Baş nazirin müavini
Şahin Mustafayev
Rusiyanın müxtəlif sahələrdə fəaliyyət
göstərən şirkətlərinin rəhbərliyi ilə
görüşüb
Azərbaycan Respublikası Baş
nazirinin müavini Şahin Mustafayev noyabrın 17-də Rusiya
Federasiyasının nəqliyyat-logistika, ticarət və bank
sahələrində fəaliyyət göstərən
şirkətlərinin rəhbərliyinin daxil olduğu
nümayəndə heyəti ilə görüşüb.
Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycan-Rusiya əlaqələrinin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə olunub. Cari ilin 9 ayı ərzində iki ölkə arasında ticarət dövriyyəsinin 6 faiz artdığı xüsusi vurğulanıb. Bu baxımdan, müntəzəm şəkildə təşkil edilən qarşılıqlı biznes missiyaların rolu yüksək qiymətləndirilib.
İkitərəfli səmərəli investisiya əməkdaşlığının önəmi qeyd edilərək yeni birgə layihələrin reallaşdırılmasında qarşılıqlı maraq ifadə olunub. Bildirilib ki, Azərbaycanda Rusiya kapitalı ilə mindən çox şirkət və birgə müəssisə fəaliyyət göstərir. Bu baxımdan, Rusiya şirkətlərinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan yenidənqurma və bərpa işlərində iştirakı məmnunluqla vurğulanıb.
İki ölkə arasında nəqliyyat-tranzit sahəsində uğurla davam edən əməkdaşlıq yüksək qiymətləndirilib. Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin əhəmiyyəti vurğulanıb. Cari ilin 9 ayında dəhliz üzərindən yük daşımalarının həcminin 18 faiz artdığı bildirilərək Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi çərçivəsində əməkdaşlığın daha da möhkəmləndirilməsinin zəruriliyi diqqətə çatdırılıb.
Görüşdə iki ölkə arasında iqtisadi-ticari,
investisiya, nəqliyyat-logistika, maliyyə-bank
və digər sahələrdə əməkdaşlığın
genişləndirilməsinin perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Azərbaycan.-
2021.- 18 noyabr.- S.3.