Zəfər Ordusu ayağa
qalxdı
İlham Əliyevin yaratdığı Qafqazın ən güclü silahlı qüvvələri
düşmənin istənilən təxribatını iflasa uğratmağa qadirdir
Vətən müharibəsindəki şanlı Zəfərimizin birinci ildönümünü böyük qürur hissi və iftixarla qeyd etdik.
İkinci Qarabağ savaşı və onun nəticəsi dünyaya praktik şəkildə nümayiş etdirdi ki, Azərbaycan yerləşdiyi regionun siyasi, iqtisadi və hərbi gücüdür. Bu Qələbə Azərbaycanın regiondakı lider və aparıcı dövlət kimi statusunu daha da gücləndirib möhkəmləndirdi.
İşğalçı Ermənistan Azərbaycan qarşısında cəmi 44 gün duruş gətirə bildi. İlham Əliyevin “dəmir yumruq” əməliyyatı erməni faşizminə elə sarsıdıcı zərbələr vurdu ki, rəsmi İrəvan hərbi kapitulyasiyaya getmək məcburiyyətində qaldı.
Erməni əsgəri yenə də silahını,
bayrağını atıb şərəfsizcəsinə
qaçır
Amma son günlər dövlət sərhədində baş verən erməni təxribatları onu deməyə əsas verir ki, 44 günlük savaşda başından aldığı zərbə bu ölkəyə yaxşı dərs olmayıb.
Noyabrın 16-da dövlət sərhədində Ermənistanın təxribatları nəticəsində baş verən döyüş əməliyyatları yenə də Azərbaycan Ordusunun üstünlüyü ilə nəticələnib. Düzdür, bu təxribatlar sayəsində yenə də şəhidlərimiz və yaralılarımız oldu. Amma son təxribatlar və ordumuzun adekvat cavabı bir daha göstərdi ki, yüksək döyüş ruhlu Azərbaycan əsgəri Vətən uğrunda canını fəda etsə də, ağır yaralansa da, torpağından bir addım belə geri çəkilmir. Necə ki, 44 günlük haqq savaşımızda torpaqlarımızın işğaldan azad olunması istiqamətində gedən döyüşlərdə ölümün gözünə dik baxaraq düşmən üzərinə şığıyan igidlər bu gün də savaş meydanında əsl qəhrəmanlıq nümayiş etdirirlər. Bu, bir daha Azərbaycan əsgərinin mətinliyinin, vətənpərvərliyinin əyani təzahürüdür.
Azərbaycan hərbçilərinə pusqu qurub təxribat törədən erməni əsgəri isə ilk həmlədə qorxusundan mövqeyini, silahını, bayrağını atıb şərəfsizcəsinə qaçır və ya ağ bayraq qaldıraraq təslim olur. Çünki Azərbaycan hərbçisinin nəyə qadir olduğuna 44 günlük Vətən müharibəsində şahidlik ediblər.
Onu da qeyd edək ki, baş verən təxribatdan sonra Azərbaycan Ordusu hər zaman olduğu kimi cavab tədbirləri görüb. Əvvəlcə qarşı tərəfin hərəkəti məhdudlaşdırılıb, onun qüvvə və vasitələrinə zərər vurulub. Görülmüş qəti tədbirlər nəticəsində Ermənistana məxsus tank əleyhinə qurğu və minaatan məhv edilib. Erməni hərbçilər tərk-silah edilərək saxlanılıb, xeyli sayda müxtəlif çaplı silah və külli miqdarda sursat qənimət kimi ələ keçirilib.
Bütün məsuliyyət Ermənistanın
hərbi-siyasi rəhbərliyinin üzərinə düşür
Həmin gün baş verən erməni təxribatı siyasi müstəvidə də ciddi narahatçılıq doğurub. Prezident İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə telefon danışığı zamanı qeyd edib ki, yaranmış vəziyyətə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Çünki dəfələrlə Ermənistan tərəfi Şuşa, Laçın, Kəlbəcər istiqamətində hərbi təxribatlara əl atıb və son genişmiqyaslı hücum noyabrın 16-da baş verib. Dövlətimizin başçısı Azərbaycan tərəfdən yaralıların olduğunu qeyd edərək Ermənistanın təxribatlarına adekvat cavab verildiyini vurğulayıb.
