Lənkəranda şəhidlərin xatirəsinə daha bir abidə açılmışdır

 

Rayonun Girdəni kəndində 44 günlük Vətən müharibəsi şəhidlərinin xatirəsinə tikilmiş abidə-kompleksinin açılış mərasimi keçirilib. Mərasimdə şəhər rəhbərliyi, şəhid ailə üzvləri, Qarabağ qaziləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən ŞİH-in başçısı Taleh Qaraşov bildirib ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə rəşadətli ordumuzun erməni işğalçılarını darmadağın etdiyi 44 günlük Vətən müharibəsinin qələbə ilə başa çatmasından bir il ötür. Bu qanlı-qadalı müharibədə qəhrəmancasına vuruşaraq düşmənə sarsıdıcı zərbələr vuran igidlərimiz arasında lənkəranlı gənclərin də xüsusi yer tutduğunu vurğulayan natiq onların bir çoxunun vətən torpaqlarının işğaldan azad olunması yolunda həyatlarını qurban verib şəhidlik zirvəsinə yetişdiklərini, bir çoxlarının isə yaralanıb qazi olduqlarını bildirib. Lənkəranda Vətən müharibəsi şəhidlərinə və qazilərə böyük ehtiramın bəslənildiyini, xatirələrinin əbədiləşdirilməsi məqsədilə adlarına bulaqların tikildiyini, xatirə lövhələrinin vurulduğunu, ad və anım günləri ilə bağlı tədbirlərin, mərasimlərin keçirildiyini diqqətə çatdıran T.Qaraşov onların vətən qarşısında xidmətlərinin əbədi xatirə kimi bundan sonra da daim yaşayacağını, hər zaman gənc nəslə örnək olacağını söyləyib.

Sonra şəhid anası Bəyimağa Ağayeva, Girdəni kənd Ağsaqqallar Şurasının sədri Məmmədxan Kərimov və Girdəni kənd sakini  Namik Bağırov çıxış edərək Vətən müharibəsi şəhidlərinin qəhrəmanlığını yüksək dəyərləndirib və onların xatirəsinin əbədiləşdirilməsi sahəsində görülən davamlı işlərə görə ölkə Prezidentinə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

 

Azərbaycan.- 2021.-18 noyabr.- S.6.