Azərbaycanın xarici işlər
naziri ilə ABŞ Dövlət katibinin köməkçisi arasında telefon danışığı olub
Noyabrın 18-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Amerika Birləşmiş Ştatları Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid ilə telefon danışığı olub.
Nazirliyin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, Karen Donfrid Azərbaycan və Ermənistan sərhədində yaşanan gərginlikdən narahatlığını ifadə edib, hər iki tərəfi deeskalasiyaya və fikir ayrılıqlarını sülh yolu ilə həll etməyə çağırıb.
Nazir Ceyhun Bayramov son günlərdə Ermənistan tərəfindən məqsədyönlü şəkildə törədilən silsilə təxribatçı addımlar barədə qarşı tərəfə ətraflı məlumat verib. Nazir bölgədə vəziyyətin gərginləşməsi məsuliyyətinin bilavasitə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşdüyünü vurğulayıb.
Azərbaycanın beynəlxalq hüququn prinsipləri əsasında Ermənistanla delimitasiya prosesinə başlamağa hazır olduğu, lakin Ermənistan tərəfindən buna qarşılıq verilmədiyi qeyd olunub.
Telefon
danışığı zamanı tərəflər, həmçinin
üçtərəfli bəyanatların icrası və digər
regional təhlükəsizlik məsələləri
ətrafında fikir mübadiləsi
aparıblar.
Azərbaycan.- 2021.- 19 noyabr.- S.2.