Ənvər Paşa
Ənvər Paşanın anadan
olmasının 140 illiyinə ithaf olunur
(romandan hissə)
...İndiyədək çox sınaqlardan üzüağ çıxmışdı, indi isə - ömrünün sonlandığı məqamda uca Yaradanın qarşısında həyat imtahanı verirdi. Əlini qeyri-ixtiyari daim libasının sol döş cibində saxladığı kiçik həcmli, yanından heç ayırmadığı “Qurani-Kərim”in üzərinə qoydu. Qibləyə tərəf dönmək istəyirdi, yerində bir az çabaladı, az qaldı ağrıdan huşunu itirsin. Xeyli çalışıb-çabalayıb birtəhər də olsa, qiblə istiqamətinə dönməyi bacardı. Huşu üstündə idi, ancaq sanki dili söz tutmurdu. Ağır yaralanmışdı, ona elə gəlirdi ki, hamı hücumda onu ötüb irəli keçmiş, ondan uzaq düşmüşdü... “Kəlmeyi-şəhadət” gətirmək istədi, sinəsindəki və qarnındakı ağrılardan nəfəsi kəsilirdi, güllələr bədənini dəlik-deşik etmişdi. Bütün gücünü toplayıb “La ilahə illəllah, Muhəmmədən Rəsulullah” pıçıldadı... Qəlbi rahatlandı bir anlıq. Yaralı vücudu torpağa sərilmişdi; torpağın qoxusu lap burnunun dibində idi. Səmanın bir tərəfi bozarmışdı, elə torpağın rəngindən seçilmirdi, digər tərəfi isə açıq idi. Günəşin qarşısındakı ağ bulud topası isə şəklini dəyişərək cilddən-cildə girirdi...
Dərviş özü də gülləyə tuş gəlmişdi, yanı üstə çevrilməsinə, geniş sinəsindən, alnından al qanının axmasına baxmayaraq sahibini əzməsin deyə səndələyərək var gücü ilə kənara çəkilməyə cəhd edirdi...
...Yaralanmış atının üstündən aşıb Çeğan torpağına düşən Ənvər Paşanın son nəfəsində, dünyaya gözüylə baxdığında qısaca bir an kəsiyində, amma bir əbədiyyət qədər uzun sürən bir xəyal yolçuluğunda - ölümün qaşla göz arasında olduğu o məqamda ömür kitabının səhifələri yaddaşında vərəqləndi... Sadəcə vərəqlənməklə də qalmadı, adı düşməni lərzəyə salan, indisə bədəni torpağa düşən bu fədai paşa öz qısa, lakin sonralar kitablara sığmayacaq ömür anlarını sanki yenidən birər-birər yaşadı. Göz açıb qapayacaq qədər həmin qısa vaxt içindəcə, şəhidlik məqamına ucalmaqda olan paşanın həm şərəfli, həm də məhrumiyyət və ayrılıqlarla, ağrı və əzablarla, ani şirin dəqiqələrlə dolu həyatı xronoloji ardıcıllıqla deyil, pərakəndə zaman sayrışması ilə film kimi qırıq-qırıq, hissə-hissə, bəzən isə təfərrüatlı şəkildə gözləri önündən keçməyə başladı...
* * *
...Ayşə Dilara xanım sübhün alatoranında siması güclə seçilən oğlunu fəxr və sevgiylə süzdü, sonra yavaşdan tərpədərək “Ənvərciyim, qalx, sübh namazını qıl, sonra da imtahana gedəcəksən, övladım”, - deyə həlim səslə çağırdı. Balaca Ənvər gözünü açıb əvvəlcə yuxunun verdiyi çaşqınlıqla anasını süzdü, sonra gülümsəyib yatağı boyu ləzzətlə gərnəşdi. “Tamam, anam, qalxıram indi”, - deyə yenidən yorğana büründü. Ayşə Dilara xanım gülə-gülə dedi: “Bax, qalxmasan, Allaha dua edib istəməsən bu gün “Əsgəri-Rüşdiyə”yə qəbul etməzlər səni, haydı, qalx görüm...”
Anasının bu sözlərindən sonra səkkiz yaşlı İsmayıl Ənvər yorğanı üstündən atıb cəld yataqdan sıçradı. Anasından öyrəndiyi qaydada dəstəmaz alıb iki rükət sübh namazını qıldı. Namaz üstündə kiçicik əllərini Allaha açıb bugünkü imtahandan uğurla keçməsi, “Əsgəri-Rüşdiyə”yə qəbul olması üçün dua etdi.
