Zəfərin mərhəmət təntənəsi
Prezident İlham Əliyevin təşəbbüsü
ilə reallaşan növbəti amnistiya cəmiyyətdə
humanizm ənənələrinin möhkəmlənməsinə
böyük töhfə verir
İstənilən sahədə inkişafa nail olmağın əsas yolu islahatlardan keçir. Azərbaycanın artıq 30 ili geridə qalmış müstəqillik tarixində əldə olunmuş nailiyyətlər aparılmış islahatların labüdlüyünün və uğurlu nəticəsinin ən mükəmməl nümunələridir. İstər Ulu Öndər Heydər Əliyevin respublikamıza rəhbərliyi, istərsə də son 18 ildə Prezident İlham Əliyevin hakimiyyəti dövründə ardıcıl və sistemli islahatların reallaşdırılması inkişafa təkan vermişdir.
Ulu Öndər Heydər Əliyev müstəqillik
dövründə ilk hüquqi islahatların banisidir
Təcrübə göstərir ki, dövlətin və cəmiyyətin inkişafını şərtləndirən amillər arasında mütərəqqi hüquq sisteminin və qanunların aliliyinin təmin olunmasının böyük rolu var. Başqa cür desək, zamanla ayaqlaşmayan və ya tələbləri kobud şəkildə pozulan hüquq sistemi heç vaxt dövlətin yüksəlişinə töhfə verə bilməz. Təsadüfi deyil ki, 1991-ci ildə Azərbaycan dövlət müstəqilliyini əldə etdikdən sonra qarşıda duran əsas vəzifələrdən biri ölkənin keçmiş sovetlər birliyindən miras qalmış hüquq sisteminin müasir dövrün tələblərinə uyğunlaşdırılması idi.
Yalnız 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişi bütün sahələrdə olduğu kimi, ölkənin hüquq sistemində də müasir çağırışlara uyğunlaşmanın əsasını qoydu. Bu baxımdan müstəqil, müasir Azərbaycanda hüquq sisteminin formalaşdırılmasının və inkişafının banisi Ümummilli Lider Heydər Əliyevdir. Müstəqillik tariximizə nəzər salsaq görərik ki, Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra həyata keçirilən dövlət quruculuğunun əsas tərkib hissəsi olan hüquqi islahatlar hər bir mərhələdə dövrün nəbzini tutmaqla həyata keçirilmişdir. Azərbaycan prokurorluğunun respublikamızın inkişaf çağırışlarına, demokratik yüksəlişinə, o cümlədən müasir idarəetmə standartlarına cavab verən orqan kimi yenidən formalaşması da Heydər Əliyevin dövlətçilik siyasəti, qayğısı və dəstəyi nəticəsində mümkün olmuşdur. Xüsusilə qeyd edilməlidir ki, Ulu Öndərin müəllifliyi ilə hazırlanan və 1995-ci ildə qəbul edilən müstəqil Azərbaycanın ilk Konstitusiyası hakimiyyət bölgüsü prinsiplərini özündə ehtiva etməklə zamanın tələbi ilə səsləşən hüquqi islahatların həyata keçirilməsinə, o cümlədən prokurorluq orqanlarının fəaliyyətinin keyfiyyətcə yeniləşməsinə və müasirləşməsinə yol açdı. Öz fəaliyyətində və səlahiyyətlərində qanunçuluğa, dövlətçiliyə xidməti əsas götürən, bitərəflilik, qərəzsizlik və obyektivlik kimi prinsiplərə sadiq olan prokurorluq tezliklə nüfuzlu orqan kimi fərqlənməyə başladı.
Heydər Əliyev prokurorluq işçilərinin peşə xüsusiyyətləri barədə danışarkən demişdir: “Mən arzu edirəm ki, hər bir prokurorluq işçisi öz peşəsinin hörmətini yüksək saxlasın, öz peşəsinin adını qorusun. O, öz peşəsinin adını qoruyaraq öz şəxsi adını qoruyacaqdır. Arzu edirəm ki, müstəqil Azərbaycanın prokurorluğu və hər bir prokuroru cəmiyyətdə ən hörmətli, ən layiqli adam sayılsın”. Ulu Öndərin bu müdrik fikirləri hər bir prokurorluq işçisinin yaddaşına həkk edilməklə, onları hər zaman öz fəaliyyətlərində qanunların aliliyini və etik prinsipləri qorumağa, peşəkarlıq keyfiyyətlərinə layiq olmağa və ədalətə sövq edir. Ölkə prokurorluğu çoxillik tarixə malik olaraq bir sıra onilliklər ərzində fəaliyyət göstərsə də, yalnız Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin qayğısı və diqqəti nəticəsində onun tərəfindən imzalanmış 17 iyul 1998-ci il tarixli sərəncama əsasən hər il oktyabr ayının 1-i prokurorluq işçilərinin peşə bayramı kimi qeyd olunmağa başlamışdır. Peşə bayramı gününün təsis edilməsi prokurorluğa böyük qayğının ifadəsi olmaqla yanaşı, prokurorluq əməkdaşlarının fəaliyyətinin layiqincə dəyərləndirilməsinin təzahürüdür.