Müdafiə Nazirliyinin yaydığı məlumatda bilririlir ki, Ermənistanın dövlət sərhədində törətdiyi təxribat və hərbi avantüra tam iflasa uğrayıb. Hazırda Azərbaycan-Ermənistan dövlət sərhədində vəziyyət sabitləşib. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır. Azərbaycan Respublikasının Silahlı Qüvvələri ölkəmizin suveren ərazilərində xidmətini davam etdirir.
Lakin hər zaman təxribatlar törədən Ermənistana etibar qalmayıb. Üçtərəfli Bəyanatın müddəalarını yerinə yetirməkdən Boyun qaçırmaq bir yana, təxribatlarından da əl çəkməyən bir ölkə ilə yalnız güc dili ilə danışmaq lazım gəlir.
Noyabrın 8-də Şuşanın işğaldan azad edilməsinin birinci ildönümündə Zəfər qalamızda hərbçilər qarşısında çıxış edən Ali Baş Komandan məhz bu məsələyə toxunaraq vurğulamışdı ki, revanşist qüvvələrin istənilən təxribatına adekvat cavab veriləcək. Onların başı elə əziləcək ki, bir daha özlərinə gələ bilməyəcəklər.
Düşmənin son təxribatlarından görünür ki, hələ də məğlub ölkə aldığı dərsdən nəticə çıxarmayıb. Bütün bu proseslər isə yalnız Ermənistanın əleyhinə işləyir.
Çünki diplomatik müstəvidə Azərbaycana uduzan Ermənistan hərbi müstəvidə də bizdən qat-qat zəifdir. Azərbaycan ötən illər ərzində dünyanın ən güclü ordularından birini yaradıb. Son 18 ildə ölkəmizə 5-ci nəsil müasir silahlar, sursatlar, texnikalar gətirilib və hərbçilərimiz tərəfindən bu texnikalar layiqincə istifadə olunub. İkinci Qarabağ müharibəsi bunun əyani sübutudur. Azərbaycan Ordusu XXI əsrin savaşını gerçəkləşdirərək dünyaya gücünü nümayiş etdirib. Ordumuzun yeni müharibə modeli, yəni aparılan əməliyyatlar və savaşın nəticəsi bu gün də dünyanın hərbi analitikləri tərəfindən müzakirə olunmaqdadır. Bəzi mütəxəssislərin “smart müharibə” adlandırdıqları bu savaşda çox düzgün hesablama və konkret şərait üçün unikal bir strategiya tətbiq edilib. Pilotsuz uçuş aparatları isə yeni müharibə formatının bünövrəsini qoyub. Ordumuzun həyata keçirdiyi müasir döyüş taktikası dünya hərb praktikasında yeni nəsl savaşı kimi dəyərləndirilir.
Vətən müharibəsindən sonra müntəzəm olaraq qardaş Türkiyə Respublikasının Silahlı Qüvvələri, o cümlədən Pakistan Ordusu ilə “3 qardaş” birgə hərbi təlimlər, məşqlər keçirildi və beləliklə, ordumuzun həm texniki təchizatı, həm mənəvi-psixoloji ruhu, həm də döyüş qabiliyyəti böyük dərəcədə artdı.
Stokholm Beynəlxalq Sülh Problemlərinin Tədqiqi İnstitutunun 2019-cu il hesabatına görə, Azərbaycan ÜDM-də hərbi xərcləri 4 faiz və ondan çox olan 10 dövlət sırasında yer alıb. 2019-cu ilin göstəricilərinə əsasən, dünyanın ən güclü orduları sırasında Azərbaycan 52-ci, Ermənistan isə 96-cı mövqedə olub. Hava gücü üzrə Azərbaycan 63-cü, Ermənistan 86-cı yeri tutub. Dəniz gücü üzrə isə Azərbaycan 67-ci yerdə, Ermənistan isə dəniz ölkəsi olmadığından bu sahədə imkanları sıfra bərabər hesab olunub. Tank gücü üzrə isə Azərbaycan 32-ci, Ermənistan isə 2 dəfədən də aşağı göstəriciyə malik olub. Fərq göz qabağındadır. Əlavə şərhə ehtiyac yoxdur.
Əminliklə vurğulaya bilərik ki, 44 günə Azərbaycan qarşısında diz çökən Ermənistan növbəti dəfə belə təxribat törədəcəkcə, çox ağır və sarsıdıcı zərbə alacaq.
Rəşad BAXŞƏLİYEV
Azərbaycan.-
2021.-18 noyabr.- S.1; 3.