İlham Əliyevin növbəti qlobal uğuru
Azərbaycan Prezidentinin təşəbbüsü
ilə COVID-19 peyvəndləri ilə bağlı irəli sürülmüş qətnamə BMT-yə üzv dövlətlər tərəfindən
qəbul edilib
Xəbər verildiyi kimi, noyabrın 18-də BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində Assambleyanın Üçüncü Komitəsində Qoşulmama Hərəkatının sədri qismində Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə QH üzvləri adından irəli sürülmüş “COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi” adlı qətnamə BMT üzv dövlətləri tərəfindən qəbul edilib.
Bütün dövlətlər əməkdaşlığa
dəvət olunur
Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin bununla bağlı məlumatında bildirilir ki, qətnaməyə BMT-nin 126 üzv dövləti həmmüəllif qismində qoşulub. Kifayət qədər müfəssəl məzmunda olan qətnamədə digər məsələlərlə yanaşı, COVID-19 pandemiyasına qarşı mübarizə sahəsində həyata keçirilmiş bir sıra əhəmiyyətli qlobal təşəbbüslər, o cümlədən Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə 2020-ci il dekabrın 3-4-də keçirilmiş BMT Baş Assambleyasının COVID-19-a qarşı mübarizəyə həsr olunmuş xüsusi sessiyası alqışlanır.
Sənəddə inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında COVID-19 əleyhinə peyvəndlərin bölgüsündə mövcud olan bərabərsizlikdən ciddi narahatlıq ifadə edilir və bunun Dayanıqlı İnkişaf Məqsədlərinin icrasına əngəl törədən başlıca amillərdən olduğu vurğulanır. O cümlədən COVID-19-a qarşı mübarizədə çoxtərəfliliyin, eləcə də beynəlxalq həmrəylik və əməkdaşlığın əhəmiyyətinə xüsusi vurğu edilir. Bu xüsusda bütün dövlətlər, özəl şirkətlər və digər aktorlar COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi istiqamətində konkret tədbirlər görməyə çağırılır.
Bütün dövlətlər COVID-19 əleyhinə peyvəndlərin ixracı ilə bağlı mövcud olan əsassız maneələri aradan qaldırmağa və peyvəndlərin hazırlanması və səmərəli paylanması sahəsində əməkdaşlığa dəvət olunur. Həmçinin BMT Baş katibinə Baş Assambleyanın növbəti sessiyasına hazırkı qətnamənin icrası ilə bağlı hesabat təqdim etməsi tapşırılır.
Beynəlxalq həmrəyliyə verilən töhfə
Pandemiya dövründə Azərbaycan Prezidenti İlham Əliyevin irəli sürdüyü qlobal təşəbbüslər virusla mübarizədə beynəlxalq həmrəyliyin təmin olunmasına böyük töhfələr verib. Ötən ilin aprel ayında Azərbaycan Prezidentinin təşəbbüsü ilə Türk Şurasının koronavirusla mübarizəyə həsr olunmuş Zirvə görüşü keçirildi. İlham Əliyevin pandemiyaya qarşı mübarizənin ilk günlərindən irəli sürdüyü “Biz birlikdə güclüyük!” çağırışı birinci dəfə bu Zirvə görüşü zamanı qlobal çevrədə öz real ifadəsini tapdı.
Azərbaycan Prezidenti ortaya qoyduğu məqsədyönlü mövqeyi, prinsipial yanaşmanı daha bir qlobal təşəbbüslə davam etdirdi. Türk Şurasının Zirvə Görüşündən sonra Azərbaycanın təşkilatçılığı ilə koronavirusla mübarizə üzrə beynəlxalq həmrəylik niyyətli növbəti beynəlxalq tədbir baş tutdu. 2020-ci ilin may ayında Qoşulmama Hərəkatının Təmas Qrupu formatında videokonfrans vasitəsilə “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşü keçirildi.
BMT-nin Baş Assambleyasından sonra dünyada ikinci ən böyük beynəlxalq təsisat olan, 120 dövlətin bir araya gəldiyi Qoşulmama Hərəkatının tarixində ilk dəfə idi ki, belə bir Zirvə görüşündə Avropa İttifaqının rəsmisi də iştirak etdi. Bu, bir təfərdən Azərbaycan Prezidentinin dünya miqyaslı lider kimi beynəlxalq nüfuzunun göstəricisi, digər tərəfdən də Qoşulmama Hərəkatı ölkələri ilə Avropa İttifaqı dövlətlərini qlobal təhdidə qarşı əməkdaşlıq mövzusunda bir araya gətirməyi bacarması reallığının təcəssümü oldu.
