Türk dünyası üçün möhtəşəm gələcək başlanır

 

Ötən əsrin sonlarından başlayaraq türkdilli dövlətlərin başçılarının zirvə görüşləri ortaq mənəvi irsin qorunması və təbliği baxımından mühüm rol oynayır.

 Zirvə görüşlərinin keçirilməsi, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) yaradılması, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) təşkili, Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) təsis edilməsi, Türk Akademiyası, Türk Mədəniyyət və Miras FonduTürk Biznes Şurası kimi təşkilatların qurulması eyni məqsədə xidmət edir. Bu qurumların fəaliyyəti türkdilli ölkələr arasındakı əməkdaşlıq münasibətlərini yeni təşkilati mərhələyə çatdırıb. Beləliklə, türk dövlətlərinin rəhbərləri siyasi, iqtisadi, mədəni və digər sahələrdə əlaqələrin güclənməsinə xidmət edən sistemli fəaliyyətin əsasını qoymaqla dostluq bağlarının möhkəmlənməsinə zəmin yaratmış olublar. Əsas məramı türkdilli ölkələr arasında hərtərəfli əməkdaşlığa yardım etməkdən ibarət olan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası da bu missiyanı yerinə yetirir. Təşkilatın noyabrın 12-də İstanbul şəhərində keçirilən VIII zirvə görüşü türk dünyasının tarixində möhtəşəm bir salnaməyə çevrildi. Tədbirin tarixi əhəmiyyəti təkcə onun türk dünyasının mənəvi mərkəzlərindən sayılan İstanbulda keçirilməsində deyildi. Eyni zamanda ötən bir neçə il ərzində şuranın əldə etdiyi parlaq nəticələrin, türk dövlətlərinin birliyi istiqamətində qazanılmış nailiyyətlərin bütün dünyaya təqdimatı baxımından önəmli idi. İstanbul görüşündə təşkilatın öz strateji məqsədlərinə doğru əzmlə addımladığı, artıq mühüm bir qlobal güc mərkəzinə çevrilməkdə olduğu göründü. Bu nailiyyətlərdə son illər Türk Şurasına rəhbərlik etmiş dövlətimizin və şəxsən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müstəsna xidmətləri olub. Azərbaycan Prezidentinin türk dünyasına ən böyük xidmətlərindən biri isə Vətən müharibəsində qazandığımız qələbədir.

Bununla bölgədə davamlı sülhə və sabitliyə yol açılmışdır. Uzun illərdən sonra türk dünyasının coğrafi birliyi üçün yeni tarixi reallıqlar yaradılmışdır. Bu tarixi xidmətləri nəzərə alaraq İstanbul zirvəsində dövlət başçısı İlham Əliyev Türk Dünyasının Ali Ordeninə layiq görüldü. Ali Ordeni Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan təqdim etdi. Dövlət rəhbərimizin bu ali mükafata layiq görülməsi təklifi də məhz Türkiyə Respublikasının Prezidentindən gəlmişdir. Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin, Qırğız Respublikasının Prezidenti Sadır Japarovun, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin imzaladığı qərarda bununla bağlı yazılır: “Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan Zati-aliləri İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasının ərazilərinin işğaldan azad edilməsini və ərazi bütövlüyünün bərpasını təmin edərək türk birliyinə mühüm töhfə verən və bölgədə davamlı sülhsabitliyin əldə olunmasına yol açan tarixi qələbəyə görə Dövlət Başçıları Şurası Türkiyə Respublikasının Prezidenti Zati-aliləri Rəcəb Tayyib Ərdoğanın təklifi ilə Zati-aliləri İlham Əliyevin böyük şərəflə Türk Dünyasının Ali Ordeni ilə təltif edilməsi haqqında qərar qəbul etmişdir”.