...İmtahan gərgin keçirdi. Qəbul olmaq istəyən uşaqları sorğu-sual edən müəllimlər çox ciddi və tələbkar idilər. Ənvər həddindən artıq həyəcanlıydı, ancaq buna baxmayaraq məktəbə qəbul olunacağına inanır, ürəyində Allaha etdiyi duaları bir an belə kəsmirdi. Ənvərin sırası gəldikdə imtahanı götürən hər üç müəllim mütənasib görkəmli olsa da, bu boyca balaca, arıq oğlanı etinasız nəzərlə süzdü. Müəllimlərdən biri mülayim səslə “oğlum, sənin yaşın azdır, hələ balacasan, bir az böyü. İnşallah, gələcəkdə səni qəbul edərik”, - deyə Ənvəri evə yollamaq istədi. Müəllimin həlim səslə dediyi bu sözləri rədd cavabı kimi başa düşən Ənvərin həyəcandan az qaldı nəfəsi kəsilsin, iri gözləri yaşla doldu, ancaq tez özünü ələ alıb qürurla şax dayandı: “Xocam, bu məktəbə daxil olub oxumaq, sonra da təhsilimi davam etdirib əsgər olmaq, Vətənimi qorumaq ən böyük arzumdur. Yaşım az olsa da, söz verirəm ki, əgər məni qəbul etsəniz, kimsədən geri qalmayacağam, dərslərimə yaxşı çalışacağam, ümidlərinizi doğruldacağam”.
Hər üç müəllim vücudu cılız olmasına baxmayaraq mənən güclü görünən bu balaca, oxumaq üçün son dərəcə istəkli, həyəcanlı oğlanı, həm də bir-birilərini təbəssümlə süzdülər. Yumşaldılar, ona inandılar. Və beləliklə, taleyinə gələcəyin hərbiyyə naziri olmaq yazılmış İsmayıl Ənvər özündən yaşca böyük olan uşaqlarla bərabər həmin gündən “Əsgəri-Rüşdiyə”nin müdavimlərindən biri oldu...
...Evə az qala uça-uça qayıtdı, qapıdan girməmiş “Ana, ay ana, qəbul etdilər!” deyə sevinclə qışqırdı. Ayşə Dilara xanım oğlunu qucaqlayıb bağrına basdı, övladının həyəcanı anaya da sirayət etdi. Ənvəri öpüb “Təbrik edirəm, oğlum, Allah səni həmişə arzularına çatdırsın, Rəbbim səni uca bəndələrindən eləsin, heç vaxt yarıda buraxmasın, inşallah” deyə pıçıldadı...
...Məktəbin ağıllı şagirdlərindən hesab olunurdu, sakit və çalışqan olduğu üçün həm müəllimlərin, həm də tələbələrin sevimlisinə çevrilmişdi. Həm yaşca, həm də boyca sinif yoldaşlarından ən kiçiyi olduğu üçün qabaqda oturar, müəllimlərini ciddiyyətlə, diqqətlə dinləyərdi. Təkbaşına məktəbin bağçasında dolanmağı, dərslərinə də tək çalışıb hələ uşaqlıqdan öz düşüncə və fikirləri ilə tək qalmağı xoşlayardı.
...İndi ölümün bircə qarış yaxınında olduğu o məqamda Ənvər Paşa uzun illərin arxasında qalmış o xatirəni necə bu şəkildə canlı xatırladığına şaşırdı. Hər şey sanki dünən baş vermişdi. Hətta mehriban, gözəl anasının doğma qoxusu da lap yaxınında idi. Həsrətdən burnunun ucu göynədi, gözləri yaşla doldu. “Gözəl anam...” pıçıldadı...
* * *
Vaxtın-vədənin bu məqamında onun üçün təkcə keçmiş vardı... Bütün şüuru, hiss-duyğusu, alıb-verdiyi nəfəs də o keçmişin yanındaydı. O keçmiş haradasa bir az anlaşılmaz idi. Dəli-dolu gəncliyin ram olunmayan iddiaları, ötkəmliyi, tələskənliyi, səbirsizliyi və bu səbəbdən hər qədəmdə rast gəlinən qınaqlarla, suçlamalarla, aldanışla zəngin idi. Ancaq qürurluydu. Çünki edilən nə vardısa, Vətən, millət, dövlət naminə edilmişdi. Qüsurlar vardısa, o da bu səbəbdən idi. Fikri, düşüncəsi keçmişlə nəfəs alsa da, o keçmişə dönmək, əl uzadıb xətalarını yerbəyer etmək mümkünsüz idi.
