Vaksinasiya olunanların sayı getdikcə artır
Üçüncü doza
yaşlılar arasında
ölüm hallarını
azalda bilər
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVID-19-a yoluxma hallarının sayının yenidən rekord səviyyəyə yaxınlaşmasından ciddi narahatlıq keçirdiyini bəyan edib. Avropa regionunun 53 ölkəsində müşahidə edilən yoluxma halları arasında daha çox “Delta” ştamı üstünlük təşkil edir.
ÜST hələ noyabrın əvvəlində açıqladığı məlumatda son 4 həftə ərzində Avropada yeni COVID-19 hadisələrinin sayının 55 faizdən çox artdığını bildirmişdi. Daha çox narahatlıq doğuran isə yoluxanlar arasında yaşlı əhali qrupunun yenidən sürətlə artmasıdır ki, bu da xəstəliyin ağırlaşmasına və daha çox insanın ölümünə səbəb olur. Hazırda COVID-19-dan ölənlərin 75 faizi yaşı 65-dən yuxarı olan insanlardır.
Yoluxmaların böyük əksəriyyəti
peyvənd olunmamış şəxslərdə
müşahidə olunur
Peyvəndin qəbulunun aşağı olduğu yerlərdə - Baltikyanı, Mərkəzi və Şərqi Avropanın bir çox ölkələrində xəstəxanaya qəbul nisbətləri yüksəkdir. Mövcud yoluxmaların böyük əksəriyyəti peyvənd olunmamış şəxslərdə müşahidə olunur. ÜST hesab edir ki, insanların kiçik bir hissəsi - ciddi immun çatışmazlığı olan və ilk iki dozaya reaksiya verməyən insanların üçüncü dozaya (“buster” doza) ehtiyacı var. Ancaq peyvənd olunmuş insanların əksəriyyətində gücləndirici dozanın lazım olduğuna dair onlar tərəfindən qəti sübut əldə edilməyib.
Azərbaycanda Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi hələ bir necə ay əvvəl COVID-19 əleyhinə iki doza vaksin almış bütün tibb işçilərinin, yaşı 60-dan yuxarı olan əhalinin və immun sistemi zəif şəxslərin üçüncü doza ilə peyvəndlənməsini tövsiyə etdikdən sonra əlavə doza vurduran insanların sayı getdikcə artır. Lakin adları qeyd edilən kateqoriyaya daxil olan bəzi insanlar arasında üçüncü doza peyvəndin lazım olub-olmaması ilə bağlı ziddiyyətli fikirlər də özünü göstərir. Bu isə sözsüz ki, onları üçüncü dozanı qəbul etməkdən çəkindirir.
Mövcud şəraitdə üçüncü doza peyvəndin vurulması qış aylarında COVID-19-a yoluxma riskinin azalmasına və ya yoluxma zamanı xəstəliyin yüngül keçirilməsinə səbəb ola bilər. Bununla yanaşı, hazırkı pandemiya dövründə iki doza vaksinin qorunma üçün yetərli olmadığı da deyilir. ABŞ-ın Stanford Universitetinin tədqiqatçıları da apardıqları tədqiqat zamanı bu faktı təsdiqləyiblər. Araşdırmaçılar 46 nəfər orta yaşlı insanın və sağlam gəncin tamamlanmış peyvənddən bir müddət sonra və peyvəndin ikinci dozasından 6 ay sonra götürülmüş qan nümunələrini müqayisəli şəkildə təhlil edərkən peyvəndin təsir gücünün 6 aya yoxa çıxdığını müəyyən ediblər.
Türkiyənin Səhiyyə naziri Fahrettin Koca da nəzərə çatdırıb ki, vaksinin ikinci dozası ilə üçüncü dozası arasındakı müddətin uzadılması anticisimlərin səviyyəsini aşağı salır və peyvəndin qorunma gücünü zəiflədir. Bu səbəbdən üçüncü dozanın ləngidilmədən vurulması tövsiyə edilir.
Üçüncü doza vaksinin heç bir yan təsiri yoxdur
Türkiyə Səhiyyə Nazirliyinin Koronavirusla Mübarizə üzrə Elmi Komitəsinin üzvü professor Alper Şener bildirib ki, xəstəxanaya yerləşdirilənlər arasında iki doza peyvənd edilmiş, üçüncü doza vaxtının çatmasına baxmayaraq, onu qəbul etməyən xəstələr var. Bu xəstə qrupları qan təzyiqi, şəkərli diabet və ürək xəstəlikləri kimi ciddi yanaşı xəstəlikləri olan 65 və daha yuxarı yaşlı şəxslərdir.
Professor əlavə edib ki, iki doza peyvənd olunan insanların anticisimlərə qarşı reaksiyası dördüncü aydan sonra azalır, altıncı aydan sonra isə qorunma səviyyəsi xeyli aşağı düşür. Buna görə də xüsusilə 65 yaşlı qrup üç doza qəbul etməlidir: “Bir qrup düşünür ki, iki doza onları qoruyur, üçüncü dozanı almasınlar. Amma bu, düzgün deyil. İki dozanın qorunma dərəcəsi altı aydan sonra azalır. Hazırda elm dünyasının əlində olan məlumatlar açıq şəkildə göstərir ki, üçüncü doza qəbul edilməlidir və onun qəbulu xüsusi əhəmiyyət kəsb edir. Bütün Avropaya və ümumilikdə dünyaya nəzər saldıqda üçüncü doza strategiyasının geniş tətbiq edildiyini görmək olar. Türkiyənin də üçüncü doza strategiyası hazırda davam edir”.
A.Şener bu fikirdədir ki, pandemiyanın yox olması üçün peyvənd olunmamış qrupun peyvənd olunması, peyvənd olunanların isə üçüncü dozanı vurdurması vacibdir.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Yoluxucu xəstəliklər üzrə İşçi qrupunun rəhbəri, infeksionist Vasif Əliyev bildirir ki, iki doza vaksin yetərli antitel sayı yaradır, amma iki dozadan müəyyən vaxt sonra antitellərin miqdarı düşür. Üçüncü doza immun sistemdə antitellərin miqdarının düşməsinin qarşısının alınması üçün vurulur. “Buster” doza ikinci doza vaksindən 6 ay keçdikdən sonra tətbiq edilir.
İnfeksionist bunu da əmin edir ki, üçüncü doza vaksinin heç bir yan təsiri yoxdur: “Daha əvvəlki doza peyvəndlər necə təsir göstərirdisə, onun da təsiri o cür olur. Peyvəndə qarşı yan təsir özünü, əsasən, əvvəlki dozada göstərir. İlk dozada yan təsiri olmursa, sonradan hər hansı yan təsirlərin olma ehtimalı çox azdır”.
Yeri gəlmişkən, qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yeni nəsil vaksinlərin hazırlanmasını səbirsizliklə gözləyir. Təşkilatın baş elmi işçisi Sumya Svaminathan yeni nəsil peyvəndlərin həb və ya sprey formasında ola bilməsini də mümkün sayır. Onun qənaətincə, iynə şəklində olan peyvəndin tətbiqi səhiyyə müəssisələrinin yüklənməsinə səbəb olur. Amma peyvəndin həb və ya sprey formasında tətbiqi onun istifadəsini asanlaşdırar.
İlhamə İSABALAYEVA
Azərbaycan.- 2021.- 14 noyabr.- S.1; 8.