Hüquqi islahatlar davamlı və sürətlidir
Ötən 18 ildə Azərbaycanın sürətli inkişafını təmin edən Prezident İlham Əliyev idarəçilikdə və hüquq sistemində aparılan islahatlar çərçivəsində prokurorluq orqanlarına da xüsusi diqqətlə yanaşmışdır. Zamanın ruhuna, yeni reallıqlara uyğun olaraq həyata keçirilən bu cür islahatlar nəticəsində prokurorluq orqanlarının statusunda, səlahiyyətlərində və fəaliyyətində köklü dəyişikliklər baş vermiş, kadr siyasətində ciddi dönüşün yaradılması və şəffaflığın təmin edilməsi, elmi-texniki nailiyyətlərin tətbiqi, maddi-texniki bazanın və əməkdaşların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində kompleks tədbirlər həyata keçirilmişdir.
Azərbaycan Prezidenti İlham Əliyevin 16 iyun 2020-ci il tarixli sərəncamına əsasən, prokurorluq orqanlarının cəmiyyətdə formalaşan yeni çağırışlara adekvat uyğunlaşması, fəaliyyətində şəffaflığın təmin edilməsi, işin çevikliyinin və səmərəliliyinin artırılması, müasir dövrün tələblərinə cavab verən peşəkar kadrların formalaşdırılması məqsədilə Baş Prokurorluğun yeni strukturu təsdiq olunmuşdur. Bu əsasda Baş Prokurorluğun strukturu mahiyyətcə tamamilə yenidən qurulmuş, daha çevik, mobil və dinamik idarəetməyə malik idarələr təsis edilmişdir. Onu da qeyd etmək istərdim ki, dövlət başçısının siyasi iradəsinə uyğun olaraq prokurorluq orqanlarında reallaşdırılan və yeni dövrün çağırışlarından irəli gələn tam və hərtərəfli islahatların uğurlu nəticələr verməsi baş prokuror Kamran Əliyevin fəaliyyətində xüsusi diqqət yetirdiyi məsələdir. Prokurorluq orqanlarında sağlam iş mühitinin təmini, düzgün kadr siyasətinin həyata keçirilməsi, fəaliyyətimizin hər bir məqamında qanunçuluq və dövlətçilik prinsiplərinin qorunması xüsusi diqqət mərkəzində saxlanılır.
“Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamının icrası ilə əlaqədar hökm və məhkəmənin digər yekun qərarlarının icrası ilə bağlı əhəmiyyətli işlər görülmüşdür.
Bu sahədə Baş Prokurorluğun əsas səlahiyyətli qurumu olan yeni təsis edilmiş Cinayət təqibindən kənar icraatlar idarəsi fəaliyyət göstərdiyi qısa müddət ərzində qarşıya qoyulan vəzifələri həyata keçirməyə çalışmışdır. Fəaliyyət göstərdiyi qısa müddət ərzində məhkəmə hökm və ya digər yekun qərarlarının icrası qaydasında baxılan işlər üzrə dönüşə nail olunmuşdur.
Bütövlükdə, prokurorluq orqanlarında son 1 il ərzində aparılmış mütərəqqi islahatlar sağlam iş mühitinın qurulması, dövlətçilik və qanunçuluq prinsiplərinə hörmətin möhkəmlənməsi, nəticədə cəmiyyətimizdə bu orqana ictimai etimadın artması və onun nüfuzunun yüksəlməsi ilə nəticələnmişdir. Qısa müddətdə görülmüş işlər həm də onu göstərir ki, islahatlar davamlı və sürətlidir. Prokurorluq orqanları Prezident İlham Əliyevin respublikamızın yüksəlişinə xidmət edən siyasi kursunun uğurla reallaşmasına, cəmiyyətdə qanunçuluğun, ictimai-siyasi sabitliyin, əmin-amanlığın, hər kəsin hüquq və mənafeyinin qorunmasına əzmlə xidmət edirlər.
