İstanbulda Zəfərimizin ildönümü
və Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə
musiqi axşamı keçirilib
İstanbulun tarixi Fişekhane səhnəsində Azərbaycanın İstanbuldakı Baş Konsulluğunun və Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun birgə təşkilatçılığı ilə 44 günlük Vətən müharibəsində əldə edilən şanlı Zəfərin birinci ildönümü və dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə musiqi axşamı keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbiri giriş sözü ilə Azərbaycanın İstanbuldakı baş konsulu Nərminə Mustafayeva açaraq, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə əməkdaşlıq çərçivəsində belə bir gecənin ərsəyə gəlməsinin mühüm önəm daşıdığını bildirib. Nərminə Mustafayeva Azərbaycanın Vətən müharibəsi dövründə qazandığı Qələbənin 30 illik həsrətə son qoyduğunu qeyd edib. O, böyük Zəfərin, eləcə də dahi Nizami yaradıcılığının ayrı-ayrılıqda türk dünyası üçün müstəsna əhəmiyyətindən söz açıb. Baş konsul tədbirin Azərbaycanın və Türkiyənin mədəni həyatını bir-birinə daha da yaxınlaşdıracağını vurğulayıb.
Tədbirdə çıxış edən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva bu ilin Azərbaycan və bütövlükdə türk dünyası üçün önəmli olduğunu qeyd edib. O, Azərbaycanın Ali Baş Komandanı İlham Əliyevin siyasi bacarığı, Azərbaycan Ordusunun gücü nəticəsində əldə edilən Qələbəni bütün Türklüyün Zəfəri adlandırıb.
Günay Əfəndiyeva əsrlərin müasiri olan, neçə-neçə nəsillərin yoluna işıq saçan Nizami Gəncəvinin yaradıcılığının bütün türk dünyasının bəşəri sərvəti olduğunu bildirib. Fondun fəaliyyəti haqqında məlumat verən Günay Əfəndiyeva təşkilat tərəfindən həyata keçirilən çoxsaylı layihələrdən birinin “Dədə Qorqud” kamera orkestrinin yaradılması olduğunu vurğulayıb.
Konsertdə Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov çıxış edərək, bu günlərdə İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşünün, “Korkut Ata” Türk Dünyası Film Festivalının, eyni zamanda Zəfər gününə və Nizami Gəncəviyə həsr olunmuş konsertin keçirilməsiylə bütün türk dünyasının bir yerə toplaşdığını vurğulayıb. Anar Kərimov Azərbaycanın əzəli torpaqlarının geri qaytarılmasında Türkiyənin dəstəyindən söz açıb. O, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən türk xalqlarının birliyi istiqamətində çoxsaylı layihələr həyata keçirildiyini qeyd edərək, tədbirin təşkilini yüksək qiymətləndirib.
Tədbirdə Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Ahmet Misbah Demircan da çıxış edib. Nazir müavini Azərbaycanın tarixi ədaləti bərpa edərək əldə etdiyi möhtəşəm Qələbənin bütün türk dünyasının qürur qaynağına çevrildiyini qeyd edib. Nizami Gəncəvinin zəngin irsindən söz açan Ahmet Misbah Demircan onun yaradıcılığının bütün dünyanın çərçivələrinə sığmadığını bildirib.
Nazir müavini keçirilən konsertin türk dünyasının mədəni həyatına mühüm töhfə verəcək tədbirlərdən olacağını deyib.
Tədbirdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov, Azərbaycanın Xalq yazıçısı Elçin Əfəndiyev, TÜRK PA-nın baş katibi Mehmet Süreyya Er, TÜRKSOY-un baş katibi Düsen Kaseinov, Türk Dövlətləri Təşkilatının sədr müavinləri Qismət Gözəlov və Ömər Kocaman iştirak ediblər.
Konsert Beynəlxalq
Türk Mədəniyyəti və İrsi Fondunun himayəsi
altında yaradılan, Azərbaycanın Xalq
artisti Yalçın Adıgözəlovun
bədii rəhbərliyi və dirijorluğu
ilə “Dədə Qorqud” kamera
orkestrinin bir-birindən maraqlı
ifaları ilə davam edib.
Gecədə Nizami Gəncəvinin
şeirlərinə yazılmış Üzeyir
bəy Hacıbəylinin, Qara Qarayevin, Fikrət Əmirovun, eləcə də
digər görkəmli bəstəkarların əsərləri
səsləndirilib. Tarda Azərbaycanın
Əməkdar artisti Əliağa
Sadıyevin, skripkada Rüstəm
Mustafanın, vokalistlər Selcan Nəsiblinin
və İsmayıl Zeynalovun ifaları tədbir
iştirakçıları tərəfindən alqışlarla
qarşılanıb.
Azərbaycan.- 2021.- 17 noyabr.- S.3.