Ağdam Qarabağın iqtisadi-sənaye mərkəzi
olacaq
Bir il öncə azad olunan rayon indi genişmiqyaslı
quruculuq dövrünü yaşayır
Şuşa işğaldan azad edildikdən sonra növbəti istiqamət Ağdam idi. Plana görə, Azərbaycan hərbçiləri arxa hissədən gələrək erməni qruplaşmasını mühasirəyə alıb tam məhv edəcək və Ağdamı işğaldan azad edəcək idi.
Əgər Azərbaycan əvvəl bu istiqamətdən hücuma keçsəydi, çox şəhid verəcəkdik. Çünki ermənilər Ağdamda güclü istehkam qurduğu, həmin əraziləri çox minaladıqları üçün buradan hücum etmək böyük səhv olardı.
Ermənilərin manevr imkanlarını məhdudlaşdıran
plan
Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Vətən müharibəsi bitdikdən sonra əməliyyat planının bəzi detallarını açıqlayaraq bildirmişdi ki, erməni ordusunun əhəmiyyətli hissəsinin orada olması üçün Azərbaycan bu istiqamətdə də kifayət qədər böyük hərbi qüvvə saxlamışdır. Azərbaycan bununla ermənilərin manevr imkanlarını böyük dərəcədə məhdudlaşdırmışdı.
Ağdamın işğaldan azad edilməsi üçün bu planın icrasına ehtiyac qalmadı. Çünki Vətən müharibəsini qələbə ilə bitirən Azərbaycanın Ermənistana kapitulyasiya aktı imzalatması nəticəsində Ağdam Azərbaycana qeyd-şərtsiz geri qaytarıldı. 2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya prezidentləri və Ermənistan baş naziri arasında imzalanmış üçtərəfli Bəyanata görə, 20 noyabr 2020-ci il tarixinədək Ağdam rayonu ölkəmizə geri qaytarılmalı idi və qaytarıldı da.
Ağdam rayonunun bir güllə atılmadan işğaldan azad olunması tarixi hadisədir. İşğal edilmiş ərazilər arasında əhalisinin sayına görə ən böyük rayon olan Ağdamın döyüşlə işğaldan azad edilməsi müharibənin müddətini uzatmaqla yanaşı, Azərbaycanın hərbi, iqtisadi sahələrdə bir çox itkilərə məruz qalmasına, daha çox şəhid verməsinə səbəb ola bilərdi. Düşməni qarşısında diz çökdürən Azərbaycan isə Ağdamı bir şəhid vermədən belə azad edə bildi.
“Biz düşməni Ağdam istiqamətində aldada
bildik”
Hərbi ekspert Şair Ramaldanov deyir ki, üçtərəfli Bəyanat əsasında Ağdamın döyüşsüz işğaldan azad edilməsinin əhəmiyyəti həddindən artıq böyükdür. Ağdamın böyük yaşayış məntəqəsi olması, ermənilərin orada müdafiələrini güclü qurması bu rayonun döyüşlə alınması zamanı itkilərimizin də çox olacağına gətirib çıxaracaqdı: “Ali Baş Komandan düşmənin Ağdamın müdafiəsini daha yaxşı təşkil etdiyini və orada güclü mühəndis-istehkam sistemi qurduğunu bilirdi. Məhz buna görə də ordumuz o istiqamətdən hücum etmədi və Ali Baş Komandan orada düşmənin qüvvəsinin uzun müddət gərgin vəziyyətdə saxlanılmasına nail oldu. Düşmən Ağdamdan qüvvələrini çıxarıb başqa istiqamətə göndərmirdi, daim o istiqamətdən bizim hücumumuzu gözləyirdi. Azərbaycan Ağdam istiqaməti üzrə qüvvə saxlamışdı və orada da aktiv döyüşlər gedirdi. Sadəcə olaraq, Ordumuz orada irəliləmirdi. Ali Baş Komandanın qərarları ilə biz düşməni o istiqamətdə aldada bildik. Cənub, yəni düşmənin hücumun olmasını ən az ehtimal etdiyi istiqamətdə biz uğurlarımıza davam etdik. Ali Baş Komandanın cənub istiqamətdən hücumları davam etdirməsi düşmən üçün gözlənilməz olub”.
