Səfir: Finlandiya Azərbaycanla sıx əməkdaşlıq qurmaqda maraqlıdır

 

Noyabrın 23-də Milli Məclisdə Azərbaycan-Finlandiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Razi Nurullayev Finlandiyanın ölkəmizdəki səfiri Kirsti Yohanna Narinen ilə görüşüb.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə deputat Azərbaycanın Finlandiya ilə münasibətlərə önəm verdiyini qeyd edib, parlamentlərarası əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyətindən danışıb.

Sonra qonaqlara Vətən müharibəsi nəticəsində işğaldan azad edilmiş Azərbaycan torpaqlarının Ermənistan tərəfindən 30 illik işğalının acı nəticələri barədə məlumat verilib, regionda iqtisadi əməkdaşlığın və davamlı sülhün möhkəmləndirilməsi imkanlarından bəhs olunub.

Səfir Kirsti Narine Finlandiyanın Azərbaycanla sıx əməkdaşlıq qurmaqda maraqlı olduğunu qeyd edib. Ölkəsinin sərhədlərin hərbi yolla dəyişdirilməsinə qarşı olduğunu deyən diplomat keçmişə deyil, gələcəyə baxmağın vacibliyinə diqqət çəkib. Azərbaycanın Avropanın enerji təchizatının şaxələndirilməsində önəmli rolundan danışan səfir rəsmi Bakının bu istiqamətdə gördüyü tədbirlərin möhtəşəm olduğunu vurğulayıb.

Sonra Milli Məclisin Səhiyyə komitəsinin sədri, Azərbaycan-Finlandiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Əhliman Əmiraslanov, qrupun digər üzvləri Etibar Əliyev, İsa Həbibbəyli, Ülviyyə Həmzəyeva və Müşfiq Məmmədli də çıxış ediblər, Finlandiya ilə əlaqələrin genişləndirilməsi imkanları barədə fikirlərini bildiriblər.

 

Azərbaycan.- 2021.-24 noyabr.- S.3.