Ancaq indi bu keçmişin ən qiymətli anları ilə nəfəs almaq havasızlıqdan boğulan biri üçün nəfəsliyin açılması kimi idi. Xüsusilə sevgili Naciyəsi öz gözəl xəyalı, mehriban surəti ilə daim gözünün önündə, yaddaşının tam mərkəzində məskən salmışdı. Naciyəyə yazdığı məktubların qorunub gələcək üçün saxlanılmasını özü məktubunda belə rica etmişdisə də, bu qədərini güman etməzdi... Düşünməzdi ki, Naciyənin ən qiymətli yadigar olaraq saxladığı bu məktublar dönə-dönə çap ediləcək, incələnəcək... Sevənlərə, aşiqlərə bir vəfa, sədaqət örnəyi olacaqdır. Bəlkə də bir çox sənədlərdən də dəyərli idi bu məktublar. Paşa öz əlilə yazdığı, ürəyindəkiləri köçürdüyü, gizlətmədən, çəkinmədən sirr bildiyi bilgiləri, olayları bu məktublara etibar etmişdi: “Gözəlim Naciyəm! Ruhum, deyəsən əbədiyyətə yol alıram axı...”
...Güllələr qarın boşluğuna dolub sanki içəridə nə varsa, hər şeyi biçib tökmüşdü, dözülməz ağrıdan gözü yumulsa da, beyni özündən asılı olmadan xatirələrin şirinliyinə gömülür, o unudulmaz günlər film kimi gözlərinin önündən keçirdi...
Naciyənin parlaq çöhrəsi gəlib gözünün önündə dayanmışdı. Sevimli həyat yoldaşının iri, ala gözləri, qara qaşları, düzgün biçimli burnu, dolğun dodaqları, yumru, qəşəng çənəsi, ay parçası kimi gözəl və parlaq siması sanki lap bir addımlığında idi. Bu gözəl varlığa qovuşmaq üçün həsrət dolu illərini xərclədiyini, vüsal intizarı ilə hər an, hər dəqiqə onu düşündüyünü, ən qızğın döyüşlərdə belə onu ağlından cıxara bilmədiyini dərin hüznlə xatırladı. Qurumuş qanlı dodaqları az qala özündən asılı olmadan pıçıldadı: “Kaş ki, yanımda olsaydın, Sultanım, o gözəl qollarının üstündə can versəydim...”
Naciyə Sultanı hələ kiçik ikən əmisinin oğlu - hal-hazırda hakimiyyətdə olan sultan Əbdülhəmidin oğlu Əbdürrahim Əfəndi ilə nişanlamışdılar. Naciyə bu qərardan heç məmnun deyildi, çünki əmisinin oğlu ilə bir yerdə böyümüşdü, körpəlikdən bir yerdə gülüb- oynamış, uşaqlıqdan qardaş-bacı kimi günlərini bir yerdə keçirtmişdilər. Naciyənin Əbdürrahim Əfəndiyə başqa gözlə baxması mümkünsüz idi. Ancaq əmr yuxarıdan, dövlətin lap başından verilmişdi. Sultan Əbdülhəmidə kim etiraz edə bilərdi? Naciyənin istəsə də, istəməsə də, çarəsizcə bu nişanlanmaya razılıq verməkdən başqa çarəsi qalmamışdı.