Ş.Ramaldanov bu fikirdədir ki, Azərbaycan düşmənin mövqeyini düzgün qiymətləndirdi və bundan çox düzgün, məharətlə istifadə etdi. Planın məharətlə icra edilməsində sərkərdənin xüsusi bacarığı mühüm rol oynayıb: “Bu müharibənin ümumi planına baxılarsa, Ağdam istiqaməti Şuşa, Xankəndiyə gedən yol baxımından daha əlverişli sayılırdı, çünki oradakı məsafə daha qısa idi. Düşmən də belə düşünürdü və əsas gücünü məhz Ağdam istiqaməti üzrə toplamışdı. Ancaq Azərbaycan düşmənin məhz belə düşündüyünü nəzərə alaraq, bütün vəziyyəti düzgün qiymətləndirdi və onları şahmat oyunundakı kimi mat vəziyyətinə gətirib çıxardı”.
Müharibədəki itkilərimiz ən azı 10 dəfə
çox ola bilərdi
Ş.Ramaldanov hesab edir ki, Azərbaycan müharibədən heç bir hesablamaya sığmayan minimum itkilərlə çıxdı. Ağdam, Kəlbəcər və Laçının hərbi əməliyyatlar yolu ilə azad edilməsinə nail olsaydıq, Vətən müharibəsindəki itkilərimizin ən azı 10 dəfə çox olacağı gözlənilirdi. Ağdamın hərbi cəhətdən çox güclü müdafiə edilməsi səbəbindən itkilərin çoxu bu istiqamətdə olacaqdı. Ağdam istiqamətində düşmənin daim “narahat edilməsi” və Azərbaycanın düşməndə bu istiqamət üzrə hücum əməliyyatının ola bilməsi fikrini yaratması onlara qüvvələrinin buradan ayrılıb başqa mövqeyə göndərilməsinə imkan vermədi. Bu isə taktiki cəhətdən çox düşünülmüş addım idi: “Ona görə də bizim döyüşlər zamanı aparılan taktiki gedişlər böyük dövlətlərin ali hərbi məktəblərində və akademiyalarında bir nümunə kimi öyrədilir. Müharibənin bitməsindən bir il keçməsinə baxmayaraq, hələ də bu taktikanın öyrənilməsi üçün müraciətlər davam edir. Zabitlərimiz xarici ölkələrə dəvət edilir və onlardan bu təcrübəni bölüşmək xahiş edilir. Bu taktika gələcəkdə dünyanın hərb tarixində də özünəməxsus yer tutacaq”.
Prezident İlham Əliyevin müharibədəki itkilərə çox həssaslıqla yanaşdığını nəzərə çatdıran Ş.Ramaldanov qeyd edir ki, Ali Baş Komandan həm müharibədən əvvəl erməni təxribatlarının qarşısının alınmasına, həm də Vətən müharibəsi zamanı hər bir insan itkisinə çox ciddi yanaşıb: “İtkilərin minimum olması üçün döyüş istiqamətlərinin müəyyən edilməsi, hücum planlarının hazırlanması zamanı düzgün qərarların verilməsi olduqca prioritet məsələ idi. İnsan itkisinin minimum olması üçün tapşırığın aliliyi saxlanılmaqla, əlavə tədbirlər də görülürdü. Digər tərəfdən, minimum itkilər Azərbaycan hərbçilərinin professionallığı, müasir döyüş texnikası ilə təchizat, hərtərəfli təminat nəticəsində mümkün oldu”.
