Zəfər partiyası
YAP-ın yaranmasının 29-cu
ildönümünü qalib ölkənin
alnıaçıq, üzüağ vətəndaşları
kimi qeyd edirik
Yeni Azərbaycan Partiyası (YAP) müstəqil Azərbaycanın siyasi həyatının bütün mərhələlərində tarixi missiyasını uğurla yerinə yetirib. Partiyanın yarandığı dövrün reallıqlarına və sonrakı proseslərə nəzər yetirdikdə buna bir daha əmin oluruq.
Müstəqilliyimizin bərpasının ilk illərində yaşananlar ölkəmizi düşdüyü çətin vəziyyətdən xilas edə biləcək siyasi qüvvənin yaradılmasını zərurətə çevirdi. Bir qədər də dəqiqləşdirmə, təhlil aparsaq, qeyd edə bilərik ki, Yeni Azərbaycan Partiyasının yaranması 1988-ci ildən başlayaraq ölkəmizdə cərəyan edən hadisələrin yekunu və həmin dövrdə mövcud olan ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi. Başqa sözlə desək, o dövrdə zamanın tələbi xalqın istəyi ilə vəhdət təşkil edirdi. Partiyamızın yaradılmasında fəal iştirakları və təşəbbüsləri ilə tarixə “91-lər” kimi daxil olan ziyalılarımız ümumilikdə xalqın böyük əksəriyyətinin arzu və istəklərini ifadə edirdilər. Azərbaycanın gələcək taleyini düşünən həmin insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir siyasi partiya yaratmaq təşəbbüsü ilə çıxış edərək bu məqsədlə zəngin dövlətçilik təcrübəsinə malik Liderin, Heydər Əliyev şəxsiyyətinin ətrafında birləşdilər.
YAP-ın bu il martın 5-də keçirilən VII qurultayında dövlət başçısı, partiyanın Sədri İlham Əliyev “91-lər”in fəaliyyətini yüksək qiymətləndirərək bildirmişdi: “Bu gün də onların bir çoxu bizim sıramızdadır. Bundan sonra da onlar fəal işlərlə məşğul olacaqlar. Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasında və ictimai həyatda fəaliyyət göstərəcəklər. Onları Azərbaycan xalqı unutmamalıdır. Mən Prezident kimi hər zaman onların fəaliyyətini yüksək qiymətləndirirəm. Təkcə ona görə yox ki, Heydər Əliyevə müraciət ediblər. Ona görə ki, qorxmadılar, çəkinmədilər, ölkə maraqlarını öz şəxsi maraqlarından üstün tutdular.”
Qurultayda bu reallıq da xüsusi qeyd edildi ki, 1992-ci ilin noyabr ayı gənc müstəqil ölkəmizin həyatında yeni bir mərhələyə yol açdı. YAP-ın yaranmasından bir il keçməmiş - 1993-cü ilin oktyabr ayında Ulu Öndər Heydər Əliyev xalqın yekdil səsi ilə Prezident seçildi və bundan sonra ölkəmizin böhrandan çıxma prosesi başladı.
Dahi Liderin hakimiyyətə qayıdışı Azərbaycanın və YAP-ın həyatında yeni mərhələnin əsasını qoydu. Yəni partiyanın yaradılması, Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı Azərbaycanın həyatında dönüş nöqtəsi oldu. Həm də bu baxımdan ki, hər iki tarixi hadisənin ölkəmizin həyatında, gələcək taleyində öz rolu vardır.
Ümummilli Lider hakimiyyətə qayıdışı ilə xilaskarlıq missiyasını uğurla yerinə yetirərək Azərbaycanı düçar olduğu bəlalardan xilas etdi, yeni Azərbaycanın gələcək uğurlarına yol açdı. Azərbaycan dövlət müstəqilliyini qorudu, ölkəmiz müstəqil dövlət kimi varlığını dünyaya sübut etdi. Daxili və xarici bədxahların Azərbaycanı parçalamaq, dövlətçiliyimizi məhv etmək istiqamətindəki bütün cəhdlərinin qarşısı alındı. Ulu Öndər Heydər Əliyev öz qayıdışı ilə Azərbaycana sülh, sabitlik, dirçəliş və davamlı inkişaf gətirdi. Çox qısa zamanda cəmiyyətin hər bir üzvündə dövlətimizin, dövlətçiliyimizin yenilməzliyi ilə bağlı böyük əminlik yarandı. Azərbaycanı dünyaya tanıtmaqla beynəlxalq aləmdə özünəməxsus yerini müəyyən edən dahi şəxsiyyətin zamanında atdığı addımların dərin mahiyyətini, bu addımların nə qədər gərəkli olduğunu partiyamızın yaradılmasının
29-cu ildönümünü qalib ölkənin vətəndaşları kimi alnıaçıq, üzüağ qeyd etdiyimiz bu günlərdə daha dərindən anlayır, əhəmiyyətini və nəticələrini həyatımızda hiss edirik.
2003-cü ildə xalqın mütləq əksəriyyətindən etimad mandatı alan cənab İlham Əliyev isə 18 illik Prezidentlik fəaliyyəti dövründə həyata keçirdiyi misli görünməmiş işlərlə Ulu Öndərin layiqli davamçısı olduğunu təsdiqləyib. Əgər Ümummilli Lider Azərbaycanı parçalanmadan, müstəqilliyini itirmək təhlükəsindən qoruyub yeni inkişaf yoluna çıxardısa, Prezident İlham Əliyev Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə, dünyada söz sahibinə çevirdi.
Azərbaycan dövlətinin daxili və xarici siyasət sahələrində qazandığı uğurların geniş təhlilinə ehtiyac yoxdur. Bu baxımdan ki, artıq 30 illik torpaq həsrətimizə son qoyulması görülən işlərin, əldə olunan uğurların aydın mənzərəsini yaradır. Zəfərimizin formulu belədir: Prezident qətiyyəti, rəşadətli ordu, xalq-iqtidar birliyi, torpaq, Vətən sevgisi. 30 ilin işğalına 44 gündə son qoyulması xalqımızın Ali Baş Komandanın “Hücum!” əmrini səbirsizliklə gözlədiyinin təsdiqinə çevrildi. Müzəffər Ali Baş Komandan İlham Əliyev adını tarixə qalib Lider, torpaqlarımızın xilaskarı kimi yazdı.
Təbii ki, təkcə ölkəmizin deyil, regionun nüfuzlu siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyasının 29 ildə keçdiyi şərəfli yolu bir yazı çərçivəsində əhatə etmək mümkün deyil. Bununla belə onu deyə bilərik ki, bugünümüzün sevinci, qüruru uğurlarımızın zirvəsində dayanan tarixi Zəfərimizdir. Bir daha Yeni Azərbaycan Partiyasının çoxminli üzvlərinin hər birini Zəfərimizin ildönümü, eyni zamanda YAP-ın yaradılmasının 29 illiyi münasibətilə təbrik edir, YAP-ın VII qurultayının qərarlarından irəli gələn vəzifələrin icrasında daha fəal olmağı arzulayıram.
Vüqar RƏHİMZADƏ,
YAP-ın Xətai rayon təşkilatının
sədri, “91-lər”in üzvü, siyasi elmlər doktoru
Azərbaycan.-2021.- 21 noyabr.- S.3.