ADA Universiteti və Xarici
İşlər Nazirliyinin birgə təşkil
etdiyi “Xəzər Hövzəsi
Araşdırmaları Proqramı” başa
çatıb
ADA Universitetinin ixtisasartırma proqramları və Xarici İşlər Nazirliyinin birgə təşkilatçılığı ilə noyabrın 13-dən 20-dək həyata keçirilən “Xəzər Hövzəsi Araşdırmaları Proqramı” uğurla başa çatıb.
Universitetdən AZƏRTAC-a bildirilib ki, torpaqlarımızın işğaldan azad edilməsindən sonra ilk dəfə ali məktəbin kampusunda təşkil olunan proqram 19 ölkədə fəaliyyət göstərən universitet və beyin mərkəzini təmsil edən 21 tədqiqatçı və diplomatı bir araya gətirib.
Proqram ADA Universitetinin idarəetmə və professor-müəllim heyətinin üzvləri, Azərbaycanın dövlət qurumlarının yüksəkrütbəli məmur və diplomatları, o cümlədən xarici ekspertlər tərəfindən tədris edilib.
Proqramın açılışında ADA Universitetinin prorektor müavini Aygün Hacıyeva azərbaycanlı və xarici diplomatlar üçün təşkil edilən “Xarici Siyasət Proqramı”, eləcə də “Xəzər Hövzəsi Araşdırmaları Proqramı”nı təqdim edib. A.Hacıyeva əlavə edib ki, ötən 10 il ərzində “Xəzər Hövzəsi Araşdırmaları Proqramı”nda 104 ölkədən 221 diplomat və dövlət qulluqçusu müvəffəqiyyətlə iştirak edib.
Proqram çərçivəsində Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi Elçin Əmirbəyov çıxış edərək İkinci Qarabağ müharibəsinin regiona təsirləri, buradakı bərpa və yenidənqurma işləri və ərazilərin minalardan təmizlənməsi, habelə iki ölkə arasındakı sülh quruculuğu prosesi ilə bağlı xarici iştirakçıları məlumatlandırıblar. Qonaq çıxışçılar işğaldan azad edilmiş ərazilərdə icrası nəzərdə tutulan “ağıllı kənd” və “ağıllı şəhər” layihələrindən bəhs ediblər.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynov “Uzunmüddətli məcburi köçkünlük və həsrətlə gözlənilən Qayıdış” mövzusunda çıxış edərək məcburi köçkünlərin işğaldan azad edilmiş ərazilərdə təhlükəsiz şəraitdə yaşamaları üçün hazırda müvafiq tədbirlərin həyata keçirildiyini deyib.
Proqrama qoşulanlar 44 günlük Vətən müharibəsi fonunda Xəzər hövzəsində baş verən tarixi yeniliklər, regionun geosiyasi və iqtisadi mühitində özünü büruzə verən dəyişikliklər, həmçinin məcburi köçkünlərin Qarabağa qayıdışı mövzularına dair mühazirələr dinləyiblər.
Proqram çərçivəsində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində dəyirmi masa təşkil edilib. Nazirliyin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva ölkəmizin xarici siyasət prioritetləri barədə məlumat verərək iştirakçıların çoxsaylı suallarını cavablandırıb.
Xarici ekspertlərdən ABŞ-ın Hudson İnstitutunun baş tədqiqatçısı Maykl Doran və ADA Universitetinin siyasi tədqiqat və nəşrlər üzrə direktoru Damyan Krnceviç Mişkoviç mühazirələrlə çıxış ediblər.
Regiona və ölkəmizə dair nəzəri biliklər əldə edən qonaqlar Qarabağ bölgəsinin sürətli inkişafını yerində müşahidə etmək məqsədilə Ağdam rayonuna səfər ediblər. Qonaqlar işğal dövründə dağıntılara məruz qalan Ağdamın inkişafını əks etdirən "Ağdam şəhərinin Baş planı" barədə məlumat əldə ediblər.
Səfərlə bağlı öz təəssüratlarını bölüşən Pakistanın Qlobal və Strateji Araşdırmalar Mərkəzinin təmsilçisi Mehrin Qul bildirib ki, müharibə nəticəsində misli görünməmiş dağıntılardan zərər çəkən Qarabağın inkişafı bütövlükdə regionun inkişafına xidmət edir.
Qeyd edək
ki, “Xəzər Hövzəsi
Araşdırmaları Proqramı”nın 21
iştirakçısından 19-u ölkəmizə ilk dəfə səfər edib.
Azərbaycan.-
2021.-24 noyabr.- S.4.