Məhkum olunmuş şəxslərə yeni şans
verilməsi nümunəvi ənənəyə çevrilib
Respublikamızda insan hüquq və azadlıqlarının yüksək səviyyədə qorunması, eləcə də vətəndaşların layiqli həyat səviyyəsinin təmin edilməsi daim diqqət mərkəzində saxlanılmaqla dövlətimizin ali məqsədidir. Bununla yanaşı, dövlət səviyyəsində humanizm prinsiplərinə xidmət edən xeyirxah tədbirlərin həyata keçirilməsi, cəzasının müəyyən bir hissəsini çəkən və törətdiyi əməldən peşmançılıq keçirən məhkum olunmuş şəxslərin əfv edilməsi, bağışlanması, onlara yeni şans verilməsi artıq uzun illərdir ki, ənənəyə çevrilib.
Bu ənənənin təməlini qoyan Ulu Öndər Heydər Əliyev əfvetmə institutunu yaratmış, onun təşəbbüsləri ilə bu sahədə bir sıra tədbirlər həyata keçirilmişdir. Ümummilli Lider Heydər Əliyevin siyasi hakimiyyətə gəlişindən sonra ölkəmizdə qanunçuluğun təmin olunması ilə yanaşı, humanizm siyasəti çərçivəsində çoxsaylı tədbirlər həyata keçirilmiş, o cümlədən əfv və amnistiya təsisatlarının bərpa edilməsi ilə bağlı ən qəti addımlar atılmışdır. Ulu Öndər tərəfindən 1995-2003-cü illərdə 32 əfv fərmanı imzalanmış və bu, 3 mindən artıq məhkuma şamil olunmuşdur.
Ümummilli Liderin qanunvericilik təşəbbüsü əsasında Milli Məclis tərəfindən 1996-2003-cü illərdə 7 dəfə amnistiya elan edilmiş, 21 mindən çox məhkum azadlığa buraxılmışdır. Ümumilikdə 78 mindən artıq məhkuma bu amnistiya aktları şamil olunmuşdur. Bu humanist addımlar ciddi tərbiyəvi əhəmiyyət daşımış, ölkədə cinayətkarlığın səviyyəsinin daha da azalmasını təmin etmişdir.
Heydər Əliyevin şəxsiyyətini dahi insan, əsl lider kimi xarakterizə edən ən mühüm keyfiyyətlərdən biri də onun humanistliyi, cinayət törətmiş və bu əməlindən səmimi peşmançılıq keçirən şəxsləri bağışlaması idi.
Azərbaycanda bərqərar olan humanizm siyasətinin nəticəsi olaraq ölkəmizdə ölüm hökmü aradan qaldırılmışdır. Respublikamızın adı Şərqdə ilk olaraq bu cəzanı ləğv edən ölkə kimi tarixə düşmüşdür. Əvvəlcə 1993-cü ildə ölüm hökmü üzərində moratorium qoyulmuş, 1998-ci ildə isə bu cəza tamamilə ləğv edilmişdir.
Azərbaycan dövlətçiliyinin qüdrətlənməsinə, ölkənin sosial-iqtisadi inkişafına xidmət edən siyasi kursun uğurla həyata keçirilməsinin nəticəsi olaraq respublikamız bütün sahələrdə böyük tərəqqiyə nail olmuş, dünya birliyində öz yerini möhkəmləndirmişdir. Eyni zamanda humanizm siyasəti ənənələrinə böyük önəm verilməsi Prezident İlham Əliyevin fəaliyyətinin əsas istiqamətlərindən biri kimi daim diqqəti cəlb edir. Humanizm siyasətini davam etdirən Prezident İlham Əliyev əfvetmə institutunun çevik və işlək mexanizm əsasında fəaliyyətini təmin etmiş, hər zaman mərhəmət, insanpərvərlik və humanizm məfkurəsinə önəm vermişdir.
Törətdiyi cinayət əməlindən səmimi peşmançılıq keçirən, azad cəmiyyətə və normal həyata qovuşmaq istəyən məhkumların əfvlə baglı müraciətlərini nəzərə alan dövlət başçısı bayram və əlamətdar günlərdə imzaladığı əfv sərəncamları ilə onların bir qismini cəzalarının çəkilməmiş hissəsindən tam azad etmişdir. Ümumilikdə, Prezident İlham Əliyev indiyədək 35 əfv sərəncamı imzalamış və 5672 nəfəri əfv etmişdir. Azadlığın cəmiyyətin ən ümdə və zəruri şərti olduğunu dəfələrlə vurğulayan Prezident İlham Əliyev əfv sərəncamları ilə cəzadan azad etmənin tərbiyəvi əhəmiyyətinə xüsusi önəm verdiyini, şəxsi cəmiyyətdən təcrid etmədən islah etmənin daha səmərəli olduğunu göstərmişdir.
