Qəhrəmanlıq tale qismətidir
Haqqında kifayət qədər yazılmayan, döyüş yolları izlənilməyən neçə-neçə qəhrəmanlarımız var ki, onlardan biri də mayor Əfqan Qaraxan oğlu Hüseynovdur. 24 fevral 1963-cü ildə Bakı şəhərində fəhlə ailəsində anadan olub. 1970-ci ildə 109 saylı orta məktəbə gedib.
1980-ci ildə C.Naxçıvanski adına hərbi təmayüllü orta internat məktəbində təhsilini başa vurduqdan sonra Bakı Ümumqoşun Komandirləri Məktəbinə qəbul olunub və taqım komandirinin müavini təyin edilib. 1984-cü ildə SSRİ müdafiə nazirinin əmrinə əsasən, leytenant hərbi rütbəsi alan Əfqan Hüseynov 11 oktyabr 1985-ci ildən 25 iyun 1987-ci ilə kimi Əfqanıstan Demokratik Respublikasında gedən döyüşlərə qatılıb və ağır yaralanıb. Onun döyüş xidməti yüksək qiymətləndirilib - “Qırmızı ulduz” ordeni ilə təltif edilib.
1986-cı ildə baş leytenant rütbəsi verilən Əfqan Hüseynov 1988-ci ildə göstərdiyi nümunəvi xidmətlərə görə, “SSRİ Hərbi Silahlı Qüvvələrinin yaranmasının 70 illik “medalı ilə təltif edilib. 1988-ci ildə C.Naxçıvanski adına Bakı hərbi təmayülli məktəbdə bölük komandiri təyin olunanda kapitan hərbi rütbəsini alıb.
Yüksək hərbi biliyə malik bir zabit olduğu nəzərə alınaraq Hüseynov Əfqan Qaraxan oğlu 2 dekabr 1991-ci ildə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyində döyüş hazırlığı üzrə baş zabit vəzifəsinə təyin edilib. 1991-ci il dekabrın 25-də Azərbaycan Respublikası Milli Qvardiyasının yaranması ilə əlaqədar təşkili işlərə cəlb olunub. Burada qulluq etdiyi müddət ərzində bacarıqlı zabit kimi daim fərqlənib.
Milli Qvardiyanın şəxsi heyəti erməni təcavüzkarlarına qarşı gedən döyüş əməliyyatlarında da uğurla iştirak edib. 1992-ci ilin iyun ayında Füzuli bölgəsində yaranan ağır vəziyyət zamanı Milli Qvardiyanın şəxsi heyəti xüsusi fəallıq göstərib. Oranın bacarıqlı zabitləri və şəxsi heyəti, o cümlədən Əfqan Hüseynov döyüşə girərək erməni hərbi birləşmələrinə zərbə endirərək düşmənn hücumunun qarşısını alıb, onları geri oturdub. Bu döyüşlərdən sonra kapitan Əfqan Hüseynov mayor hərbi rütbəsinə layiq görülüb.
Gündən-günə mətinləşən, yüksək döyüş hazırlığına yiyələnən Milli Qvardiyanın nəzdində yeni alay yaranması məsləhət görüləndə Əfqan Hüseynov da diqqətdən kənarda qalmadı. Həmin alayın ilk komandiri də Əfqanıstan müharibəsində böyük döyüş təcrübəsi keçmiş mayor Ə.Hüseynov təyin edilib.
Cəbhə bölgəsindəki acınacaqlı vəziyyət yeni yaranmış alayın şəxsi heyətinin tam komplektləşdirilməsinə imkan verməyib. Qubadlı, Laçın bölgələrindəki vəziyyətlə əlaqədar alayın şəxsi heyəti, başda komandir Əfqan Hüseynov olmaqla, ön cəbhəyə göndərilib. Alay komandiri ilə birlikdə şəxsi heyət bu bölgədə düşmənlə üzbəüz döyüşərək, hücumun qarşısını alıb. 31 oktyabr 1992-ci ildə alay əks-hücumla düşmənin bir çox mövqelərini ələ keçirib, əsas qüvvəsini məhv edib, öz döyüş mövqelərini möhkəmləndirib.
Bu döyüşlərdə alay komandiri mayor Əfqan Hüseynov xüsusi fədakarlıq göstərib. Təəssüf ki, bu, alay komandirinin son döyüşü olub. 1 noyabr 1992-ci ildə alayın düşmən üzərinə yeni hücumu zamanı başından güllə yarası alan komandir şəhidlik zirvəsinə ucalıb. Şəhidlər xiyabanı şəhid komandirin də son ünvanına çevrilib.
Mayor Hüseynov Əfqan Qaraxan oğlunun igidliyi, qorxmazlığı, cəsurluğu Milli Qvardiyanın zabit və əsgərlərini ruhlandırıb. Sonrakı əməliyyatlarda onun kimi igidlərin intiqamını almaq arzusu ilə ağır döyüşlərə girərək, itkilər versələr də, neçə-neçə igidimizin qanını, qisasını düşməndən artıqlaması ilə alıblar.
Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin 9 mart 1995-ci il tarixli əmri ilə mayor Əfqan Hüseynov Milli Qvardiyanın şəxsi heyətinin siyahısına salınıb. C.Naxçıvanski adına liseydə və Xüsusi Dövlət Mühafizə Xidməti Milli Qvardiyada onun büstləri qoyulub.
Ailəli idi, bir qız yadigarı qalıb. Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 1995-ci il tarixli fərmanı ilə Əfqan Qaraxan oğlu Hüseynov ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına layiq görülüb. Ruhu şad olsun ki, illərlə işğalda qalan, uğrunda canlarını və qanlarını əsirgəmədikləri ana torpaq, Qarabağımız azadlığına qovuşub!
Leyla HƏSƏNOVA
Azərbaycan.-
2021.-18 noyabr.- S.6.