Zəfərin humanizm səhifəsi
Qələbə münasibəti ilə elan
olunan amnistiya minlərlə
ailəyə ikiqat bayram
sevinci yaşadıb
Prezident İlham Əliyev Vətən müharibəsində qazanılan parlaq qələbənin bir ilini qeyd etdiyimiz bu təntənəli günlərdə həm də minlərlə ailəyə ikiqat bayram sevinci yaşatdı.
Şanlı Zəfərin birinci ildönümü ilə bağlı dövlət başçısı İlham Əliyev tərəfindən Milli Məclisə təqdim edilən və parlament tərəfindən qəbul olunan amnistiya aktı tariximizin ən böyük amnistiya aktı kimi humanizm dəyərlərinin, eyni zamanda Azərbaycan dövlətinin başlıca siyasətinin insanpərvərlik üzərində bərqərar olmasının təcəssümüdür.
Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu bu humanizm ənənələri Prezident İlham Əliyev tərəfindən də böyük həssaslıqla və uğurla davam etdirilir. Mərhəmət və humanizm kimi ali mənəvi keyfiyyətləri daim əldə rəhbər tutan İlham Əliyev bayramlar ərəfəsində, əlamətdar tarixi günlərdə ənənəvi olaraq əfv sərəncamları imzalayır və minlərlə ailəni sevindirir.
Prezident İlham Əliyev tərəfindən və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə qəbul olunan əfv və amnistiya aktları Azərbaycanda insan hüquqlarının etibarlı təminatına və demokratikləşməyə xidmət edən dövlət siyasətinin layiqincə davam etdirildiyini göstərir.
Son 18 ildə Prezident 35 əfv sərəncamı imzalayıb. Milli həmrəyliyə istiqamətlənmiş bu humanist addımlar ümumilikdə indiyədək 10 minə yaxın şəxsi əhatə edib. 2003-2021-ci illər ərzində Azərbaycanda həm də 4 dəfə amnistiya elan edilib.
Ümumilikdə müstəqillik dövründə Azərbaycanda 11 aministiya aktı, 67 əfv sərəncamı imzalanıb. Əfv olunanların sayı 5672, amnistiyaya düşənlərin sayı 40412 nəfər olub. Yəni əfv və amnistiya aktları ümumilikdə 46084 məhkuma şamil edilib.
Azərbaycanda mütəmadi olaraq həyata keçirilən amnistiya aktları, əfv sərəncamlarının imzalanması dövlətin öz vətəndaşlarına verdiyi dəyərin bariz nümunəsidir.
Prezident İlham Əliyevin humanizmə köklənmiş siyasəti minlərlə məhkuma insanlıq üçün ən böyük dəyər olan azadlıq bəxş edir. Həm də dövlət başçısının bu addımları törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirən günahkar şəxslərin islah olunaraq düz yola qayıtması, onların cəzaçəkmə müəssisəsindən çıxdıqdan sonra layiqli vətəndaş kimi cəmiyyətə inteqrasiya olunması, eyni zamanda bir daha cinayət əməli törətməməsi üçün tədbirlər görülməsi istiqamətində müstəsna əhəmiyyətə malikdir.
Reallıqdır ki, əfv sərəncamlarının verilməsi dövlətin üzərinə qoyulmuş bir vəzifə deyil. Amma Azərbaycan dövləti hər zaman bəşəri humanizm, insan hüquqlarına hörmət siyasəti nümayiş etdirir, sosial statusundan asılı olmayaraq hər bir vətəndaşına mərhəmət hissi ilə yanaşır.
İnsan amilinə dəyər baxımından atılan bütün bu müstəsna əhəmiyyətli addımlar onu da göstərir ki, Azərbaycan dövlətində hüquqi islahatlar da zamanın tələbinə uyğun olaraq təkmilləşdirilir.
Qələbəmizin bir ili münasibəti ilə 8 Noyabr - Zəfər Günü tarixinə həsr olunan amnisitiya aktı da həyata keçirilən humanizm siyasətinin uğurlu davamıdır. Amnistiya 5800 məhkuma, probasiya üzrə isə 8800 nəfərə şamil edilib. Bu, indiyə qədər qəbul olunmuş amnistiyalar sırasında öz əhatə dairəsinə görə ən geniş qərardır. Amnistiya aktına əsasən cəzadan azad edilmiş şəxslər müasir Azərbaycan dövlətinin layiqli vətəndaşı olacaq, qanunlara hörmət ruhunda davranaraq Vətənə və xalqa sədaqətlə xidmət edəcəklər.
Azərbaycanın 44 günlük Vətən müharibəsindəki şanlı Zəfəri xalqımızın özünə inamını, güvənini daha da artırıb, eyni zamanda Azərbaycan dövlətçiliyini daha da gücləndirib. Bu cür qürurlu bir mərhələdə Prezident İlham Əliyevin amnistiya elan etməsi Zəfər bayramı ərəfəsində xalqa böyük hədiyyə kimi dəyərləndirilir.
Dövlət başçısının çox sayda ailənin sevincinə səbəb olan bu xeyirxah əməli Azərbaycan dövlətinin sosial statusundan asılı olmayaraq bütün vətəndaşlarına diqqət və qayğısının parlaq təzahürüdür.
Yasəmən MUSAYEVA
Azərbaycan.- 2021.-18 noyabr.- S.1; 7.