UNICEF-in Azərbaycandakı nümayəndəsi Gəncəyə
səfər edib
UNICEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Aleks Heiken Gəncədə olmuşdur. O, səfər çərçivəsində şəhər icra hakimiyyətinin başçısı Niyaz Bayramovla görüşmüşdür.
Görüşdə N.Bayramov qonağın nəzərinə çatdırıb ki, Azərbaycanın hər yerində olduğu kimi, Gəncə şəhərində də dövlət tərəfindən uşaqlara xüsusi diqqət və qayğıkeşlik göstərilir. Şəhərdə 42 uşaq bağçası-körpələr evi, 45 ümumtəhsil məktəbi, uşaq evi, Gəncə SOS Uşaq Kəndi, Körpələr Evi və digər təhsil müəssisələrinin fəaliyyət göstərdiyini deyən ŞİH-in başçısı qeyd edib ki, 44 günlük Vətən müharibəsi dövründə Gəncə Ermənistan silahlı qüvvələri tərəfindən bir neçə dəfə raket atəşinə məruz qalmışdır: “Nəticədə 6-sı uşaq və yeniyetmə olmaqla 26 nəfər həyatını itirmiş, 29-u uşaq olmaqla ümumilikdə 130-a yaxın insan müxtəlif dərəcəli bədən xəsarətləri almışdır”.
Görüşdə o da bildirilmişdir ki, hazırda Gəncə şəhər, eləcə də Kəpəz və Nizami rayon icra hakimiyyətləri yanında yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar, eyni zamanda Kəpəz və Nizami rayon icra hakimiyyətləri yanında qəyyumluq və himayəçilik komissiyaları fəaliyyət göstərir. Bu qurumlar Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə sıx əməkdaşlıq edirlər. Bunlardan başqa, şəhərdə icma-əsaslı mərkəzlər də yaradılıb.
Qonaq Aleks Heiken 44 günlük Vətən müharibəsi zamanı baş verən faciələrlə bağlı üzüldüyünü dilə gətirmiş və qeyd etmişdir ki, hər bir uşağın sülh və əmin-amanlıq içində yaşamaq haqqı vardır.
Aleks Heiken Gəncəyə səfərinin əsas məqsədinin məktəbəqədər təhsillə yanaşı, icmaəsaslı erkən yaş dövrü üçün təhsil mərkəzlərinin yaradılması olduğunu diqqətə çatdırmışdır: “Təklifimiz əsasən erkən yaş dövrü üçün təhsil məsələləri ilə bağlıdır. Çünki məktəbəqədər təhsillə yanaşı, bizdə erkən təhsil anlayışı məsələsi də var. Bunun təmin olunması üçün isə icmaəsaslı erkən təhsil mərkəzləri yaradılır. Biz əsasən bu mərkəzlər şəbəkəsinin genişləndirilməsi məsələsinə diqqət yetiririk. Mərkəzlərin fəalliyyətinin davamlılığını təmin etmək üçün yeni təkliflər lazımdır. Bu baxımdan həmin mərkəzlərin sosial model kimi tətbiq edilməsini nəzərdə tuturuq. Beləliklə, artıq sözügedən mərkəzlər özləri sosial müəssisə kimi fəaliyyət göstərəcək. Burada yeni iş yerləri açılacaq, eyni zamanda özünüməşğulluq imkanları yaradılacaq. Mərkəzlər özünün maddi bazasını yaradaraq sosial müəssisələr kimi fəaliyyətlərini davam etdirəcək. Əsas hədəfimiz isə mərkəzlərin yeni bir mərhələyə çıxarılması, yeni fəaliyyətin təkmilləşdirilməsidir”.
Gəncə şəhər rəhbərliyi əməkdaşlıq təklifini müsbət qarşılamış və qeyd olunan istiqamətlərdə lazımi köməyin göstəriləcəyini bildirmişdir.
Sabir ƏLİYEV
Azərbaycan.- 2021.-23 noyabr.- S.4.