Ölkəmizdə tətbiq olunan bu humanizm aksiyalarının uğurla reallaşmasında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın da fəal iştirakı, mühüm töhfələri, mərhəmətli vətəndaş yanaşması xüsusi əhəmiyyət kəsb etmişdir. Heydər Əliyev Fondunun prezidenti, o zaman Milli Məclisin deputatı olan Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 2007-2016-cı illərdə Azərbaycanda 4 dəfə amnistiya elan edilmişdir.
Möhtərəm Mehriban xanım Əliyevanın müəllifi olduğu layihələri dəstəkləyən Milli Məclis tərəfindən 2007-ci ildə “Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş amnistiya haqqında”, 2009-cu ildə “Novruz bayramı münasibətilə amnistiya elan edilməsi haqqında”, 2013-cü ildə “Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 90 illik yubileyi münasibətilə amnistiya elan edilməsi haqqında” və 2016-cı ilin mayında 28 May - Respublika Günü münasibətilə amnistiya elan edilməsi haqqında qərarlar qəbul edilmişdir.
Mehriban xanım Əliyevanın bu yüksək nəciblik təşəbbüsünün nəticəsi olaraq, 40412 nəfər məhkum müxtəlif növ cəzalardan azad edilmişdir. Hər zaman humanizm məfkurəsindən çıxış edən Azərbaycanın Birinci vitse-prezidentinin bu təklifləri cəmiyyətimizin əhvali-ruhiyyəsini daha da canlandırmış, minlərlə ailəyə sevinc bəxş etmişdir.
Zəfər amnistiyası cəmiyyətimizin sevinc
ovqatını daha da artırdı
Ötən ilin Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 30 ilə yaxın işğal altında olan torpaqlarımızı cəmi 44 günə azad etdi. Bu Zəfər müstəqillik tariximizin ən böyük hadisəsi və hərbi uğuru kimi hər birimizə dərin qürur hissi yaşatdı. “Dəmir yumruq” əməliyyatı adı ilə Azərbaycanın yeni tarixinə qızıl hərflərlə yazılan Zəfər müstəqil Azərbaycan dövlətinin hərbi qüdrətinin, iqtisadi gücünün nümayişi ilə yanaşı, xalqımızın qələbə əzminin əyani təsdiqi oldu.
Bu günlərdə xalqımız Vətən müharibəsindəki Qələbənin birinci ildönümünü böyük təntənə ilə qeyd etdi. Prezident İlham Əliyevin təşəbbüsü ilə Milli Məclis tərəfindən noyabrın 5-də “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” qərarın qəbul edilməsi isə cəmiyyətimizin bayram və sevinc ovqatını daha da yüksəltdi.
Bu amnistiya aktını xarakterizə etmək üçün onun üstünlük verdiyi, istisna etdiyi və məhdudlaşdırdığı şəxslərə diqqət yetirmək lazımdır.
Aktın birinci maddəsi ilə dövlət qarşısında xüsusi xidmətləri olan şəxslər və onların yaxın qohumları, əhalinin həssas, xüsusi qorunmaya ehtiyacı olan təbəqəsinə, Ermənistanın işğalçılıq siyasətindən əziyyət çəkən qruplara daxil olan şəxslər barəsində hüquqi güzəştlərin tətbiq edilməsi müəyyən edilmişdir. Bu qruplardan olan şəxslərə Vətən müharibəsində və vətənimizin bütövlüyünün qorunması uğrunda aparılan digər döyüş əməliyyatlarında iştirak etmiş, xüsusilə orden və medallar ilə təltif olunmuş, həlak olmuş şəxslərin, həmçinin xəbərsiz itkin düşmüş və əlil olmuş şəxslərin yaxın qohumları, Ermənistanın etnik təmizləmə, terrorçuluq və soyqırımı siyasəti, o cümlədən işğal nəticəsində zərərçəkmiş şəxslər, əhalinin digər həssas təbəqə və qruplarına, o cümlədən qadınlar, on səkkiz yaşına çatmamış və altmış yaşına çatmış şəxslər aiddir.