 

“Xarıbülbül” - türk dünyası üçün Zəfərin müjdəçisi

 

Ali mükafatı Azərbaycan Prezidentinə təqdim edərkən Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan vurğuladı ki, Qarabağda təxminən otuz il davam edən işğala Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə 44 gündə son qoyulması bütün türk dünyası üçün böyük əhəmiyyət daşımaqdadır. Vətən müharibəsi nəticəsində illərdir tətbiq olunmayan BMT Təhlükəsizlik Şurasının qətnamələri həyata keçirilib. Azərbaycan bu yolla beynəlxalq ictimaiyyətin yaddaşına ədalət mesajını həkk edib. Azərbaycanın ərazi bütövlüyünü yenidən təmin etməsi türk aləminin birliyini və bərabərliyini genişləndirib. Qarabağın azadlığının rəmzi olan “Xarıbülbül” türk dünyası üçün Zəfərin müjdəçisi olub. Qarabağ Zəfəri ilə təkcə işğal altındakı torpaqlar azad edilməyib, eyni zamanda bölgəmizdə həsrətini çəkdiyimiz davamlı sülh, sabitlik və əməkdaşlığa gedən yolun da önü açılıb”, - deyə cənab Rəcəb Tayyib Ərdoğan bəyan edib.

İstanbul zirvəsinin əhəmiyyəti həm də bundadır ki, Şuraya sədrlik son onilliklərdə qoşa qanad kimi türk dünyasının birliyi üçün çalışan, bütün bəşəriyyətə qardaşlığın, qarşılıqlı inamın, güvənin, xoş gündə də, dar məqamlarda da bir-birinə həyan olmağın nümunəsini göstərən Azərbaycan və Türkiyənin birindən digərinə ötürüldü. Sədrlik qurumun son illərdəki tarixi nailiyyətləri və növbəti uğurlar üçün formalaşdırılmış möhkəm əsaslarla Azərbaycandan Türkiyəyə keçdi. Bundan sonrakı mərhələlərdə də hər iki ölkə bu qurumda bir araya gələn digər dövlətlərin dəstəyi, irəli sürülən təşəbbüslərin yerinə yetirilməsində fəal iştirakı ilə türk dünyası adına böyük töhfələr verəcəklər. Bu, minilliklər əvvəldən başlanmış ortaq tariximizin türk dövlətləri üzərinə qoyduğu müqəddəs strateji missiyadır. Azərbaycan və Türkiyə bu missiyanı müasir dövrümüzdə yenidən aktuallaşdıraraq keçmişdən gələcəyə daşıyır və digər türk dövlətlərini də onun işığında bir araya gətirir.

 

Möhkəm təməllər

 

Tarixə ekskurs edərək yada salaq ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası türkdilli ölkələrin dövlət başçılarının 3 oktyabr 2009-cu il tarixdə Naxçıvan şəhərində keçirilən Zirvə görüşündə imzalanmış Naxçıvan Sazişinə əsasən yaradılmışdır. Buna qədər müxtəlif illərdə türkdilli ölkələrin dövlət başçılarının görüşləri keçirilmişdi. İlk belə görüş 1992-ci ildə Ankarada, sonrakı toplantılar 1994-cü ildə İstanbulda, 1995-ci ildə Bişkekdə, 1996-cı ildə Daşkənddə, 1998-ci ildə Astanada, 2000-ci ildə Bakıda, 2001-ci ildə İstanbulda və 2006-cı ildə Antalyada təşkil olunmuşdu. Naxçıvan Sazişi isə 2009-cu ilin oktyabrından başlayaraq türk dövlətləri arasında əməkdaşlığın təsisatlanmış yeni formatının əsasını qoydutürk dünyasının birliyinə doğru tarixi bir səhifə açdı. Naxçıvan zirvəsindəki çıxışı zamanı Azərbaycan Prezidenti İlham Əliyev türk dövlətləri arasında sosial-iqtisadi, mədəni sahədə əməkdaşıq üzrə qazanılmış uğurlara toxunmuş, münasibətlərin inkişafı və bundan əldə ediləcək faydalarla bağlı strateji baxışlarını ortaya qoymuşdu. Dövlət rəhbərimiz  qeyd etmişdi ki,  beynəlxalq müstəvidə öz mövqeyini müdafiə etmək bəzi hallarda o qədər də asan olmur. Əgər türk dövlətləri birlikdə olsalar, müəyyən məsələlərdə vahid mövqedən çıxış etsələr və bu birlik mütəmadi işlərlə möhkəmləndirilsə, bizim beynəlxalq mövqelərimiz daha da güclü olacaq.

