Azərbaycanın mədəniyyət paytaxtı

 

Şuşa öz növrağında idi. Qasım bəy Zakir, Firidun bəy Köçərli, Süleyman Sani Axundov, Haşım bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev, Yusif Vəzir Çəmənzəminli, Məhəmməd bəy Aşiq, Xan Şuşinski, Cabbar Qaryağdıoğlu, İslam Abdullayev, Fərhad Ağazadə, Nəriman bəy Nərimanbəyli, Üzeyir bəy Hacıbəyli, Ceyhun bəy Hacıbəyli, Xəlil İbrahimdaha neçə-neçə istedadlı yetirmələri ilə daha da məşhurlaşırdı bu şəhər...

Bir zamanlar çar Rusiyasının planı ilə Qarabağa, eləcə də Şuşaya köçürülən ermənilər isə bu yerlərin cah-cəlalına, maddi və mənəvi sərvətlərinə, əsrarəngiz gözəlliklərinə həsədlə baxırdılar. Onları özgə torpaqlarında məskunlaşdıranlara arxalanaraq yurd saldıqları yerləri erməniləşdirməyə çalışırdılar. Qarabağ tarixinin nəinki təhrif olunması, hətta tamamilə yanlış təqdim edilməsi məqsədilə yürüdülən siyasət illərlə, əsrlərlə aparılıb. Nəhayət, XX əsrin sonunda Azərbaycanın bu bənzərsiz bölgəsi xarici havadarlarına güvənən, onlardan hər cür yardım alan ermənilər tərəfindən işğal edilib. Qəsbkarlar bununla planlarının baş tutduğuna ümidləniblər. Ancaq sonunda yenə də haqq, ədalət qalib gəldi. 2020-ci il sentyabrın 27-də başlayan İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusu işğalçı Ermənistan silahlı qüvvələrinə tarixi dərs verdi.

Qədim qala şəhərimiz Şuşa 1992-ci il mayın 8-də yağıların əlinə keçmişdi. 2020-ci il noyabrın 8-də müzəffər Azərbaycan Ordusu Şuşanın işğalına son qoydu.

Prezident İlham Əliyev həmin gün Şuşa şəhərinin azad olunması münasibətilə xalqa müraciətində dedi: “İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, Zəfərimizin günüdür!” Strateji əhəmiyyətli Şuşanın Azərbaycan tarixində xüsusi yerinin olduğunu vurğulayan Azərbaycan Prezidenti bildirdi: “Bu, bizim qədim, tarixi şəhərimizdir. Əsrlər boyu azərbaycanlılar Şuşada yaşayıb, qurub, yaradıb. Şuşa nəinki Azərbaycanın, bütün Qafqazın incisidir. Ancaq mənfur düşmən Şuşanı işğal altında saxlamaqla bizim mədəni irsimizə böyük zərbə vurdu, bizim tarixi abidələrimizi dağıtdı, bizim məscidlərimizi dağıtdı, təhqir etdi. Biz indi Şuşaya qayıtmışıq. Bütün tarixi abidələrimizi bərpa edəcəyik... O cümlədən, Şuşada yerləşən məscidlərimiz əsaslı şəkildə təmir edilməlidir, bərpa olunmalıdır, onların öz siması qaytarılmalıdır”.

Şəhərə qədəm basan hər bir azərbaycanlının sevinc, qürur hisslərinə bir qüssə də qarışdı. Çünki ermənilərin Azərbaycan torpaqlarına vurduğu maddi və mənəvi zərər daha aydın göründü. Ermənistan Şuşa şəhərində otuz ilə yaxın Azərbaycan xalqının tarixi-mədəni irsinin məhv edilməsi siyasətini həyata keçirmişdi. Azərbaycanın incisi sayılan Şuşa şəhərində erməni vandalizminin davam etdiyi illər ərzində memarlıq abidəsi sayılan 170-dən çox yaşayış binası, 160-dək mədəniyyət və tarixi abidə, 7 məktəbəqədər uşaq müəssisəsi, 22 ümumtəhsil məktəbi, mədəni-maarif və kənd təsərrüfatı texnikumları, orta ixtisas musiqi məktəbi, 8 mədəniyyət evi, 14 klub, 2 kinoteatr, 3 muzey, turizm bazası, Şərq musiqi alətləri fabriki  dağıdıldı, məbədgah və məscidlər təhqir, çox sayda nadir əlyazma nümunələri məhv edildi, 20 kitabxana yandırıldı.

Erməni işğalından qurtulan Qarabağ qalib vətənimiz Azərbaycana qovuşduqdan dərhal sonra Prezident İlham Əliyev mühüm planların hazırlanaraq icra olunması barədə qərarlar verdi.

Olduqca əhəmiyyətli qərarlardan biri də dövlət başçısı İlham Əliyevin 2020-ci il mayın 7-də imzaladığı “Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi haqqında” sərəncamı oldu.

Bu gün Şuşada həyata keçirilən bərpa-quruculuq işlərinə böyük həssaslıqla yanaşılır. Şəhərdə tarixi-mədəni irsin bərpasına və qorunub saxlanmasına xüsusi diqqət göstərilir. Şuşanın tarixi görkəminin bərpası, əvvəlki şöhrətinin özünə qaytarılması və ənənəvi mədəni həyatına qovuşması üçün Azərbaycan dövləti tərəfindən möhtəşəm işlər həyata keçirilir.

Şuşanın şöhrətli günləri özünə qaytarılır. Şəhər yenidən Azərbaycanın mədəniyyət məbədi, musiqi beşiyi olacaq. İlk tədbirlər görülüb. Bu il Şuşada Vaqif Poeziya Günlərinin və “Xarı bülbülmusiqi festivalının bərpa olunması bunun nümunəsidir.

 

Z.FƏRƏCOVA

 

Azərbaycan.- 2021.- 19 noyabr.- S.7.