Elə bir Ağdam quracağıq ki, dünya
üçün örnək olacaq
Azərbaycanın ən böyük yaşayış məntəqələrindən olan Ağdam uzunsürən döyüşlərdən sonra - 1993-cü il iyulun 23-də Ermənistan ordusu tərəfindən işğal edilib. Ən böyük yaşayış məntəqələrindən olan Ağdamın 73 faizi 27 il düşmənin nəzarəti altında olub. İşğaldan əvvəl Ağdam rayonunda 143 min insan yaşayırdı. Hazırda Ağdam sakinlərinin sayı 204 min nəfərdir.
Azərbaycan hələ işğal dövründə Ağdam rayonunun inkişafı ilə bağlı çox ciddi addımlar atıb. Vətən müharibəsindən əvvəl Azərbaycan nəzarəti altında olan ərazilərdə böyük quruculuq, abadlıq işləri aparıb. Ötən müddətdə Quzanlı faktiki olaraq Ağdam rayonunun mərkəzinə çevrilib. Rayonda 18 məcburi köçkün şəhərciyi salınıb və buraya 93 min insan yerləşdirilib. Görülmüş işlər və böyük investisiyalar hesabına bu gün Ağdam əhalisinin 45 faizi rayonun ərazisində yaşayır. Lakin çox tezliklə rayonun bütün sakinləri öz doğma-yurd yuvalarına qayıdacaqlar.
“Biz elə bir şəhər quracağıq, elə bir Ağdam quracağıq ki, bütün dünya üçün örnək olacaq”, - deyən Prezident İlham Əliyev ağdamlıların bundan sonra bu ərazidə əbədi yaşayacağını da bəyan edib.
Ermənilərin tamamilə
viran qoyduqları, bir salamat bina belə saxlamadıqları
Ağdamın yenidən qurulması üçün artıq
işlərə başlanılıb. Azad edilmiş ərazilər üzrə
ilk baş plan Ağdam rayonuna aid olub.
Ağdamın gələcək
ərazisi indikindən iki dəfə böyük olacaq. Yeni Ağdam
100 min nəfər sakin üçün
planlaşdırılır.
Ağdamın
şöhrəti özünə qayıdacaq
Xalq artisti Mənsum
İbrahimov 19 yaşınadək yaşadığı
Ağdamın işğaldan əvvəlki şöhrətinin
özünə qaytarılacağına, yenidən mədəniyyət
mərkəzinə çevriləcəyinə inanır.
Ağdamın işğalının
onun sənətinə də təsirsiz ötüşmədiyini
deyən M.İbrahimov hesab edir ki, rayonun işğalı gənc
muğam ifaçılarının sayının azalmasına
səbəb oldu: “Vaxtilə bizim muğamımıza gələn
“səs”lərin çoxu Ağdamdan idi. Ancaq son
illərdə bu “səs”lərin sayı azalmışdı.
Muğam müsabiqələrində bizə demək
olar ki, “səs” gəlmirdi. Buna görə
də biz çox əziyyət çəkirdik. Şükür ki, Müzəffər Ali Baş
Komandanın rəhbərliyi ilə o torpaqları azad etdik.
Cənab Prezidentin apardığı siyasət nəticəsində
bir şəhid belə vermədən Ağdam torpağı
işğaldan azad edildi. Mayın 28-də
Qarabağımızın döyünən ürəyi olan
Ağdamın tarixi təməlqoyma mərasiminə
şahidlik etmək mənim üçün böyük bir
qürurdur”.
Ağdamın çox
möhtəşəm layihəsinin olduğunu deyən
M.İbrahimovun fikrincə, doğma şəhəri dünyada
analoqu olmayan şəhər kimi qurulacaq. Bu şəhər həm qədimliyi,
həm də müasirliyi özündə saxlayacaq: “Eyni
zamanda orada Qarabağ Universiteti yaradılacaq. Bura
həm də mədəniyyət mərkəzi kimi fəaliyyət
göstərəcək. Ağdam hər
zaman sənət, mədəniyyət baxımından bir mərkəz
olub. Ağdamın yuxarı hissəsi həmişə
turizm bölgəsi olub. Hesab edirəm ki,
Ağdam dünyanın hər yanından ziyarət olunacaq
gözəl bir yer olacaq. Prezident İlham
Əliyevin sayəsində burada yenidən böyük
muğam festivalları, beynəlxalq tədbirlər keçirəcəyik”.
