Ağdam şəhərindəki
meşə parkı ərazisində ağacəkmə
aksiyası keçirilib
Noyabrın 20-də Ağdam şəhərinin işğaldan azad edilməsinin birinci ildönümü münasibətilə ağacəkmə aksiyası keçirilib.
Prezidentin
xüsusi nümayəndəliyinin, Ekologiya və Təbii Sərvətlər
Nazirliyinin və Ağdam Rayon İcra Hakimiyyətinin birgə
təşkilatçılığı ilə keçirilən
aksiyada şəhid ailələri də iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, aksiya zamanı Ağdam şəhərindəki meşə parkı ərazisində 1000 ədəd Eldar şamı ağacı əkilib. Həmçinin Ağdam rayonundan olan Vətən müharibəsinin 53 şəhidinin hərəsinin adına bir ağac əkilərək, adları əbədiləşdirilib.
Ağacəkmə aksiyasında iştirak edən ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev jurnalistlərə açıqlamasında bildirib ki, işğaldan azad olunmuş torpaqlarımızda türk tərəfdaşlarla birlikdə müasir və böyük tinglik yaradılır. Bu cür tingliklər Qarabağ torpaqlarında yaşıllıqların bərpasına töhfə verəcək. Respublika üzrə böyük yaşıllaşdırma işlərinin aparıldığını vurğulayan nazir deyib: “Şadıq ki, bu gün Ağdamdayıq, burada gözəl park salırıq. Əminəm ki, bu yerlər tezliklə yaşıllaşacaq və təbiətə töhfə olacaq”.
Aksiya iştirakçıları sonra Şəhidlər xiyabanına gedərək, Birinci Qarabağ müharibəsində həlak olmuş şəhidlərimizin məzarlarını ziyarət ediblər. Daha sonra Ağdam Cümə məscidinə və Şahbulaq qalasına baş çəkiblər.
Şahbulaq qalasında davam edən tədbir zamanı Ağdamın işğaldan azad olunmasının ildönümünə həsr edilən videoçarx nümayiş olunub. Tədbirdə çıxış edən Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov şəhidlərimizə Allahdan rəhmət diləyib, şəhid ailələrinə səbir diləyib. O, çıxışında doğma torpaqlarımızın Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasəti və rəşadətli Azərbaycan Ordusunun qüdrəti sayəsində işğaldan azad olunduğunu bildirib, doğma yurdlarına qovuşan həmyerlilərimizi təbrik edib, xoş arzularını çatdırıb.
Şəhid
ailələrinin üzvləri göstərilən diqqət və
qayğıya, şəhidlərin xatirələrinin yüksək
tutulmasına və əbədiləşdirilməsinə
görə dövlətimizin başçısına minnətdarlıqlarını
bildiriblər.
Qeyd
edək ki, ağacəkmə aksiyası Prezident İlham
Əliyevin ölkə üzrə başlatdığı 44
min ağacın əkilməsi kampaniyasının davamı
kimi keçirilib.
Azərbaycan.-2021.- 21 noyabr.- S.2.