“Şahdəniz”də daha bir quyu hasilata başladı

 

“Şahdəniz” layihəsinin operatoru olan bp şirkəti bildirir ki, yatağın işlənməsinin ikinci mərhələsi çərçivəsində şimal cinahında beşinci quyudan hasilata başlanıb. Bu, cari ilin sonuncu rübü üçün planlaşdırılmış mühüm bir əməliyyat, eləcə də “Şahdəniz”dən təhlükəsiz və qrafikə uyğun şəkildə əldə edilmiş daha bir uğurdur.

Yataqda “Şahdəniz Alfa” və “Şahdəniz Bravo” platformaları istismar olunur. “Şahdəniz-1” və “Şahdəniz-2”dəki bu qurğuların hasilat gücü hazırda gündə təxminən 70 milyon standart kubmetr, ildə 25 milyard standart kubmetrdən çoxdur. 2021-ci ilin iyul ayında ilk dəfə olaraq “Şahdəniz Bravodan gündəlik hasilat “Şahdəniz Alfa” ilə eyni səviyyəyə çatmışdır. İlin ilk üç rübündə yataqdan ümumilikdə - iki platformadan birlikdə təqribən 16 milyard standart kubmetr qaz və 3 milyon ton (təqribən 24 milyon barel) kondensat hasil olunmuşdur.

Xatırladaq ki, “Şahdəniz” yatağı 1999-cu ildə kəşf edilmişdir. Yataq Bakıdan təqribən 70 kilometr cənub-şərqdə yerləşir. Burada suyun dərinliyi 50 metrdən 600 metrədək dəyişir. Yatağın kollektor dərinliyi 1000 metrdən çoxdur, uzunluğu isə 22 kilometrdir. Bu, 140 kvadratkilometrdən artıq sahəsi və ilkin hesablamalara görə, təqribən 1 trilyon kubmetr mavi yanacaq və 2 milyard barel kondensat ehtiyatı ilə dünyanın ən böyük karbohidrogen yataqlarından biridir. Belə ki, 1997-2001-ci illərdə “Şahdəniz” strukturunda qazılmış kəşfiyyat və qiymətləndirmə quyuları burada dünya səviyyəli qaz-kondensat yatağının olduğunu təsdiq etmişdir.

Yatağın işlənməsi mərhələli şəkildə həyata keçirilir. 2003-cü ilin fevralında “Şahdəniz” üzrə tərəfdaşlar yatağın işlənməsinin birinci mərhələsinə razılıq verdilər. Həmin mərhələdə apstrimmidstrim infrastrukturunun inkişaf etdirilməsi, o cümlədən bir platformanın və onu Səngəçal terminalına birləşdirəcək boru kəmərlərinin inşası, həmçinin Gürcüstan ərazisindən keçməklə Azərbaycandan Türkiyə sərhədinədək yeni qaz ixracı sisteminin, yəni Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) inşası nəzərdə tutulurdu.

2006-cı ildə yataqdan kommersiya qaz hasilatı və CQBK üzrə əməliyyatlar başladıqdan bəri “Şahdəniz” Azərbaycan, Gürcüstan və Türkiyəni təhlükəsiz və etibarlı şəkildə qazla təmin edir.

“Şahdəniz” üçün HPBS (Hasilatın Pay Bölgüsü Sazişi) ilkin olaraq 30 il müddətinə imzalanmış, 2013-cü ilin dekabrında isə 2048-ci ilə qədər uzadılmışdır. Layihə üzrə iştirak payları belədir: bp ( 28,8 faiz), TPAO (19 faiz), PETRONAS (15,5 faiz), AzŞD (10 faiz), LUKOYL (10 faiz), NIKO (10 faiz) və “Cənub Qaz Dəhlizi Apstrim” (6,7 faiz).

 Yatağın işlənməsinin növbəti mərhələsi, yəni “Şahdəniz-2” 2013-cü ildə təsdiqlənmişdir. “Şahdəniz-2” dünyanın ən böyük və ən mürəkkəb qaz layihələrindən biridir. Bu, Xəzər dənizində ilk sualtı işlənmə layihəsidir və dünyada bp şirkətinin idarə etdiyi ən iri sualtı infrastrukturudur. O, həmçinin Xəzər dənizindən hasil olunan təbii qazı ilk dəfə olaraq birbaşa Avropa bazarlarına çatdıran “Cənub qaz dəhlizi”nin ehtiyat mənbəyidir.

“Şahdəniz-2” layihəsi dənizdə 26 sualtı quyu, ümumi uzunluğu 500 kilometr olan sualtı boru kəmərləri və axın xətləri, körpü vasitəsilə birləşdirilmiş qoşa platformadan ibarətdir. Qaz 85 kilometrlik boru kəməri ilə quruya, yeni artan qaz hasilatına uyğun əhəmiyyətli dərəcədə genişləndirilmiş Səngəçal terminalına nəql olunur. Layihə çərçivəsində CQBK da genişləndirilmiş və Azərbaycanda 428 kilometrlik, Gürcüstanda isə 59 kilometrlik yeni boru kəməri, o cümlədən qazın Avropaya doğru 3500 kilometr məsafəni qət etməsi üçün üç yeni kompressiya obyektləri tikilmişdir.

Hasilatın planlaşdırılan ən yüksək sabit səviyyəsində “Şahdəniz-2” layihəsi çərçivəsində ildə 16 milyard kubmetr qaz hasil olunacaq. Yatağın işlənməsinin birinci mərhələsindən əldə olunan hasilat həcmi ilə birlikdə “Şahdəniz”dən ümumi hasilat ildə 26 milyard kubmetr qaz və gündə 100 min bareldən çox kondensat təşkil edəcək.

Bu ilin ikinci rübündə “Şahdəniz-2” çərçivəsində hasilata başlayan şərq-cənub cinahı üçüncü rübdə tam hasilat səviyyəsinə çatmışdır. Qərb-cənub cinahında “İsrafil Hüseynov” borudüzən barjı sualtı boruların quraşdırılmasını üçüncü rübdə uğurlaqrafiki qabaqlayaraq yekunlaşdırmışdır. Həmin işlər zamanı gəmi özünün ən yüksək icra və məhsuldarlıq göstəricilərinə nail olmuşdurbu da şərq-şimal cinahında 2022-ci ilin ikinci rübünə planlaşdırılan sualtı borudüzmə işlərini daha tez, 2021-ci ildə başlamağa imkan vermişdir.

İstiqlal” və “Maersk Explorerqazma qurğuları “Şahdəniz- 2” hasilatı və sonrakı tədrici artım üçün artıq ümumilikdə 21 quyu qazıb və bunlardan 19-nu tamamlayıb. İki quyu tam dərinliyədək qazılıb və konservasiya olunub. Şimal cinahında isə sözügedən son 5-ci quyudan hasilat alınıb.

Hazırda “Şahdəniz” yatağından Azərbaycan (Azərkontrakt ASC-yə), Gürcüstan (GOGC-yə), Türkiyə (BOTAŞ-a) bazarlarına, çoxsaylı obyektlər üçün BTC şirkətinə və Avropadakı alıcılara qaz çatdırılması davam edir.

 

Flora SADIQLI

 

Azərbaycan.- 2021.- 24 noyabr.- S.6.