O, tam əminliklə bildirirdi ki, istənilən yolla Azərbaycanın suverenliyi, ərazi bütövlüyü bərpa ediləcək.

Tarixi qələbəmizdən sonra 44 günün bizim üçün xüsusi bir anlamı var. BMT kimi ali bir qurumun Ermənistanın işğalçı siyasətini pisləyən, onu Azərbaycan torpaqlarından çıxmağa çağıran, amma illərdən bəri icra olunmayan qətnamələrini dövlətimiz cəmi 44 gün ərzində özü yerinə yetirdi. Müharibəni də qayda-qanunlara uyğun apardı və bununla dünyanın müxtəlif ölkələrində günahsız insanların qanına susayan hər kəsə əxlaq, mənəviyyat dərsi keçdi.

 

İnformasiya savaşının qalibi

 

Vətən müharibəsi, bu müharibə nəticəsində əldə etdiyimiz möhtəşəm Zəfər milli birliyimizin təntənəsidir. Azərbaycan xalqının milli vəhdətinin rəmzidir. O tarixi günlərdə bütün xalq bir nəfər kimi Ali Baş Komandanla həmrəylik, birlik, inam, etibar, yüksək vətənpərvərlik, əzmkarlıq nümayiş etdirdi. Tam gücü, imkanları, inamı, güvəni ilə dövlət rəhbərimizin yanında oldu. Əli silah tutan hər kəs ordu sıralarına yazılmaq üçün növbəyə durdu. Bu, yeni şanlı tarixin başlanğıcı, İlham Əliyevin uğurlu siyasətinin nəticəsi və böyük liderin qələbəsiydi. Dövlət-xalq-ordu birliyi, Prezidentin siyasəti, xalqın liderinə olan inamı, Azərbaycan əsgərinin yüksək peşəkarlığı qarşısında Ermənistan kapitulyasiyaya məcbur oldu.

Həmin günlərdə Ali Baş Komandan İlham Əliyev mahir sərkərdə kimi təkcə döyüşləri idarə etmirdi, eyni zamanda özü də diplomatiya səngərində vuruşurdu, informasiya savaşı aparırdı, Ermənistanın və onun saysız-hesabsız havadarlarının media təxribatlarını uğurla dəf edirdi. Bəzi ölkələr tərəfindən Azərbaycana qarşı qərəzli informasiya müharibəsinin bir an dayanmadığı o günlərdə Prezident İlham Əliyev verdiyi müsahibələri, təmkinli, soyuqqanlı cavabları ilə təxribatçıları susdururdu. Azərbaycanın haqlı mövqeyini çatdırırdı. Düşmənin uydurma miflərini ifşa edirdi. Azərbaycanın ədalət uğrunda çarpışdığını bütün dünyaya dəqiq faktlar, tutarlı dəlillərlə sübuta yetirirdi.

Azərbaycan Prezidenti bu savaşın da qalibi oldu. Hər sözü, kəlməsi ilə Azərbaycanın mövqeyini çatdırdı. Xalqımızın ürəyindən xəbər verdi. İnsanlarımızın milli birliyindən, vətəndaşlarımızın öz Liderlərinə olan sarsılmaz dəstəyindən aldığı güclə, inamla həm döyüş meydanındakı düşmənlərimizi, həm də beynəlxalq siyasi arenalardakı, media qurumlarındakı bədxahlarımızı zərərsizləşdirdi. Azərbaycanın haqq işinə qərəzli yanaşanları elə haqqın dili ilə susdurdu.

 

Müqəddəs missiya

 

Azərbaycan Prezidenti bu gün Cənubi Qafqaz regionunda yeni bir tarixin əsasını qoydu. Zəfər tarixi dirçəliş tarixi ilə davam etdirilir. Əsgər və zabitlərimizin azad etdikləri torpaqlarımızda genişmiqyaslı quruculuq tədbirləri vüsət alır. Qüdrətli ordumuzun başladığı işi, qazandığı möhtəşəm Qələbəni güclü iqtisadiyyatımız, ölkəmizin iqtisadi qurumları davam etdirir. Dirçəliş layihələri ilə Azərbaycan tarixi Zəfərini daha da möhkəmləndirir. Bu torpaqların əsl sahiblərinin qayıtdığını bütün dünyaya göstərir. Tezliklə bu yerlər cənnətməkana çevriləcək. Ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə azad yurdlarımızda mədəni irsin bərpası, xüsusilə Azərbaycanın mədəniyyət paytaxtı elan edilmiş Şuşada mühüm işlər aparılır. Cəmiyyətimizdə fərqli mədəniyyətlərə hörmət ruhunu, tolerantlığı, multikultiralizmi təbliğ edən fəaliyyəti ilə milli birliyimizi daha da gücləndirir.

Azərbaycan Prezidentinin azad yurdlarımızı qısa müddətdə dirçəltmək əzmi, Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarında başlanan genişmiqyaslı bərpa-quruculuq prosesi, bu ərazilərin qlobal inkişaf tələblərinə uyğun “yaşıl enerji” zonasına çevrilməsi ilə bağlı atılan addımlar ölkəmizin firavan və təhlükəsiz gələcəyinə güclü təminat yaradır. Xüsusilə Cənubi Qafqazın geosiyasi taleyini müəyyənləşdirəcək, uzun fasilədən sonra regionda sülhü təmin edəcək Zəngəzur dəhlizinin yaradılması, kommunikasiyaların bərpası və yeni birgəfəaliyyət platformasının qurulması istiqamətində Azərbaycanın təşəbbüsləri, qəti addımları bölgəni bütün tərəflər üçün faydalı əməkdaşlıq mərkəzinə çevirir.

Azərbaycan Cənubi Qafqaz regionunun lideri kimi öz tarixi missiyasını uğurla yerinə yetirir. Bu tarixi günlər, bu tarixi reallıqlar Azərbaycan üçün çalışmış, Azərbaycanın taleyini düşünmüş bütün böyük şəxsiyyətlərimizin ən ali arzusudur.

 

İradə ƏLİYEVA

 

Azərbaycan.- 2021.- 14 noyabr.- S.1; 4