Cənubi Qafqazın ən böyük siyasi gücü

 

 

 

Bu gün Yeni Azərbaycan Partiyasının təsis olunmasının 29-cu ili tamam olur. 1992-ci ilin 21 noyabr tarixində xalqımızın Ulu Öndəri, əbədiyaşar şəxsiyyət Heydər Əliyevin rəhbərliyi ilə YAP-ın yaranması Azərbaycanın müstəqillik tarixinin mühüm siyasi hadisələrindən biridir. Bu gün dönüb geriyə baxanda, müstəqillik tariximizi izləyəndə bir daha görürük ki, Ulu Öndərin rəhbərliyi ilə YAP-ın böyük bir qüvvə kimi siyasi meydana çıxması dövlətçiliyimizin qorunmasına aparan tarixi bir mücadilənin başlanğıcı olmuşdur.

 

Azərbaycanın 30 ili geridə qalan müstəqillik tarixi qürur mənbəyimizdir. Amma təəssüf ki, müstəqilliyimizin ilk illəri tariximizə gərgin, ağır, hətta qanlı-qadalı bir dövr kimi yazılıb. Həmin illər hakimiyyətdə bir-birini əvəz edən iqtidarlar təzəcə qazanılmış müstəqillik və yeni siyasi-iqtisadi dövrə keçid şəraitində öz məsuliyyətlərini anlaya bilmədilər. Buna görə də Xalq Cümhuriyyətinin taleyini yaşamağa yaxın idik. Böhranlı vəziyyət, ölkədə baş alıb gedən anarxiyaxaos, hakimiyyətsizlik, dövlət idarəçiliyinin iflic vəziyyətində olması hər kəsi dərindən narahat edirdi və ziyalılar da bu səbəblərdən böyük şəxsiyyət, görkəmli dövlət xadimi Heydər Əliyevə müraciət etmişdilər. Çünki hər kəs haqlı olaraq hesab edirdi ki, Azərbaycanı məhv olmaqdan xilas edəcək, müstəqilliyimizi qoruya biləcək yeganə şəxsiyyət məhz Heydər Əliyevdir.

 

1993-cü ilin yayına doğru ölkədə vəziyyət artıq son dərəcə təhlükəli hal almışdı. Gəncə hadisələri, cəbhədəki uğusuzluqlar, separatçılığın baş alıb getməsi dövlətçiliyimizi və müstəqilliyimizi sürətlə uçuruma sürükləyirdi. Həmin günlərdə xalqın təkidli tələbi ilə Bakıya gələn Ulu Öndər Heydər Əliyev ilk gündən öz xilaskarlıq missiyasını qətiyyətlə yerinə yetirməyə başladı. Zəngin idarəçilik və siyasi təcrübəsi olan Ulu Öndər Azərbaycanın müstəqilliyinin itirilməsinin qarşısını aldı, dövlətçiliyimizi xilas etdi, siyasi böhrana və vətəndaş qarşıdurmasına son qoydu.

 

1993-cü ilin oktyabr ayında Heydər Əliyevin Azərbaycan Prezidenti seçilməsi ilə YAP-ın həyatında yeni mərhələ başladı. Hakim partiyaya çevrilən YAP bu statusu qazandığı ilk gündən proqramında qarşıya qoyduğu vəzifələrin icrasına, ictimai həyatın bütün sahələrində tərəqqiyə nail olmaq məqsədilə yüksək fəallıq nümayiş etdirməyə, Azərbaycanı düçar olduğu təhlükə və böhranlardan qurtarmaq üçün özünün məqsədyönlü fəaliyyətinə başladı. Güclü lideri, mükəmməl proqramı, təkmil siyasi platforması, qətiyyətli mövqeyi sayəsində, digər tərəfdən azərbaycançılıq və dövlətçilik mövqeyində durduğu üçün öz sıralarında yüzminlərlə üzvü birləşdirərək əsl ümumxalq partiyasına çevrildi.

 

Ümummilli Lider Heydər Əliyev 2003-cü il oktyabr ayının 1-də xalqına müraciətində demişdi: Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər”. Həmin il Heydər Əliyev siyasi kursunun layiqli davamçısı kimi prezident seçkilərinə qatılan cənab İlham Əliyevin qələbəsi həm də Yeni Azərbaycan Partiyasının nailiyyəti idi. 2003-cü ildən sonra keçirilən bütün seçkilərin qalibi olan İlham Əliyevin qələbəsi həm də YAP-ın zəfəri, uğurudur.

 

Ötən 18 ildə Ulu Öndər Heydər Əliyevin yolunu layiqincə davam etdirən Prezident İlham Əliyevin uğurlu fəaliyyəti, iqtisadi siyasəti nəticəsində Azərbaycan möhtəşəm inkişaf yolu keçib. Cənab İlham Əliyevin rəhbərliyi ilə əldə edilən hər bir nailiyyət YAP-ın da cəmiyyətdəki alternativsiz qüvvə statusunu möhkəmləndirib. YAP-ın hakim partyia kimi cəmiyyətdəki uğurları həm də Prezident İlham Əliyevin fəaliyyəti fonunda nəzərdən keçirilir. Təsadüfi deyil ki, YAP-ın sıraları da ildən-ilə genişlənməkdədir. Hazırda partiyanın sıralarında 760 min nəfərdən çox vətəndaşımız birləşir. Bu, dövlət başçısına və YAP-a olan dərin inamdan irəli gəlir. Üzvlərinin sayına görə YAP həm də bütün Cənubi Qafqazın ən böyük siyasi gücü statusunu daşıyır.

 

Prezident İlham Əliyev bildirib ki, hər bir partiya üzvü Ümummilli Lider Heydər Əliyevin həyata keçməyən ali ideallarını, müqəddəs arzularını gerçəkləşdirmək üçün əlindən gələni etməli, dövlətçiliyimizin inkişafına və tərəqqisinə daim xidmət göstərməlidir. Biz bu gün bunu Azərbaycanın Birinci vitse-prezidenti, Yeni Azərbaycan Partiyası Sədrinin birinci müavini, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın çoxşaxəli fəaliyyətində qabarıq görürük.

 

Onu da qeyd etmək istərdim ki, bu ilin martında keçirilən YAP-ın VII qurultayı partiyanın fəaliyyətində yeni mərhələnin başlanğıcı oldu. Respublikamızda baş verən pozitiv dəyişikliklər, xüsusən Vətən müharibəsindəki qələbə fonunda keçirilən bu qurultayda yeni Nizamnamənin qəbul olunması, İdarə Heyətinin 40 nəfərdən ibarət tərkibdə seçilməsi partiyada fəaliyyətin tənzimlənməsinin yeni, çevik mexanizminin yaradılması baxımından aktuallıq kəsb etdi.

 

YAP bundan sonra da Prezident İlham Əliyevin rəhbərliyi ilə Ümummilli Lider Heydər Əliyevin ideyalarını, məqsəd və məramlarını rəhbər tutaraq Azərbaycanın inkişafına, dövlətçiliyimizin qüdrətlənməsinə xidmət edəcək, vətəndaşların alternativsiz siyasi etimad ünvanı olacaq.

 

 

 

Müşfiq MƏMMƏDLİ,

Milli Məclisin deputatı

Azərbaycan.-2021.- 21 noyabr.- S.4.