Ağdamda Milli
Konservatoriyanın filialının açılmasını
arzulayan xalq artisti orada musiqi, xüsusilə muğamla
bağlı bir çox layihələrin həyata
keçirilməsinin vacibliyini və bu layihələrdə
iştirak etməyə hazır olduğunu deyir.
İlham Əliyev
Ağdamı inkişaf və quruculuğun yeni rəmzinə
çevirib
Ağdam ziyalısı, rayonun 38
saylı orta məktəbinin direktoru Məsud Həmzəyev isə
deyir ki, şanlı Zəfərin, o cümlədən Qarabağin
giriş qapısı adlandırılan Ağdamın
işğaldan azad olunmasının bir ilinin tamamı
böyük fəxarət, qürur hissi ilə qeyd edilir.
Çünki bir il öncə 44 günlük Vətən
müharibəsində Ali Baş Komandan İlham Əliyevin əsl
sərkərdə qətiyyəti, liderlik qabiliyyəti, xalqın
mütəşəkkilliyi və insanların dövlət
başçısına olan inamı, sevgisi nəticəsində
30 illik yurd həsrətimizə son qoyuldu.
Məsud Həmzəyev qeyd edir ki,
Müzəffər Sərkərdəmiz və onun qüdrətli
ordusu düşmən tapdağında olan
torpaqlarımızı azad edərək Azərbaycan
xalqının arzusunu, xəyalını gerçəkləşdirdi:
“İndi doğma ocaqlarımıza gedən yollarımız
bütün genişliyi ilə üzümüzə
açılıb. Artıq yavaş-yavaş
hazırlaşıb doğma torpaqlarımıza dönmək
ovqatındayıq. Həsrətə,
intizara son qoyulur, ata-baba yurdumuzun isti qoynuna
qayıdırıq. Şükürlər
olsun ki, bu günü görmək, bu anın sevincini
yaşamaq bizə nəsib oldu. Yurd yerlərimizin
nisgilini çəkə-çəkə, qürbətindən
yanıb qovrula-qovrula gəlib bu xoş günə
çatdıq. Müzəffər Ali
Baş Komandan İlham Əliyevin qüdrətli Ordusu sürətli
əks-həmlələri ilə qısa müddət ərzində
qaçqınların torpaq nisgilinə son qoydu. Üzlərə, gözlərə qucaq-qucaq sevinc ələdi,
könüllərdəki sıxıntını, qubarı
şanlı Zəfərləri ilə təmizlədi. Ağdamın işğal altında olan bütün
əraziləri isə bir güllə atılmadan azad edildi.
Vətən müharibəsindəki Zəfərimiz
Ali Baş Komandanımızın əsl Sərkərdə qətiyyətinin,
Ağdamın azad olunması isə Prezidentimizin diplomatik məharətinin
təntənəsi oldu”.
M.Həmzəyev
işğaldan azad edildikdən sonra Ağdama səfər edən
ziyalılardan biridir. Amma uzun illərdir xəyalında
yaşatdığı əzəmətli Ağdamın əvəzinə
yerləyeksan edilmiş, viran qalmış bir şəhəri
görmək ona çox ağır təsir
bağışlayıb: “Dəhşətli mənzərə
ilə qarşılaşdım. O gözəllikdə şəhərdən
əsər-əlamət qalmamışdı. Ağdamın
görüntülərini televiziyadan, internetdən çox
seyr etmişdim. Ancaq
uşaqlığımın keçdiyi bir şəhəri
viran vəziyyətdə görmək mənə çox
ağır təsir etdi. İbrahimxəlil
xanın türbəsi, Xurşidbanu Natəvanın qəbirüstü
abidəsi dağıdılıb, Pənahəli xanın imarəti
təhqir edilib. Bütün bunlar ermənilər
tərəfindən törədilmiş vandalizmin göstəricisidir.