Bu möhtəşəm qurumun çərçivəsində həyata keçirilən tədbirlər, möhkəmlənən əməkdaşlıqlar da türk dövlətlərinin birliyi üçün formalaşdırılan ümumi geostrateji mənzərənin mühüm bir parçasıdır. Təşkilatın əsas məqsədi türkdilli ölkələr arasında hərtərəfli əməkdaşlığa yardım etməkdir. Tərəflər arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi, regiondadünyada sülhün bərqərar edilməsi, xarici siyasət məsələlərinə ortaq yanaşmanın təşviqi, beynəlxalq terrorizm, separatçılıq, ekstremizmtransmilli cinayətkarlığa qarşı mübarizənin əlaqələndirilməsi, ortaq maraq kəsb edən bütün sahələrdə regional və ikitərəfli əməkdaşlığın gücləndirilməsi bu qurumun əsas məqsədləridir.

Türk dövlətlərinin birliyi kiminsə marağına toxunan, hansısa ölkələrin imkanlarını məhdudlaşdıran, yaxud milli zəmində ayrı-seçkiliyə yol açan təşəbbüs deyil. Əksinə, qurumun məqsədlərindən də göründüyü kimi, burada əsas niyyət bəşəriyyətə xidmətdir. Sülhə, davamlı inkişafa töhfə verməkdir. Hər kəs üçün daha gözəl bir dünyanın qurulmasına çalışmaqdır.

 

Səmərəli keçən 2 il

 

Türkdilli dövlətlər arasında əməkdaşlığın inkişafı Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biridir. Onları birləşdirən ortaq soy-kök, tarix, mədəniyyət və milli dəyərlər ökələrimizin qarşılıqlı səmərəli fəaliyyətinin əsasını təşkil edir.

Azərbaycanın son iki il ərzində Türk Şurasına sədrliyi kifayət qədər uğurlu olmuşdur. Yada salaq ki, sədrlik Azərbaycana qurumun 2019-cu ilin 15 oktyabrında Bakıda təşkil olunmuş VII Zirvə Görüşündən sonra keçdi. Ötən müddət COVID-19 pandemiyası dövrünə təsadüf etsə də, bu iki ildə təşkilat çərçivəsində mövcud istiqamətlərə əlavə olaraq, səhiyyə, miqrasiya, kənd təsərrüfatı, energetika, media, prokurorluq, ədliyyə və humanitar sahələrdə yeni əməkdaşlıq mexanizmləri quruldu.

2020-ci il aprelin 10-da Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Türk Şurasının COVID-19 pandemiyasına həsr olunmuş fövqəladə Zirvə Görüşü keçirildi. Dövlət başçıları bəşəriyyəti ağır sınaqlarla üz-üzə qoyan bu xəstəliklə mübarizə çərçivəsində birgə tədbirlərə dair fikir mübadiləsi apardılar. Qarşıya qoyulan hədəflər müzakirə edildi. Yekunda isə Bakı Bəyannaməsi qəbul olundu.

Türkdilli dövlətlər arasında media sahəsində əməkdaşlıq da olduqca önəmlidir. Belə ki, artıq Azərbaycan və Türkiyə arasında media platforması yaradılmışdır. Bu xüsusda 2021-ci il aprelin 10-da Bakıda keçirilmiş Türk Şurasının mediadan məsul nazir və rəsmilərinin iclası xüsusi əhəmiyyət daşıyır. Həmin iclasda qəbul edilmiş qərarlara müvafiq olaraq, 22-24 oktyabr tarixlərində İstanbul şəhərində “Dərin kökə sahib keçmiş, güclü gələcək” mövzusunda Türk Şurası Media Forumu təşkil olunmuşdur. Təhsil sahəsində əməkdaşlıq da uğurla davam etdirilməkdədir. Təşkilat çərçivəsində gənclər sahəsində əməkdaşlığa xüsusi önəm verilir. Azərbaycanın sədrliyi dövründə Türk Şurasının institusional inkişafı ilə əlaqədar müzakirələr davam etdirilmişdir.

