Ombudsman Ermənistanın Azərbaycana qarşı növbəti
təxribatı nəticəsində hərbçilərimizin
şəhid olması və yaralanması ilə bağlı etiraz bəyanatı yayıb
Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva Ermənistanın ölkəmizə qarşı növbəti hərbi təxribatı nəticəsində hərbi qulluqçularımızın şəhid olması və yaralanması ilə bağlı etiraz bəyanatı yayıb.
AZƏRTAC bəyanatı təqdim edir: “Dərin təəssüf hissi ilə bildiririk ki, 2021-ci il noyabrın 16-da Ermənistan tərəfinin Azərbaycanın dövlət sərhədində törətdiyi genişmiqyaslı hərbi təxribat nəticəsində Azərbaycan Ordusunun 7 hərbi qulluqçusu şəhid olmuş, 10 nəfər isə yaralanmışdır.
Ermənistan tərəfinin ölkəmizin döyüş postlarını müxtəlif çaplı atıcı silahlardan, o cümlədən qumbara atanlardan, minaatan və artilleriya qurğularından istifadə etməklə intensiv atəşə tutması nəticəsində hərbi qulluqçularımızın qətlə yetirilməsini və yaralanmasını beynəlxalq hüququn hamılıqla tanınmış prinsip və normalarının, Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın şərtlərinin növbəti dəfə qəsdən pozulması faktı kimi qiymətləndirir və kəskin şəkildə pisləyirik.
Ermənistanın Azərbaycana qarşı qəflətən həyata keçirdiyi növbəti təcavüz aktının dünyada hamını bir-birinə dözümlülük nümayiş etdirərək mehriban qonşular kimi yaşamağa çağıran 16 Noyabr - Beynəlxalq Tolerantlıq Gününə təsadüf etməsi Ermənistanın digər dövlətlərlə və xalqlarla mehriban qonşuluq mühitində yaşamaq istəmədiyini bir daha sübuta yetirir.
Ermənistanın Azərbaycana məxsus torpaqları yenidən işğal etmək məqsədilə hücum əməliyyatlarına başlaması qeyri-tolerant imicə malik olan bu ölkənin beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərə və ümumbəşəri dəyərlərə hörmətsizliyinin bariz nümunəsidir.
Son dövrlər təcavüzkar siyasətindən hələ də əl çəkmək istəməyən Ermənistanın hərbi-siyasi rəhbərliyinin cəzasızlıq mühitindən bəhrələnərək Azərbaycanın dövlət sərhədində vəziyyəti daha da gərginləşdirməyə yönəlmiş təxribatçı hərəkətləri regionda yeni münaqişə ocaqlarının yaranmasına, insan hüquq və azadlıqlarının pozulmasına səbəb olmuşdur.
Beynəlxalq təşkilatlara və dünya ictimaiyyətinə müraciət edərək Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərini bir daha işğal etməyə çalışan, regionda ədalətli və dayanıqlı sülhün bərqərar olması üçün ciddi maneə yaradan, məcburi köçkünlərin öz doğma torpaqlarına geri qayıtmalarının qarşısını alan, fundamental insan hüquq və azadlıqlarını kobud şəkildə pozan Ermənistanın hərbi-siyasi rəhbərliyinin beynəlxalq hüquqi məsuliyyətə cəlb edilməsini tələb edirik”.
Bəyanat BMT-nin Baş katibinə, BMT-nin Təhlükəsizlik Şurasına, BMT-nin İnsan
Hüquqları üzrə Ali
Komissarına, BMT-nin Qaçqınlar
üzrə Ali Komissarına, BMT-nin İnsan
Hüquqları Şurasına, UNICEF-in, UNESCO-nun, Avropa
İttifaqının, Avropa
Şurasının, ATƏT-in rəhbərlərinə, Beynəlxalq
və Avropa Ombudsmanlar
institutlarına, Asiya Ombudsmanlar
Assosiasiyasına, İslam Əməkdaşlıq
Təşkilatına və bu quruma üzv dövlətlərin
Ombudsmanlar Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatının
Müstəqil Daimi İnsan
Hüquqları Komissiyasına, Avropa Uşaq Hüquqları
Ombudsmanları Şəbəkəsinə, Beynəlxalq Sülh Bürosuna,
müxtəlif ölkələrin ombudsmanlarına və milli insan hüquqları
institutlarına, Azərbaycan Respublikasının xarici ölkələrdəki və xarici ölkələrin respublikamızdakı
səfirliklərinə, Azərbaycanın diaspor
təşkilatlarına göndərilib.
Azərbaycan.-
2021.- 18 noyabr.- S.4.