Bununla belə, içimdə qürur hissi də
var. Axı bütün hallarda Ağdam artıq bizdədir və
bu, yuxu deyil, reallıqdır. Bizə bu
sevinci, qüruru yaşadan, Ağdamı bizə qaytaran Müzəffər
Ali Baş Komandanımız İlham Əliyevə minnətdarıq.
Məhz cənab İlham Əliyevin
xilaskarlıq missiyası ağdamlılarda əbədi ehtiram
və sədaqəti daha da gücləndirib”.
M.Həmzəyev bir Ağdam
ziyalısı olaraq, hesab edir ki, tezliklə bütün
Qarabağda erməni rəzilliyindən,
barbarlığından əsər-əlamət qalmayacaq. Çünki cənab
İlham Əliyev Müzəffər Sərkərdə kimi 44
günə düşməni ildırım sürəti ilə
necə məğlub edibsə, o cür yenilməz ruhla da
işğaldan azad edilmiş ərazilərdə sistemli
quruculuq işlərinə başlayıb. İndi az qala bütün dünya Qarabağda bərpa-quruculuq
işlərinin birinci mərhələsinin necə geniş
vüsət almasına şahidlik edir: “Prezident İlham
Əliyev ilk olaraq Ağdam şəhərinin baş
planını təsdiq etdi və yeni qurulacaq müasir şəhərin
təməl daşını qoyaraq Ağdamı inkişaf və
quruculuğun yeni rəmzinə çevirdi. Yeni
qurulan Ağdamda müasirliklə tarixiliyin vəhdəti
öz əksini tapacaq. Özü də
daha möhtəşəm, daha əzəmətli”.
Onun sözlərinə
görə, Prezidentin verdiyi tapşırıqlar elə icra
edilməlidir ki, bütün proseslər vaxtında və
uğurla reallığa çevrilsin. Vətən müharibəsində
“dəmir yumruq” ətrafında birləşib qələbə
qazandığımız kimi, bundan sonra da bir olub, azad
edilmiş ərazilərimizin yenidən qurulması,
çiçəklənməsi üçün dövlətə,
Prezidentə dəstək olmalıyıq.
M.Həmzəyevin fikrincə,
bu prosesdə Ağdam ziyalılarının üzərinə
böyük məsuliyyət düşür. Ziyalılarımız,
xüsusən müəllimlər Ağdamın təhsilini, mədəniyyətini,
tarixini, adət-ənənəsini, iqtisadiyyatını, kənd
təsərrüfatını, bir sözlə, əvvəlki
şöhrətini özünə qaytaracaq gənc nəsil
yetişdirmək üçün
çalışmalıdırlar: “Bu gün məcburi
köçkün sayılmayan, torpağı azad olan
ağdamlıların yeni nəsil gəncliyi vətənpərvər
ruhda formalaşaraq yenilikçi ideyaları ilə həm də
rayonun təhsil ənənələrinin əvvəlki
şöhrətini qaytarmaq üçün əllərindən
gələni əsirgəməməlidirlər. Bugünkü şagirdlər artıq keçmiş
məcburi köçkünlərin övladları, Vətən
müharibəsindəki şanlı Zəfər
dövrünün uşaqlarıdırlar. Biz ziyalılar da çalışmalıyıq ki,
keçmişi unutmadan tariximizi olduğu kimi onlara
aşılayaq və gələcək nəsillər bizim
yaşadıqlarımızı bir daha yaşamasınlar”.
Ağdam ziyalısı əmindir
ki, Ermənistanın 30 ildə məhv etdiyi Qarabağı əsl
sahibləri qısa müddətdə yenidən dirçəldəcəklər. Şəhərlərimiz,
kəndlərimiz bərpa ediləcək və Qarabağa yenidən
işgüzar həyat qayıdacaq. 2-3 il
müddətində yeni, müasir Ağdam şəhəri
qurulub doğma sakinlərinə təhvil veriləcək.