İstanbul Zirvə Görüşündə Türk Şurasının “Türk Dövlətləri Təşkilatı” adlandırılmasına dair qərar qəbul edilmişdir. Bu dəyişiklik təşkilatın beynəlxalq nüfuzunun artırılmasına və digər tanınmış təşkilatlarla əlaqələrinin genişlənməsinə xidmət edəcəkdir. Daha sonra Türkmənistana Türk Dövlətləri Təşkilatında müşahidəçi statusunun verilməsi haqqında, Türk Şurası VIII Zirvə Görüşünün Bəyannaməsi, “Türk dünyasına baxış - 2040” sənədinin qəbulu ilə bağlı, “Türk dünyasının birliyinə verdiyi töhfələrə görə” Türk Dövlətləri Təşkilatının Əlişir Nəvai adına Beynəlxalq Mükafatı haqqında və s. qərarlar imzalanmışdır. Bütün bunlar təşkilatın qarşıya qoyduğu məqsədlərə çatmasına, böyük strateji hədəflərin addım-addım reallığa çevrilməsinə kömək göstərir. Aparılan təhlillər bir daha sübuta yetirir ki, türk dövlətlərinin ortaq keçmişdən ortaq gələcəyə doğru birgə irəliləməsi ideyası xəyal deyil, reallıqdır. Bu reallığın formalaşdırılmasından ötrü əməli addımlar atılır, nəticələr əldə olunur, qazanılmış hər nailiyyət növbəti uğurlarla möhkəmləndirilərək daha da inkişaf etdirilir. Burada türk dünyasının birliyi üçün bütün gücünü, imkanlarını ortaya qoyan Azərbaycanın müstəsna xidmətləri var.

 

Yeni nəfəs

 

Azərbaycanın Türk Şurasına sədrliyi dövrünün ölkəmiz üçün ən önəmli hadisələrindən biri də 44 günlük Vətən müharibəsində qələbə qazanaraq ölkəmizin ərazi bütövlüyünü bərpa etməyimizdir. Müharibə dövründə türkdilli dövlətlərin xalqları da Azərbaycana ardıcıl dəstək vermiş, ölkəmizin Zəfəri türk dünyasında birliyin və həmrəyliyin daha da gücləndirilməsində mühüm rol oynamışdır. Ölkəmizin beynəlxalq hüquqa və ədalətə əsaslanan mövqeyi Türk Şurası Katibliyi tərəfindən davamlı olaraq dəstəklənmişdir. 2020-ci ilin iyul ayında Ermənistanın Azərbaycanla dövlət sərhədi boyu Tovuz rayonu istiqamətində törətdiyi təxribat barədə, 44 günlük müharibə dövründə Azərbaycanın mövqeyini müdafiə edən, Ermənistanın Gəncə və Bərdə şəhərlərini raket atəşinə tutaraq dinc əhalinin qətlə yetirməsini qınayan bəyanatlar verilmişdir.

Türk Dövlətləri Təşkilatı Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşanın 2023-cü ildə türk dünyasının mədəniyyət paytaxtı elan edilməsi təşəbbüsünü irəli sürmüşdür.

Bu gün regionda həyata keçirilən beynəlxalq və regional layihələr ölkələrimiz arasında əməkdaşlığa öz töhfəsini verməkdədir. Azərbaycanın tarixi zəfərindən sonra bölgədə yaranmış yeni reallıqlar, Zəngəzur dəhlizinin açılması türk dövlətləri arasındakı bağlılığı daha da artıracaq. Əməkdaşlığımıza yeni bir nəfəs qatacaq. Üzv ölkələr arasında yük və sərnişin daşımalarının həcminə müsbət məcrada təsir edəcək. Eyni zamanda inteqrasiya prosesləri insanlarımız arasında təmasların intensivləşməsinə səbəb olacaq.

Beləliklə, türk dünyası üçün möhtəşəm bir gələcək başlanır. Azərbaycan bu gələcəyin əsas müəlliflərindəndir.

 

İradə ƏLİYEVA

 

Azərbaycan.- 2021.-20 noyabr.- S.1; 4.