Həmin vaxt Ənvər Paşa hələ Naciyə Sultanla tanış olmamışdı. Ənvər onda gənc olmasına baxmayaraq artıq orduda ad-san qazanmış bir hərbçi idi. Anası və yaxın qohumları da evlənmə yaşına gəldiyini deyib onu ailə qurmağa razı salmışdılar. Ənvər bəy Osmanlı sarayına kürəkən olmaq üçün ilk dəfə təşəbbüs göstərərək Sultan Əbdülhəmidin qızı Şadiyə Sultana elçi düşmüşdü, lakin istəyi rədd edilmişdi. Aradan bir az müddət keçəndən sonra Ənvər bəy Əbdülhəmidin digər qızı Refia Sultanla evlənmək istədiyini saraya açıqladı. Yenə də təklifini geri çevirdilər. Digər ittihadçı hərbçilərdən fəqrli olaraq Ənvər bəy dindardı, ibadət əhli idi, oruc-namazını axsatmazdı, içki içməzdi, dürüst, sözünün ağası və olduqca qürurlu bir hərbçi idi. Sultan Əbdülhəmidin üst-üstə iki dəfə onun evlilik təklifini rədd etməsi könlünə toxunmuş, qürurunu qırmışdı. O günlərdə sultan ailəsinə məxsus qızların şanlı-şövkətli sərkərdələrlə evləndirilməsi artıq ənənəyə çevrilməkdə idi. Sonra günün birində Ənvər bəyə Naciyə Sultan haqqında danışdılar. Ənvər bəy isə artıq Osmanlı sarayından qız almaq fikrini başından çıxarmışdı. Ancaq “İttihad və Tərəqqi”nin rəhbər şəxslərinin tövsiyəsi ilə Ənvər bəy Naciyə Sultanı istəmək qərarına gəldi.
Naciyə Sultan o ərəfələrdə formal şəkildə olsa da, Sultanın oğluna nişanlı idi. Ancaq bir məsələ vardı ki, Əbdülhəmidin oğlu da bir neçə saray əyanı ilə bərabər, həmin vaxt Səlanikə sürgünə göndərilmişdi, ona görə də Naciyə Sultanın nişanı faktiki olaraq pozulmuş sayılırdı. Naciyənin atası şahzadə Səlim Süleyman da əslində bu nişanın pozulmasını arzu edirdi. Bu əsnalarda Ənvər bəydən başqa bir neçə nəfər də Naciyə Sultana elçi düşmüşdü. Ancaq onların heç biri Naciyə Sultanı görməmişdi və sarayın qaydalarına əsasən hətta onun fotosu belə heç kimə göstərilməmişdi.
Naciyə Sultan ona elçi düşənlərin fotolarına baxaraq qismətini özü seçəcəkdi. Fotolar Naciyə Sultana gətiriləndə o cəsarəti və şöhrəti ilə orduda ad çıxaran gənc minbaşı Ənvər bəyi özünə həyat yoldaşı olaraq seçməyi qərara aldı. Naciyə özü bunu belə anladırdı: “Günlərin bir günü Ənvər bəyin məni Sultan Rəşaddan istəməsindən sonra anam otağa gəlib dedi ki, qızım, artıq böyümüsən, səninlə Əbdürrahim Əfəndidən başqa bir neçə nəfər də evlənmək istəyir. Bunların arasında Hürriyət Qəhrəmanı Ənvər bəy də var. Bu da sənə elçi düşənlərin rəsmləri və isimləri, bax, düşün və qərar ver!”
Gənc Naciyə fotosunu gördüyü Ənvər bəyin haqqında çox eşitmişdi. Dövrün həqiqi qəhrəmanı ıdi. Naciyə onun haqqında bütün yazılanları oxumuşdu. Amma tanıyanlar onun əsəbi, tündməcaz, bir az tərs, bir az inadkar olduğunu söyləmişdilər. Ancaq əlindəki şəkil Ənvərin incə ruhlu birisi olduğundan xəbər verirdi. Hələ Ənvər bəyin xəfif təbəssümlü baxışları. Dodaqlarının ucunda oynayan dadlı təbəssüm... Qarşısında çox nəcib, incəqəlbli, sevməyə, könül bağlamağa layiq, kövrək birisi dayanmışdı. İlk görüşün təəssüratı beləydi. Hər gün, hər saat əlindəki şəkillə baxışırdı...