Məhkum edilmiş və cəza çəkən, eyni cinayət törətmiş şəxslərin hüquqi statusu ilə yanaşı, təyin edilmiş cəzaların növünə, həddinə, cinayətlərin təsnifatına əsasən amnistiya aktının tətbiq dairəsinin müəyyən edilməsi də nəzərdə tutulmuşdur. Bu meyarlara misal olaraq göstərmək olar ki, böyük ictimai təhlükə törətməyən, yəni iki ildən artıq olmayan müddətdə azadlıqdan məhrum etmə cəzası və ya daha yüngül cəzalar nəzərdə tutulmuş cinayətlərə görə məhkum edilmiş bütün şəxslər, cəzasının bir hissəsini çəkmiş və çəkilməmiş cəzası bir ildən az olan məntəqə tipli cəzaçəkmə müəssisəsində cəza çəkən şəxslər, ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə 3 ilə qədər müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasının çəkilməmiş hissəsi 6 aydan artıq olmayan məhkumlar, islah işləri və ictimai işlər cəzalarına məhkum edilmiş bütün məhkumların cəzaların çəkilməmiş hissəsindən azad edilməsi nəzərdə tutulmuşdur.
Cərimə cəzasına məhkum edilmiş şəxslərlə bağlı təşviqedici norma müəyyən edilmişdir. Belə ki, digər cəzalara məhkum edilmiş şəxslərdən fərqli olaraq cərimə cəzasına məhkum edilmiş şəxslər amnistiya aktının təbiqi dövründə cərimə cəzasının bir qismini ödəməklə cəzanın digər hissəsində azad edilə bilərlər. Ümumilikdə, yuxarıda qeyd edilən şərtlər də daxil olmaqla cərimə cəzasının ödənilməmiş hissəsi 2000 manatdan çox olmayan şəxslər aktın təsir dairəsinə düşür.
Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxslərin də böyük əksəriyyəti amnistiya aktının tətbiq sferasına aiddir. Belə ki, bu cəzaya məhkum edilmiş şəxslər cəzanın çəkilməmiş hissəsi 1 ildən az olduqda cəzadan azad edilir, 1 ildən çox olduqda isə cəza 1 il azaldılır.
Əsas cəza növləri ilə yanaşı, əlavə cəzalara da məhkum edilmiş şəxslərdən yalnız müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasına məhkum edilmiş şəxslərə amnistiya tətbiq olunur. Digər əlavə cəzalara, məsələn, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəzasına isə şamil olunmur.
Hazırkı amnistiya aktını digərlərindən fərqləndirən əsas amillərdən biri cəzadan azad edilmiş bir sıra məhkumların məhkumluqlarının da götürülməsidir. Belə ki, ağır və xüsusilə ağır cinayətlərə görə məhkum edilmiş şəxslər istisna olmaqla digər şəxslər cəzadan tamamilə azad edildikləri halda məhkumluqları da götürülmüş hesab edilir.
Amnistiyanın tətbiqi ilə əlaqədar bir sıra məhdudiyyətlər də müəyyən edilmişdir. Bu məhdudiyyətlər sırasına xüsusilə ağır cinayətlər, yəni cəza qismində on iki ildən çox azadlıqdan məhrum etmə nəzərdə tutulmuş əməllər, yaxud əvvəllər ağır cinayətlər, yəni yeddi ildən çox azadlıqdan məhrumetmə ilə cəzalandırılan əməl törətmiş şəxslər daxildir. Bundan başqa, sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən, 1990-cı il yanvarın 19-20-də Bakı şəhərinə sovet qoşunlarının qanunsuz yeridilməsi ilə əlaqədar törədilmiş cinayətlərdə, Xocalı soyqırımının baş verməsində, Azərbaycan Respublikası torpaqlarının erməni silahlı qüvvələri tərəfindən işğal edilməsində təqsirli olan şəxslər haqqında amnistiya tətbiq olunması qadağan edilmişdir.
Beynəlxalq öhdəliklərə uyğun olaraq korrupsiya cinayətlərinə amnistiya aktının tətbiqi olduqca məhduddur. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlərə və mülkiyyət əleyhinə olan cinayətləri törətmiş şəxslərə aktın tətbiqi yalnız məhdud şəkildə qalmış cəzadan azad edilməsi halında mümkündür. Məhdudiyyətlər sırasında alkoqolizmdən, narkomaniyadan və ya zöhrəvi xəstəliklərdən məcburi müalicə təyin olunmuş şəxslərlə bağlı hallar da vardır. Bu qəbildən olan şəxslər barəsində 4 ay müddətində amnistiya tətbiq edilməli, lakin həmin şəxslərin cəzadan azad edilməsi məsələsi isə müalicə başa çatdıqdan sonra həll edilməlidir.
