Ağdamda tarixi-mədəni abidələrin bərpasına
başlanılır
Ermənilər işğal etdikləri digər rayonlarda olduğu kimi, Ağdamda da Azərbaycanın tarixi-mədəni irsinə qarşı görünməmiş vandalizm həyata keçiriblər. 30 ilə yaxın davam edən işğal zamanı xalqımıza məxsus tarixi, mədəniyyət və dini abidələr, qəbiristanlıqlar dağıdılıb, tarixi-mədəni təyinatına uyğun olmayan şəkildə istifadə edilərək vandalizmə məruz qalıb.
Ağdam şəhəri də olmaqla Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında bildirib ki, işğaldan azad edilmiş ərazilərdə aparılacaq quruculuq işləri çərçivəsində tarixi, mədəni və dini irsimizin də bərpası həyata keçiriləcək: “Hazırda İmarət kompleksi və Qiyaslı məscidinin restavrasiyası ilə bağlı layihələndirmə işləri aparılır. Bu işlərə həm yerli, həm də əcnəbi memarlar cəlb olunub. Plana əsasən İmarət kompleksində Pənahəli xanın sarayı, karvansaray, hamam, türbələr, tribuna bərpa ediləcək, atlar üçün cıdır, axur və suvarma yeri yaradılacaq, əraziyə çinar və meyvə ağacları əkiləcək”.
Ağdam şəhərində vandalizmə məruz qalan abidələrimizdən biri də Cümə məscididir. 1868-1870-ci illərdə memar Kərbəlayi Səfixan Qarabaği tərəfindən tikilən Ağdam Cümə məscidi ölkə əhəmiyyətli abidələr siyahısındadır. Bu məscid “Qarabağ məscid memarlığı” məktəbinə aiddir. Ermənilər tərəfindən dağıntılara məruz qalan Ağdam məscidinin minarələri daxildən sökülüb, tavanı bir neçə yerdən uçurulub, dizayn və yazıları bilərəkdən yararsız, tanınmaz vəziyyətə salınıb. Ağdam Cümə məscidində ermənilər mal-qara saxlamaqla azərbaycanlılara, müsəlman aləminə qarşı öz nifrətlərini nümayiş etdiriblər.
Emin Hüseynov qeyd edib ki, Ağdam
Cümə məscidi həm tarixi, həm
də mənəvi baxımdan xüsusi əhəmiyyət
daşıyır. Artıq Heydər Əliyev Fondu tərəfindən məscidin
restavrasiyası üçün
hazırlıq işlərinə başlanılıb. İmarət
kompleksi, Ağdam
Cümə məscidi, Qiyaslı məscidi, Şahbulaq
qalası və digər abidələrimiz bölgəni həm
də turizm baxımından tanıdacaq.
Azərbaycan.-
2021.- 24 noyabr.- S.6.