Ənvər bəy üzünü heç görmədiyi Naciyə Sultanın onun evlilik təklifini qəbul etməsindən çox xoşbəxt olmuş, sevincindən özünə yer tapmamışdı. Amma bir yandan da qəlbində əndişəsi vardı. Təlaş içində idi ki, görəsən, Sultan Rəşadın istəyinə yox deyə bilməyən Naciyə Sultanın gözü-könlü keçmiş nişanlısında qalmayıb ki? Bu çalpaşıq düşüncələr ona rahatlıq vermir, qısqanclıq qəlbini gəmirir, şübhələr onu yeyib-bitirirdi. Onsuz da fitrətən qısqanc olması bir yandan, digər tərəfdən də qiyabi olaraq aşiq olduğu qadının duyğularını başqası ilə paylaşa bilməsi ehtimalı onu dəli edirdi. Şəkk-şübhə içində qıvrılmaqdansa, bunu məktub yazıb Naciyə Sultanın özündən soruşmaqdan başqa yolu qalmamışdı: “Sıxılmadan söyləyin. Bir - birimizə nikahlandıqdan sonra sizi əvvəlcə nişanlandığınız birini sevdiyinizi və onu uşaqlığınızdan bəri tanıdığınızı söylədilər. Öyrənmək istədiyim budur ki, bu insan hər kimdirsə onu gerçəkdən də sevdinizmi? Yoxsa mənimlə nikahlanmağı da sizə məcburən qəbul etdirdilər? Hələ də onu sevirsinizmi? Hiss etdiklərinizi iki sözlə anladın, mənim üçün kifayətdir. Sizi sevirəm. Fəqət əmin olun ki, o adamı hələ də sevirsinizsə və onu bəndənizə tərcih edirsinizsə, hər şeyi qurban verməyə hazıram ki, təki siz bəxtiyar və xoşbəxt olun. Sizin xoşbəxt olmağınız naminə mənim üçün çox qiymətli olan sizi belə unutmağa da hazıram. Mənə həqiqəti yazın...”
Uzun bir intizardan sonra nəhayət ki, cavab gəlmişdi, Naciyə Sultanın keçmiş nişanlısını heç sevmədiyini öyrənəndə qəlbindəki şübhələr ərimiş, az qala uşaq kimi sevinmişdi: “Ruhum, Oh! Məktubunuzu oxuduqca gözümdən yağış kimi yaşlar tökülür. Sizin o gözəl ruhunuzu sıxdım, rica edirəm, qüsurumu bağışlayın. Məktubumda da yazdığım kimi, sizi fövqəladə sevdiyimdən belə bir qabalığa yol verərək olan-olmaz şeyləri soruşdum”.
Ənvər bəyin Naciyə Sultana olan sevgisi elə bir platonik eşq idi ki, kimə desəydin ki, zabitəli bir paşa heç üzünü görmədiyi qıza dəli-divanə kimi aşiq olub, bəlkə də heç kim inanmazdı. Özünün iştirakı olmadan nikahları kəsilmişdi. Nikahında vəkili Mahmud Şövkət Paşa olmuşdu.
Rəsmən evli olsalar da, aralarında yenə böyük maneələr var idi. Ənvər Paşa vəzifəsinin tələb etdiyi kimi daim İstanbuldan kənarda iş başında idi, vəzifəsini icra edirdi. Digər böyük bir əngəl isə Naciyə Sultanın anası Ayşə Tərzitər xanım idi. Naciyənin anası düşünürdü ki, xəyalpərəst, islaholunmaz bir idealist olan Ənvər Paşa günlərin bir günü ya orduda, ya da elə küçədəcə hansısa sərsərinin bir gülləsinə qurban gedəcək, ona görə də qızının gələcəyi naminə onu Ənvərdən uzaq tutmaq istəyirdi. Görünür, anası Naciyəyə onunla evlənmək istəyənlərin fotolarını verəndə qızının Ənvər Paşanı bəyənəcəyini düşünməmişdi. Onun fikrincə, üstəlik Ənvər qızı üçün xeyli yaşlı idi. Aralarında xeyli yaş fərqi vardı, nişanlananda Naciyənin on dörd, Ənvər bəyin iyirmi səkkiz yaşı tamam olmuşdu. Ayşə Tərzitər xanımın indi qismətə boyun əyməkdən başqa çarəsi qalmamışdı. Çünki bu xeyir işə pəl vurmaq Sultan Rəşada qarşı çıxmaq idi. Sultan Rəşadı hakimiyyətə gətirib taxta oturdan Ənvər Paşa deyildimi?! Keçmiş nişanın pozulması və Naciyəyə həyat yoldaşı olaraq Ənvərin namizədliyi onun istəyincə olmuşdu.