Prokurorluq orqanları tərəfindən zəruri tədbirlər
həyata keçirilir
“8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Milli Məclisin qərarının icrası ilə əlaqədar prokurorluq orqanlarının vəzifələrinin müəyyən edilməsi məqsədilə baş prokuror tərəfindən 5 noyabr 2021-ci il tarixdə müvafiq əmr imzalanmışdır. Əmrin məqsədi prokurorluğun rəhbər heyəti tərəfindən amnistiya aktının təxirə salınmadan və düzgün icra olunması təmin edilməklə, icra zamanı ortaya çıxan məsələlərin operativ həll edilməsi, prokurorluğun fəaliyyətinin digər orqanlarla, o cümlədən amnistiyanı tətbiq edən müvafiq qurumlarla əlaqələndirilməsi üçün zəruri tədbirlər görülməsi olmuşdur.
Hazırkı amnistiya aktının müxtəlif cəzalara məhkum edilmiş və cəza çəkən şəxslərlə yanaşı, istintaq və məhkəmə baxışı prosesində olan şübhəli və təqsirləndirilən şəxslərə, həmçinin cinayət işi başlanmamış və barəsində cinayət təqibi aparılan şəxslərə şamil edilməsi nəzərdə tutulmuşdur.
Azərbaycan Respublikası Konstitusiyası və “Prokurorluq haqqında” Azərbaycan Respublikası qanununa əsasən prokurorluq orqanları törədilmiş və hazırlanan cinayətlər haqqında məlumatların yoxlanması, təhqiqat, istintaq, məhkəmə baxışı və hökm və ya digər məhkəmə qərarlarının icrası qaydasında icraatlarda iştirak edir, qanunla nəzərdə tutulmuş hallarda prosessual rəhbərliyi həyata keçirir.
Amnistiya aktına əsasən amnistiyanın tətbiq edilməsi cəzaçəkmə müəssisələrinə, intizam xarakterli hərbi hissənin və hərbi hissələrin komandanlığına, icra məmurları, təhqiqat və ya ibtidai istintaq orqanları və məhkəmələrə həvalə edilmiş, məhkəmələr istisna olmaqla qeyd edilən qurumlar tərəfindən qəbul edilmiş qərarların prokurorlarla razılaşdırılması, məhkəmələr tərəfindən işlərə baxılarkən isə prokurorların iştirakının təmin edilməsinin zəruriliyi müəyyən edilmişdir. Həmçinin Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin əməkdaşlarına “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” qanunda nəzərdə tutulmuş tədbirləri həyata keçirən müvafiq icra hakimiyyəti orqanlarına səlahiyyətləri daxilində kömək göstərilməsi tapşırılmışdır.
Qeyd edilənlər nəzərə alınmaqla amnistiya aktının şamil edildiyi işlərin böyük əksəriyyətini təşkil edən, məhkumların cəzadan azad edilməsi ilə əlaqədar işlərin koordinasiyası və qərarların qanuniliyinin yoxlanması, həmçinin prokurorluq da daxil olmaqla amnistiyanın tətbiqi həvalə edilmiş qurumlar tərəfindən statistik məlumatların toplanması və təhlili, yekun məruzələrin hazırlanması Baş Prokurorluğun yeni təsis edilmiş Cinayət təqibindən kənar icraatlar idarəsinə həvalə edilmişdir. İdarə tərəfindən aktın tətbiqi ilə əlaqədar məlumatlar mütəmadi olaraq qurumlardan tələb edilməklə ümumiləşdirilir, statistik məlumatlar təhlil edilir və müvafiq hallarda qəbul edilmiş qərarların qanunauyğunluğu yoxlanır.
Qeyd etmək lazımdır ki, amnistiya aktını əsas tətbiq edən dövlət qurumları, Ədliyyə Nazirliyinin Penitensiar Xidməti və Probasiya Xidməti tərəfindən işlərin yüksək səviyyədə qurulması, peşəkar əməkdaşlar tərəfindən qərarların hazırlanması və yoxlanması, eyni zamanda fəaliyyətin rəhbər və işçi səviyyələrində Baş Prokurorluqla qarşılıqlı əlaqəli şəkildə qurulması nəticəsində yaranmış problemlər sürətli şəkildə öz həllini tapır.
