Cıdır düzündən görünən gələcək
Qarabağ Azərbaycandır!
Xalqımız Vətən müharibəsində qazandığımız Zəfərin birinci ildönümünü təntənə ilə qeyd etdi. Milli dövlətçilik tariximizin şərəf salnaməsi olan bu böyük hadisə əlamətdar bir tarixə çevrildi. Azad Şuşada üçrəngli bayrağımızın ucaldıldığı 8 Noyabr Zəfər Günümüz Azərbaycanın özü qədər əbədiyyətə qovuşdu. Nə qədər ki, Azərbaycan xalqı var, bu Zəfər böyük coşqu ilə qeyd ediləcək. Milli qürurumuzun təntənəsi kimi nəsilləri Vətənə sevgi ruhunda tərbiyələndirəcək.
“Zəfər” yolunun hekayəsi
Şuşa tarixən qeyrət qalamız sayılıb. Ruhumuzun şəhəri, mədəniyyət paytaxtımız olan Şuşa qələbəmizin də rəmzinə çevrildi. 8 Noyabr günü xalqımızın zəfəri Azərbaycanın hər yerində və əslində dünyanın azərbaycanlılar yaşayan bütün məkanlarında qeyd edilirdi. Bu münasibətlə müxtəlif mərasimlər təşkil olunmuşdu. Hər kəs fəxarət hissini, qürurunu, sevincini fərqli formada ifadə edirdi. Bu tədbirlərin, ümumxalq sevincinin ifadə formalarının hər biri doğma, əziz və dəyərli idi. Şuşada keçirilən Zəfər bayramının isə hüsnü tamam bambaşqa idi. Həmin gün nəbzimiz Şuşada döyünürdü. Bütün dünya azərbaycanlılarının gözü Şuşada idi. Əslində regiondakı proseslərə maraq göstərən hər kəsin nəzərləri Şuşaya yönəlmişdi. Azərbaycan Respublikasının Prezidenti, qalib Ordumuzun Müzəffər Ali Baş Komandanı İlham Əliyev də ölkəmizin birinci xanımı Mehriban xanım Əliyeva ilə birgə Zəfər bayramını Şuşada keçirirdi.
Bu gözəl məkana və ümumən işğaldan azad edilmiş yurdlarımıza bütün əvvəlki səfərləri kimi Azərbaycan Prezidenti indi də torpaqlarımıza abadlıq gətirmişdi. Bu səfəri ilə də quruculuğun, inkişafın, rifahın müjdələrini verirdi. Prezident İlham Əliyev Şuşaya gedərkən Qələbəmizin simvollarından olan “Zəfər” yolunun açılışını etdi. Bir il öncə qəhrəman əsgər və zabitlərimiz bu keçilməz yollarla gecə-gündüz irəliləyərək Şuşanın azadlığına nail olmuşdular. Onların misilsiz igidliyinin şahidinə çevrilən cığırların yerindən indi dağların qoynuna gümüş kəmər kimi dolanan rahat asfalt yol uzanıb gedir. Əsgər və zabitlərimizin qəhrəmanlıq yolunu indi qurucu insanlarımız davam etdirir. Bu, Azərbaycanın “Zəfər” yoludur, inkişaf yoludur. Bu yol qəhrəman övladlarımızın, qurucu insanlarımızın torpağın köksünə nəqş olunmuş əbədi imzasıdır. Bundan sonra minillər boyu hər dəfə o yoldan keçdikcə “Zəfər” yolunun hekayəsi xalqımıza böyüklüyümüzü, yenilməzliyimizi, qarşımızdakı hədəfləri xatırladacaq və yeni nəsillərimizə milli hədəflərə qovuşmaq üçün böyük mənəvi güc bəxş edəcək.
Cıdır düzündə əkilən fidanlar
Azərbaycan
Prezidenti Şuşada
Zəfər bayramı ərəfəsində Daşaltı məscidinin,
Şuşa Radio Televiziya Yayım Stansiyasının, Şuşa Rayon Mərkəzi
Xəstəxanasının təməlini qoydu.
Şuşadakı Aşağı Gövhər ağa məscidində, Mehmandarovların
malikanə kompleksində Heydər Əliyev Fondunun
apardığı bərpa işləri ilə
tanış oldu. VIII Qlobal
Bakı Forumunun Şuşaya
səfər etmiş
iştirakçıları ilə görüşərək
səmimi söhbət etdi. Azad yurdlarımızda aparılan quruculuq tədbirləri barədə onlara məlumat verdi. Cıdır düzündə ağaclar
əkdi. Şuşada basdırdığı
fidanlarla bu
torpaqların əsl sahibinin
qayıtdığını, bundan sonra Azərbaycan xalqının bu torpaqlarda əbədi
yaşayacağını və onun hər
daşını, ağacını, çiçəyini göz bəbəyi kimi
qoruyacağını, onlara yağı əlinin
dəyməsinə bir daha imkan verməyəcəyini
ana təbiətə müjdələdi. Xatırladaq ki, ermənilərin
Azərbaycan xalqına qarşı mənfur əməlləri,
separatçılıq fəaliyyəti 1988-ci ildə
Şuşadakı Topxana meşəsində
ağacların kəsilməsi ilə
başlamışdı. Ermənilər bununla
öz vandal xislətlərini
büruzə vermişdilər. Növbəti
onilliklərdə Azərbaycan torpaqlarında törədəcəkləri
genişmiqyaslı vandalizm fəaliyyətinin
ismarışını yetirmişdilər. Əfsuslar olsun ki, o
zaman Azərbaycana rəhbərlik edənlərin
qətiyyətsizliyi mənfur qonşularımızın bu əməllərinin qarşısını
almağa, o vaxt yeni-yeni baş qaldıran erməni faşizminin
əfi ilan kimi
başını əzməyə imkan
vermədi. Erməni faşistləri havadarlarının dəstəyi
ilə fəaliyyətlərini genişləndirdilər. Təxminən 30 il ərzində
başımıza olmazın müsibətlər
açdılar. İşğal etdikləri
yurdlarımızdakı qurulu evlərimiz,
şəhər, kənd və qəsəbələrimiz, tarixi abidələrimiz, müqəddəs məkanlarımız
kimi hətta ağaclara,
çaylara, dağa-daşa
da qənim kəsildilər. Vəhşi
qəbilə sürüsü kimi gözlərinə görünən,
gücləri çatan nə varsa, qırıb-çatdılar,
dağıdıb tökdülər.
Vətən müharibəsindəki Zəfərimizdən sonra artıq təbiət də nəfəs almağa başlayıb. Prezident İlham Əliyevin həmin gün Cıdır düzündə ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva ilə birgə əkdiyi fidanlar bu yerlərə həyatın qayıtmasının rəmzidir. O fidanlar tezliklə böyüyəcək, pərli-budaqlı ağaclar kimi boy göstərəcək. Zəfərimizi, qurucu əllərin gücünü hər kəsə xatırladacaq, Şuşadan, bu müqəddəs məkandan Yer üzünün ciyərlərinə azadlıq, inkişaf, xoşbəxtlik havası bəxş edəcək.
İradə ƏLİYEVA,
Azərbaycan.- 2021.- 19 noyabr.- S.7.