Bu işdə bir qəribəlik də vardı: əvvəlcə Osmanlı sarayından qız istəmək, Naciyəyə elçi düşmək siyasi evlilik məqsədi daşısa da, çox az zaman keçdikdən sonra Ənvər bəy üzünü belə görmədən ona dəlicəsinə aşiq olmuşdu. Naciyə Sultana yollayacağı ilk məktubla böyük bir sevginin bünövrəsi qoyulacaqdı, bir-birini sevən iki aşiq illərlə vüsal xəyalı ilə yaşayacaq, uzun müddət bir-birini gözləyərək ilk görüşməni xəyal edəcəkdilər: “Sultanım, Ruhum, uzun düşüncələrdən sonra nəhayət, ilk məktubumu yazıram. Qəlbim səbəbini anlaya bilmədiyim bir çox hisslərin təsiri altında titrəyir. Pak simanızı hələ ki, görmək şərəfinə nail olmamışam. Kim bilir, indiyə qədər bəndənizi necə təsəvvür edirsiniz? Hər halda hər şeyi gözə alaraq böyük bir hökuməti devirmək üçün üsyan edən bir hərbçi nəzərinizdə kim bilir bəlkə də sizə qarşı da qaba, xətrinizə dəyə biləcək birisidir. Fəqət, Ruhum, ilk baxışdaca bəndənizə qarşı burada təsadüf etdiklərimin dedikləri kimi siz də dərhal nə qədər müti, nə qədər sizi sevəcək, hər arzunuzu müqəddəs bir vəzifə bilən birisi olduğumu anlayacaqsınız. Nə olardı, bircə dəqiqəcik bir-birimizi görüb danışmış olsaydıq... O vaxt heç bu uzun sözlərə də lüzum qalmayacaqdı”. Amma yenə təsəllisi də özündən gəlirdi: həyat təkcə ayrılıqdan ibarət deyil, görüşəcəyik hökmən, çox yaxında...
...Amma indi sonuncu ümidi də solub saralmaqda, səbri tükənməkdə idi. Günəş batırdı, qürubun rəngi narıncıya boyanırdı, uzaqlardan gələn səslər də kəsilmişdi. Bir savaşçı ömrünün qürubuna lap az müddət qalmışdı, qaş qaralırdı...
* * *
...Ənvər Paşa heç vaxt tarixi Azərbaycan torpaqlarında bir erməni dövlətinin qurulmasını istəmirdi. Hətta belə bir güzəştə getməyin necə böyük bir yanlış olduğunu Azərbaycan Xalq Cümhuriyyəti nümayəndə heyəti ilə növbəti görüşlərin birində dilə gətirmişdi:
- Azərbaycanın istiqlalı ilə bağlı böyük qayğılar içində olduğunuzun fərqindəyik. Biz hər zaman Azərbaycandakı qardaşlarımızın yanındayıq. Bilirsiniz, Qafqaz İslam Ordusu məhz buna görə yaradılıb. İnşallah, Allahın izni ilə Bakını da qurtaracağıq, din və qan qardaşlarımız da öz istiqlalına qovuşacaq. Ümidinizi itirməyin.
Qafqaz İslam Ordusunun Bakını bolşevik-daşnak işğalından azad etdiyini eşidəndə isə paşanın sevinci yerə-göyə sığmamışdı. Ənvər Paşanın Bakıda Nuri Paşaya ünvanladığı təbrik teleqramının mətnini isə İstanbulda da, Bakıda da demək olar ki, bilməyən qalmamışdı. Bu təbrikin hər bir sözü ürək titrədirdi: “Böyük Turan İmperatorluğunun Xəzər kənarındakı zəngin bir qonaq yeri olan Bakı şəhərinin azad edilməsi xəbərini ən böyük müsərrətlə qarşıladım. Türk və İslam tarixi sizin bu xidmətinizi unutmayacaqdır. Qazilərimizin gözlərindən öpürəm, şəhidlərimizə “Fatihə”lər ithaf edirəm”.
Cümlələrdən boy göstərən milli qürur, iftixar duyğularından hasil olan Turan düşüncəsi! Əslində, bu, adi bir teleqram yox, Ənvər Paşanın şahanə, romantik varlığının möhtəşəm sevgi məktubuna dönmüş rayihəsi, nəfəsiydi.
Beləliklə də, Qafqaz İslam Ordusunun əsas müəlliflərindən olan Ənvər Paşa hərbi və siyasi iradəsi, hələ üstəlik və ən vacibi, Turançı və “Quran”çı ovqatı ilə Bakını ermənilərdən təmizləmişdi. Müsəlman türklərin neft mənbəyi olan baş şəhərini fiziki cəhətdən xaçpərəst cəngindən xilas etməyin yolu Ənvər Paşanın sevdalı, coşqulu hərb romantikasından keçmişdi...