Amnistiya aktının prokurorluq orqanlarında vaxtında və dürüst icra olunmasının təmin edilməsi üçün baş prokuror tərəfindən imzalanmış qeyd edilən əmrin icrası məqsədilə Cinayət təqibindən kənar icraatlar idarəsinin əməkdaşları tərəfindən bu sahə üzrə fəaliyyət həvalə olunmuş tabe rayon (şəhər) prokurorlarının köməkçiləri ilə beş seminar keçirilmişdir. Seminarlarda prokurorluq orqanlarının əməkdaşları tərəfindən amnistiya aktının dərindən öyrənilməsi və təbliğinin zəruriliyi vurğulanaraq, onun humanist mahiyyətinin barələrində amnistiya tətbiq ediləcək şəxslərə izah olunması və gələcəkdə qanuna zidd hərəkətlərin yolverilməzliyi barədə onlarla fərdi söhbətlərin aparılmasının zəruriliyi diqqətə çatdırılmışdır.
Onu da xatırladım ki, seminarların gedişində qərarın icrası zamanı yarana biləcək məsələlər ətrafında hərtərəfli müzakirələr aparılaraq, amnistiyanın humanist mahiyyətinin barələrində amnistiya tətbiq ediləcək şəxslərə izah olunması, qərarı tətbiq edəcək dövlət orqanları ilə səmərəli əməkdaşlıq edilməsi prokurorluq əməkdaşlarının diqqətinə çatdırılmış və gələcəkdə qanuna zidd hərəkətlərin yolverilməzliyi barədə onlarla fərdi söhbətlərin aparılmasının zəruriliyi bildirilmişdir.
Qeyd olunan prosesdə
müasir informasiya texnologiyaları geniş tətbiq olunur. Bunun sayəsində
Cinayət təqibindən kənar icraatlar idarəsində məlumatlar
operativ rejimdə toplanılaraq çoxsaylı meyarlar üzrə
təhlil olunur. Təhlilin aparılması
mümkün səhvlərin aradan qaldırılmasını
və nəzarətin gücləndirilməsini, rəhbərliyin
canlı vaxt rejimində görülən işin
gedişatı barədə dəqiq məlumatlandırılmasını
təmin edir.
Məlumatların rəqəmsallaşdırılması
və təhlili Azərbaycan Respublikası Prezidentinin
müvafiq sərəncamına əsasən “Elektron Prokurorluq”
informasiya sisteminə keçid prosesində atılan
addımlardan biridir, bir növ bu prosesin test rejimdə
sınaqdan keçirilməsidir. Prokurorluq
işçiləri cənab Prezidentin bu
tapşırığına ruh yüksəkliyi və
böyük həvəs göstərərək geniş
müzakirələrlə qoşulmuş, mütərəqqi
təkliflər irəli sürmüşlər. Əvvəlki dövrdə elektronlaşma və
müasir texnologiyaların tətbiqində yaranmış
durğunluğun aradan qaldırılması, prokurorluğun
dövlət qurumları arasında öncül yerlərə
çıxması üçün yüksək əzm
vardır. Bu işin həyata keçirilməsi
üçün ölkəmizin aparıcı mütəxəssisləri
cəlb edilmişlər.
Aparılmış təhlillərə
əsasən min beş yüzə
yaxın məhkum barəsində amnistiya aktı artıq tətbiq
edilmişdir. Təqdim olunan statistik rəqəmlər
növbəti gün və aylarda dəyişəcək.
Mövcud vəziyyətə əsasən, amnistiya
aktının tətbiq olunduğu şəxslərin 70 faizi
çəzaçəkmə müəssisələrinin, o
cümlədən 18 faizi məntəqə tipli cəzaçəkmə
müəssisələri, qalan hissəsi probasiya xidmətinin
payına düşür, sonuncu sürətli templə
artmaqdadır. Məhkumların 78 faizi Bakı, 8
faizi Salyan, 3 faizi Sumqayıt, qalanı isə bölgələrdə
yerləşən cəzaçəkmə müəssisələrində
cəzalarını çəkirdilər.
Cəzaçəkmə
müəssisələrinə və cəzanı icra edən
qurumlara gəldikdə amnistiyanın tətbiq olunduğu
qadın və kişilərin göstəricisi tərs mütənasibdir. Amnistiya
aktını məhkum qadınlar barəsində 75-25 faiz nisbətində
əsasən probasiya orqanları tətbiq edirsə, kişilər
barəsində amnistiya aktını tam əks nisbətdə
və əsasən cəzaçəkmə qurumları tətbiq
edir.
Amnistiyanın təsir dairəsinə
daha çox 31-40 yaşlarında məhkumlar düşüblər. Kişilər
arasında həmin yaş qrupu ümumi sayın 36, qadınlar
arasında isə 33 faizini təşkil edir. Ümumi nəticədə isə bu göstərici
35 faizdən yüksəkdr. Sayına görə ikinci yeri 41-50
yaş qrupu təşkil edir.
