Azərbaycan və Almaniya Xarici İşlər nazirlikləri arasında növbəti siyasi məsləhətləşmələr aparılıb

 

Noyabrın 16-da Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Almaniya Federativ Respublikasının Xarici İşlər Nazirliyi arasında növbəti siyasi məsləhətləşmələr keçirilib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, nümayəndə heyətlərinə Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Xələf Xələfov, Almaniya tərəfindən isə bu ölkənin Xarici İşlər Nazirliyinin Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya üzrə müvəkkili Matias Lüttenberq rəhbərlik ediblər.

Məsləhətləşmələr zamanı, iki ölkə arasında əlaqələrin hazırkı vəziyyəti təhlil olunub və əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılıb. İkitərəfli iqtisadi əlaqələr üçün geniş potensial imkanların mövcud olduğu qeyd edilib.

Həmçinin mədəniyyət, elm və təhsil sahələrində əlaqələr müzakirə edilib, Bakıda Alman Akademik Mübadilə Xidməti (DAAD) və Goethe Mərkəzinin fəaliyyətləri müsbət qiymətləndirilib.

X.Xələfov qarşı tərəfə 44 günlük Vətən müharibəsi və üçtərəfli bəyanatların imzalanmasından sonra bölgədə mövcud olan vəziyyət, işğaldan azad olunmuş ərazilərdəki dağıntıların miqyası və orada həyata keçirilən bərpa və yenidənqurma işləri barədə ətraflı məlumat verib.

M.Lüttenberq Azərbaycana səfərindən məmnunluğunu ifadə edib. Ölkəsinin Azərbaycanla müxtəlif istiqamətlərdə əməkdaşlığı inkişaf etdirməkdə maraqlı olduğunu bildirib.

Tərəflər, həmçinin Azərbaycan və Almaniya arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Görüşdə, habelə qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

Azərbaycan.- 2021.- 18 noyabr.- S.4.