* * *
Yaxınlarda qardaşı Kamildən gələn bir məktub gözlərini yaşartmışdı, balaları gözündən uzaqda böyüyürdü: “Mahpeykər artıq böyük qız olub. Hər kəs onun gözəlliyinə, ağlına heyran qalır. Hər gün mütəmadi olaraq bir saat dərslə məşğul olur. Sizə də məktub yazır. Mürəbbiyəsinin oxuduğu nağılları dinləyir və başa düşür. Lazım gələndə təmiz alman dilində onları izah da edir.
Türkan da sanki bir mələkdir. Sakit, həlim xasiyyətli uşaqdır, kimsəni incitməz, xətrinə dəyməz. Gəzdiyini, getdiyini belə heç kim hiss etməz. Bacısından da gözəl qız olub. Ən çox sevdiyi məşğuliyyət isə qardaşı ilə oynamaqdır. O da bacısına bağlıdır, onu çox sevir. Saatlarla birlikdə oynayırlar. Üç gündən sonra Türkanın üç yaşı tamam olur.
Kiçik Əli bəyimiz isə hər şeydən öncə sizdən gözəl bir ad gözləyir. Sanıram, bu qədər gözəl, sevimli və şirin bir uşaq bütün dünyada tapılmaz. Öndən balaca ikinci dişi çıxır, dişləmədiyi, qoparmadığı şey qalmır...”
Əli oğlunun göbək adı idi, oğlu atasının ləqəbi olan, daha doğrusu, gizli fəaliyyətində rəsmən işlətdiyi bu adla böyüyürdü. Türkiyə Hərbi Məhkəməsi onu “hərbi cinayət”lərinə görə qiyabi ölüm cəzasına məhkum etdikdən sonra o da Tələt Paşa, Camal Paşa ilə birlikdə sualtı gəmi ilə Almaniyaya keçib bu ad altında orada yaşayırdı. Demək, oğlu onun həyatının bir parçasını - həm də qorxulu, ölüm-qalım anlarını öz adında əks etdirərək yaşayırdı. Bu məktubu aldığı günün gecəsi Ənvər Paşanın gözünə yuxu getməmişdi. Saatlarla xatirələrlə baş-başa gah oturmuş, gah qalxıb gəzinmiş, bəzən gözləri dolmuş halda körpə balalarını düşünmüşdü...
Ölümün pəncəsində fikirləşdi ki, indi Naciyəsinin cəmi iyirmi altı yaşı var, hələ gəncliyinin və gözəlliyinin ən çiçəklənən çağındadır. Qəlbi sıxıldı, həsrətdən az qaldı ürəyi dayansın, Naciyənin üzünü yada salmaq üçün son fotosunu xatırlamağa çalışdı. Qanaxmadan gözləri torlanmışdı, şiddətli ağrılar nəfəsini kəsirdi. Məktublarının birində Naciyə “İki gözüm Ənvərciyim, səni dörd gözlə gözləyirəm...” yazmışdı. Bəzən görüşəndə də “İki gözüm Ənvərciyim” deməsini xatırladı, bu vaxt onun göz bəbəklərinin necə sevinclə parıldaması, gözündən gülməsi yadına düşdü. Unudulmaz günlər idi... Gedə bilmədi. Daha heç gedə bilməyəcəkdi. İndi kəsilib qırılmaqda olan öz gənc ömründən çox bu saat Naciyənin həsrətinə, onun yola dikilən ala gözlərinə yanıb-yaxıldı. Ağrılar içində pıçıldadı: “Ənvərin sənə qurban olsun, Naciyəm... Unutma Ənvərini, heç unutma”.
Naciyə Ənvərini heç unutmayacaqdı... Ancaq təkcə Naciyə Sultan yox, nə qədirbilən türküstanlılar, nə də əhdə vəfalı azərbaycanlılar Ənvər Paşanın xatirəsini heç unutmayacaqdılar...
Hüseynbala MİRƏLƏMOV
Yanvar-sentyabr, 2021-ci il
Bakı-İstanbul
Azərbaycan.-2021.- 21 noyabr.- S.7.