18 yaşından 25 yaşınadək
olan şəxslərin çəkisi ümumi halda 8 faiz təşkil
etdiyi halda qadınlar arasında bu göstərici 5, kişilər
arasında isə 6 faizə bərabərdir. Qadınlar
arasında məhkumların say hesabı ilə bu, ən
kiçik yaş qrupudur.
Amnistiyanın tətbiq
olunduğu yaşı 60 yaşdan yuxarı olan şəxslərin
göstəricisi 5 faizdir. Ümumi statistikada və kişilər
arasında altmış yaşından yuxarı olan qrup amnistiya
aktının tətbiq olunduğu ən az
saylı yaş qrupudur. Onu da qeyd etmək
lazımdır ki, akt qüvvəyə minənədək
yetkinlik yaşına çatmamış şəxslərə
də amnistiya artıq tətbiq olunmuşdur.
Bu günədək amnistiya beş xarici ölkənin vətəndaşlarına
tətbiq olunmuşdur. Amnistiyanın tətbiq olunduğu məhkumların
böyük əksəriyyətini az
ağır və ya ilk dəfə ağır cinayət
törətdiklərinə görə müəyyən
müddətə azadlıqdan məhrumetmə cəzasının
çəkilməmiş hissəsi altı aydan artıq
olmayan şəxslər və islah işləri cəzasına
məhkum edilmiş şəxslər təşkil edir. Onlar amnistiyanın tətbiq olunduğu məhkumların
78 faizini təşkil edir. Eləcə də
azad edilmiş məhkumların hökmlərdəki əsas cəza
növünün böyük əksəriyyətini, yəni
89 faizini müəyyən müddətə azadlıqdan məhrum
etmə və islah işləri təşkil edir.
Cinayətlərin növlərinə
gəldikdə gözlənildiyi kimi, mülkiyyət əleyhinə
olan və narkotik vasitələrin və psixotrop maddələrin
qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlərə
görə məhkum edilmiş şəxslər azad
edilmiş şəxslərin yarısından çoxdur. Bunlardan sonra
amnistiya aktı əsasən hərəkət təhlükəsizliyi
və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə
və həyat və sağlamlıq əleyhinə olan cinayətlər
törətmiş şəxslərə tətbiq
edilmişdir.
Amnistiya tətbiqi ilə cəzadan
azad edilməsi müəyyən edilən məhkumların bir
qismini də azadlığın məhdudlaşdırılması
cəzasına məhkum edilmiş şəxslər təşkil
edir. Bu cəzaya məhkum edilmiş şəxslərin cəzadan
azad edilməsi və ya cəzalarının amnistiya aktına
müvafiq qaydada azaldılması məhkəmələrə
həvalə edilmişdir. Hazırda respublikanın
bütün rayon və şəhərlərində
yaşayan məhkumlar barəsində məhkumların
yaşayış yeri üzrə fəaliyyət göstərən
məhkəmələrin yorulmaz və çevik fəaliyyəti
nəticəsində çoxsaylı məhkəmə qərarları
qəbul edilmişdir ki, bu proseslərdə Baş
Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin
əməkdaşları və rayon-şəhər
prokurorluqlarının bu sahədə fəaliyyət göstərən
prokuror köməkçiləri iştirak etmişlər.
Tarixən ənənələrimiz
belə olub ki, əfv edilən hər kəsə el
ağsaqqalları, icmaların hörmətli üzvləri
zamin durublar. Əgər əvvəlki amnistiya aktları
xalqımızın tarixində əhəmiyyətli hadisələr
baş verməsi münasibətilə qəbul edilirdisə,
sonuncu humanizm aktı şanlı qələbəmizin
yaddaşlara həkk olunmasına xidmət edir və azad olunan
məhkumların zaminləri isə şəhidlərimizin
ruhu və qazilərimizin qanıdır. Möhtərəm
cənab Prezidentimizin növbəti humanizm siyasətinə
şərəflə sadiq olmaq, bundan sonrakı həyat və
fəaliyyətlərində düzgün nəticələr
çıxarmaq, islah olunmaq amnistiyanın tətbiq edildiyi
hər bir şəxsin borcudur.
Elnur MUSAYEV,
Baş
Prokurorluğun Cinayət təqibindən
kənar
icraatlar idarəsinin rəisi,
III dərəcəli
dövlət ədliyyə müşaviri
Azərbaycan.-
2021.- 24 noyabr.- S.5.