Müstəqilliyimizin ən böyük
amnistiya aktı
Prezident İlham Əliyevin təşəbbüsü ilə Milli Məclis noyabrın 5-də “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” qərar qəbul etdi. Bu, şəxslərin sayına və əhatə etdiyi cinayət məsuliyyətindən və cəzadan azadetmə institutlarının dairəsinə görə Azərbaycanın tarixində tətbiq edilən ən böyük amnistiya aktıdır. Zəfər amnistiyası 17 min nəfər şəxsə şamil olunub.
Heydər Əliyevin əsasını qoyduğu
humanizm siyasəti
Azərbaycan müstəqillik yoluna qədəm qoyduqdan sonra ölkəmizdə insanlıq və humanizm prinsiplərinə xidmət edən xeyirxah tədbirlərin çox şahidi olmuşuq.
Bu sırada cəzasının müəyyən bir hissəsini çəkən və törətdiyi əməldən peşmançılıq keçirən məhkum olunmuş şəxslərin əfv edilməsi, bağışlanması, onlara yeni şans verilməsi artıq uzun illərdir ki, ənənəyə çevrilib. Bu ənənənin təməlini qoyan Ulu Öndər Heydər Əliyev əfvetmə institutunu da yaradıb, onun təşəbbüsləri ilə bu sahədə bir sıra tədbirlər həyata keçirilib.
Ulu Öndər tərəfindən 1995-2003-cü illərdə 32 əfv fərmanı imzalanıb, həmçinin 1993-2003-cü illərdə 7 dəfə amnistiya elan edilib. Bu mənada Ulu Öndər Heydər Əliyevin şəxsiyyətini dahi insan, əsl lider kimi xarakterizə edən ən mühüm keyfiyyətlərdən biri də onun humanistliyi, cinayət törətmiş və bu əməlindən səmimi peşmançılıq keçirən şəxsləri bağışlaması idi.
Təbii ki,
cinayət cəzasız qalmamalıdır. Hər bir cinayətin layiqli cəzası olmalıdır. Cəza hüququnun reallaşdırılmasında
ədalətə söykənmək
də Azərbaycanda Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu
humanizm siyasətinin əsas qayələrindən
biridir.
Onu da qeyd edək
ki, Azərbaycanda bərqərar olan humanizm siyasətinin nəticəsi olaraq ölkəmizdə ölüm
hökmü də aradan qaldırılıb. Respublikamızın adı Şərqdə
ilk olaraq bu cəzanı ləğv edən ölkə kimi tarixə düşüb. Əvvəlcə 1993-cü
ildə ölüm hökmü üzərində
moratorium qoyulub, 1998-ci ildə
isə bu cəza tamamilə ləğv edilib. Xatırladaq ki, cəmi bir il hakimiyyətdə olmalarına baxmayaraq, AXC-Müsavat iqtidarı bir neçə nəfərə ölüm
cəzası vermək
üçün imkan
tapmışdı.
İlham Əliyev
əfvetmə institutunun
çevik fəaliyyətini
təmin edib
Heydər Əliyevin
əsasını qoyduğu
humanizm ənənələri
Ulu Öndərin adına layiq
şəkildə davam
etdirilməkdədir. Prezident İlham
Əliyev hər zaman mərhəmət, insanpərvərlik və humanizm məfkurəsindən
çıxış edir,
Ulu Öndərin əsasını qoyduğu
bu ənənəni yaşadır və inkişaf etdirir. Dövlət
başçısı əfvetmə
institutunun çevik və işlək mexanizm əsasında fəaliyyətini təmin
edib. Səmərəli fəaliyyəti ilə
böyük nüfuz qazanmış əfvetmə
və bağışlama
institutu şəxsiyyətə
inam və hörmət, insanpərvərlik
ideyalarının cəmiyyətdə
geniş yayılmasına
kömək göstərir.
Törətdiyi cinayət əməlindən
səmimi peşmançılıq
keçirən, azad cəmiyyətə və
normal həyata qovuşmaq
istəyən məhkumların
əfvlə baglı müraciətləri daim nəzərə alınıb. Bundan irəli
gələrək İlham
Əliyevin imzaladığı
əfv fərmanları
ilə ailə vəziyyəti və həbsxanadakı davranışı
nəzərə alınaraq
neçə-neçə məhkum
cəzasının çəkilməmiş
hissəsindən tam və
ya qismən azad edilib, cəzaları
yüngülləşdirilib, minlərlə ailəyə
sevinc bəxş edilib. Əfv fərmanlarında törətdiyi
cinayət əməlindən
səmimi peşmançılıq
hissi keçirən məhkumların islah olunaraq layiqli vətəndaş kimi cəmiyyətə qovuşması,
bir daha cinayət əməli törətməməsi əsas
məqsəd kimi nəzərdə tutulub.
Xatırladaq ki, Milli Məclis 2007-ci ildə Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş, 2009-cu ildə Novruz bayramı münasibətilə, 2013-cü ildə Ümummilli Lideri Heydər Əliyevin 90 illik yubileyi münasibətilə
və 2016-cı ildə
28 May - Respublika Günü
münasibətilə amnistiya
elan edilməsi haqqında qərarlar qəbul edib. Bütün bu amnistiya qərarlarının
təşəbbüskarı isə Heydər Əliyev Fondunun prezidenti, o zaman Milli Məclisin deputatı olan Azərbaycanın Birinci-vitse
prezidenti Mehriban xanım Əliyeva olub.
Sonuncu amnistiya
aktı genişmiqyaslı
olması ilə seçilir
İndiyədək həyata keçirilən
11 amnistiya aktı 117
min 770 şəxsə şamil
edilib. 8 Noyabr - Zəfər
Günü münasibətilə
elan olunan amnistiya aktı isə genişmiqyaslı olması ilə seçilir. Bu amnistiya aktı penitensiar xidmət üzrə 5800 məhkuma,
probasiya xidməti üzrə isə 8800 nəfərə şamil edilib. Hazırkı amnistiyanın fərqi
həm də ondan ibarətdir ki, bu akt
qanuni qüvvəyə
minməmiş hökmlərə
və istintaq mərhələsində olan
işlərə də
aid edilib. Amnistiya aktının
icrası aidiyyəti orqanlar tərəfindən
dörd ayda başa çatdırılacaq.
Sonuncu amnistiya aktı dövlətimizin humanist siyasətinin
növbəti təzahürüdür. Bu qərar Zəfər gününün birinci ildönümündə cəmiyyətimizin
bayram əhvali-ruhiyyəsini
daha da yüksəltdi,
neçə-neçə ailəyə
səadət, sevinc bəxş etdi. Amnistiya aktına əsasən cəzadan azad edilmiş şəxslər
müasir Azərbaycan
dövlətinin layiqli
vətəndaşı olacaq,
qanunlara hörmət ruhunda davranaraq Vətənə və xalqa sədaqətlə xidmət edəcəklər.
Rəşad CƏFƏRLİ,
Azərbaycan.- 2021.-19 noyabr.- S.1; 4.