Bu tədbir Prezident İlham Əliyevin daha bir qlobal təşəbbüsünün beynəlxalq səviyyədə böyük dəstək qazanmasına vəsilə oldu. Zirvə görüşündəki çıxışı zamanı Prezident İlham Əliyev qlobal həmrəyliyin nümunəsi kimi pandemiya ilə mübarizə məqsədilə BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifini irəli sürdü. Bu təklif Qoşulmama Hərəkatına üzv 120 ölkə arasında yekdilliklə razılaşdırıldı. Bunun ardınca Hərəkatın sədri kimi Prezident İlham Əliyev üzv ölkələr adından BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə BMT baş katibi Antoniu Quterreşə müraciət ünvanladı və ötən ilin iyul ayında Prezident İlham Əliyevin təşəbbüsü əsasında BMT Baş Assambleyasının 31-ci xüsusi sessiyası çağırıldı.
Ötən il noyabrın 5-də isə BMT Baş Assambleyası öz plenar iclasında “Koronavirus xəstəliyi (COVID-19) pandemiyasına cavab olaraq Baş Assambleyanın xüsusi sessiyası” ilə bağlı qətnaməni qəbul etdi. Qətnaməyə əsasən, Azərbaycan Prezidenti tərəfindən Qoşulmama Hərəkatına üzv ölkələr adından irəli sürülən təşəbbüs əsasında 2020-ci ilin dekabr ayında BMT Baş Assambleyasının COVID-19-a qarşı mübarizəyə həsr olunan dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyası keçirildi.
Daha sonra Prezident İlham Əliyevin tapşırığı ilə Azərbaycanın Qoşulmama Hərəkatı adından BMT-nin İnsan Hüquqları Şurasında irəli sürdüyü “Bütün ölkələrin peyvəndlərə bərabər və universal çıxışının təmin edilməsi” adlı qətnamə bu ilin mart ayında yekdilliklə qəbul olundu.
10 milyon dollar
yardım, 30-dan artıq ölkəyə dəstək, təmənnasız
150 min doza vaksin...
Pandemiya başlayandan bəri Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatı ilə sıx təmasda olub. Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanı pandemiya ilə mübarizədə nümunəvi ölkə adlandırıb. Respublikamız Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində iki dəfə könüllü maliyyə töhfəsi edib. Bununla yanaşı, Azərbaycan 30-dan artıq ölkəyə humanitar və maliyyə yardımı göstərib, dörd ölkəyə isə təmənnasız olaraq 150 min doza vaksin verib.
Göründüyü kimi, COVID-19-la mübarizədə beynəlxalq həmrəyliyi təmin edən Azərbaycan həm də öz yardımları ilə bu həmrəyliyin daha da möhkəmlənməsi istiqamətində nümunələr ortaya qoyur.
Onu da qeyd edək ki, varlı və kasıb ölkələr arasında peyvəndlərə çıxışla bağlı getdikcə dərinləşən qeyri-bərabərliyə qarşı mübarizə davamlı olaraq Qoşulmama Hərəkatının sədri olan Prezident İlham Əliyevin gündəliyindədir. Bu ilin sentyabrında BMT Baş Assambleyasının 76-cı sessiyasının illik ümumi müzakirələrində video müraciət vasitəsilə çıxış edən Prezident İlham Əliyev bir daha dünyada mövcud olan peyvənd millətçiliyini qınamış və Azərbaycan tərəfindən Qoşulmama Hərəkatı adından peyvəndlərə bərabər və universal çıxışın təmin edilməsi ilə bağlı BMT Baş Assambleyasında da qətnamənin irəli sürüləcəyini elan etmişdi.
Noyabrın 18-də BMT Baş Assambleyasının üçüncü komitəsində sözügedən qətnamənin layihəsi müzakirə olunub və səsvermə ilə qəbul edilib. Heç bir ölkə qətnamənin əleyhinə səs verməyib. Qətnaməyə münasibətdə bitərəf qalmış 7 ölkədən biri isə regionda ən az peyvəndləmə səviyyəsinə malik Ermənistandır. Bu, Ermənistanın bütün məsələlərə, hətta humanitar məsələlərdə də Azərbaycanın nailiyyətlərini qısqanclıqla qarşılamasının nümunəsidir.
Bütövlükdə, bu qətnamənin qəbulu Prezident İlham Əliyevin sədrliyi ilə Qoşulmama Hərəkatının COVID-19 pandemiyasına qarşı mübarizədə qlobal səylərin mərkəzində olmağa davam etdiyinin daha bir göstəricisidir.
Rəşad CƏFƏRLİ
Azərbaycan.- 2021.- 20 noyabr.- S.1; 6.