Ağdam yenidən
xoşbəxt şəhər olacaq
Hüquq üzrə elmlər doktoru,
professor, Azərbaycan Milli Elmlər Akademiyası Azad Həmkarlar
İttifaqının sədri Habil Qurbanov uzun illər bir ovuc
torpağına həsrət qalan ağdamlıların indi
bütün Ağdama sahib olduğunu söyləyir: “Çox
yaşlı adamlardan eşitdiyim “Şükür, daha
arxayınam ki, mən öləndə öz kəndimizdə,
ata-babamın yanında dəfn olunacağam” sözləri məni
çox kövrəldir. İnanıram ki, bu
torpaqda əbədiyyətə qovuşub uyuyanların ruhuna
bir rahatlıq gəlib. Artıq onların
vandallar qarşısında müdafiəsiz qalan, dağıdılan
məzarları öz doğmaları tərəfindən
gül-çiçəyə qərq olacaq. Ağdamın yolunda canını fəda edən qəhrəman
igidlərin də ruhu rahatlıq tapıb. Onların
uğrunda şəhid olduqları bu torpaq artıq vandallardan
xilas olub. Mən ağdamlıların
adından bizə bu böyük sevinci bəxş edən,
yaşadığımız ağrı-acını, əzabları
unutduran Ali Baş Komandan İlham Əliyevə dərin minnətdarlığımı
bildirirəm. O, bütün dünyanın
tanıdığı, dəyər verdiyi böyük tarixi
şəxsiyyət, Azərbaycanın böyük xilaskar sərkərdələrindən
biridir”.
H.Qurbanov bunu da əminliklə
deyir ki, ağdamlıların hazırda yaşadığı
fərəh ölkəmizdəki böyük bir intibah
dövrünün hələ başlanğıcıdır.
Yeni Ağdamın təməlqoyma
mərasimində iştirak edən alimin sözlərinə
görə, onun doğma rayonunun adı yenidən bütün
dünyaya xoşbəxt şəhər kimi yayılacaq. Bütün
ağdamlılar Ağdam şəhərinin, kəndlərinin
quruculuğu yolunda əllərindən gələni edəcəklər:
“Artıq gənclər Ağdam şəhərini, kəndlərimizi
tezliklə tilsimdən çıxarmağa, onları yenidən
canlandırmağa, dünyanın ən gözəl məkanına
çevirməyə tələsirlər. Yaşlılar
onlara hər cür dəstək olmağa
çalışırlar. Ağdamın
yüksəlməsinə həm də muğamın ruhu
kömək edəcək”.
Prezident İlham Əliyevi
Qarabağdakı quruculuq işlərinin baş memarı sayan
H.Qurbanov bildirir ki, möhtəşəm şəhər
olacaq Ağdamda yeni parklar, meşələr salınacaq, kanal
çəkiləcək, gözəl layihələr əsasında
yeni evlər tikiləcək, köhnə abidələrin
hamısı bərpa olunacaq, Ağdamın təcavüz və
qələbə tarixini özündə yaşadacaq
“İşğal” və “Zəfər” muzeyləri
yaradılacaq.
Yenidənqurma işlərindən
sonra Ağdam Qarabağın ən böyük şəhəri
olacaq. Keçmişlə gələcəyin, qədimliklə
müasirliyin birləşəcəyi Ağdam həm də Azərbaycanın
6-cı ən böyük yaşayış məskəninə
çevriləcək.
Çox tezliklə təkcə
Ağdam deyil, işğaldan azad edilmiş Qarabağın digər
əraziləri də həyatın qaynar axınına
düşəcək, canlı yaşayış məskənləri
olacaq.
İlhamə İSABALAYEVA
Azərbaycan.- 2021.-20 noyabr.- S.1; 5.