Azərbaycan Flippinlə əməkdaşlığın,
o cümlədən ticarət əlaqələrinin
genişləndirilməsində maraqlıdır
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də Filippin Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Maria Elena Alqabrenin etimadnaməsini qəbul edib.
AZƏRTAC xəbər verir ki, səfir Maria Elena Alqabre Filippin Prezidenti Rodriqo Roa Dutertenin və xalqının salamlarını dövlətimizin başçısına çatdırdı. O, Filippin dövlətinin başçısının ölkələrimiz arasında əlaqələri genişləndirmək istədiyini vurğuladı.
Səfir etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.
Prezident İlham Əliyev səfirlə söhbət etdi.
Dövlətimizin başçısı Filippin Prezidenti Rodriqo Roa Dutertenin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Filippin dövlətinin başçısına və xalqına çatdırmağı xahiş etdi.
Prezident İlham Əliyev Azərbaycanın da Filippinlə əməkdaşlığın, o cümlədən ticarət əlaqələrinin genişləndirilməsində maraqlı olduğunu bildirdi. Dövlətimizin başçısı ölkəmizin Qoşulmama Hərəkatına sədrliyinin 2023-cü ilədək uzadılması və bu təşkilat çərçivəsində Azərbaycanın irəli sürdüyü təşəbbüslərə, xüsusilə vaksinlərin ədalətli bölgüsü ilə bağlı təşəbbüsə Filippinin verdiyi dəstəyə görə minnətdarlığını bildirdi. Prezident İlham Əliyev Qoşulmama Hərəkatının sədri kimi Azərbaycanın mövqeyinin həmişə üzv ölkələrin maraqlarının qorunması və əlaqələrin möhkəmləndirilməsindən ibarət olduğunu vurğuladı. İkitərəfli münasibətlərə gəldikdə, dövlətimizin başçısı siyasi və iqtisadi sahələrdə əlaqələrin fəallaşdırılması, iqtisadi-ticari münasibətlərin qurulmasının vacibliyini qeyd etdi və Maria Elena Alqabrenin səfirlik fəaliyyəti dövründə ölkələrimiz arasında əlaqələrin möhkəmlənəcəyinə töhfə verəcəyinə ümidvar olduğunu ifadə etdi.
Filippinin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Maria Elena Alqabre, ilk növbədə, Prezident İlham Əliyevi və Azərbaycan xalqını Zəfər Günü və ərazi bütövlüyünün bərpa olunması, həmçinin Milli Dirçəliş Günü münasibətilə təbrik etdi.
Maria Elena Alqabre səfirlik fəaliyyəti dövründə Azərbaycanla Filippin arasında həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə siyasi, iqtisadi əməkdaşlığın, eləcə də insanlar arasında əlaqələrin inkişafı istiqamətində səylərini əsirgəməyəcəyini dedi.
Səfir Azərbaycan
Prezidentinin təşəbbüsü ilə
COVID-19-a həsr olunan videokonfrans
formatında Zirvə toplantısının, BMT Baş Assambleyasının xüsusi
sessiyasının keçirilməsinin və bu
günlərdə BMT Baş
Assambleyasında COVID-19 və vaksinlərə dair
qəbul olunmuş qətnamənin əhəmiyyətinə
toxundu. Maria Elena Alqabre, həmçinin
Azərbaycanın uğurlu iqtisadi inkişaf modeli haqqında danışaraq, ölkəmizin
bu nailiyyətlərinin beynəlxalq təşkilatların
hesabatlarında mütərəqqi nümunə kimi əks olunduğunu qeyd etdi.
Azərbaycan.- 2021.- 24 noyabr.- S.1-2.