Gədəbəydə şəhidin xatirəsinə bulaq açılıb

 

Gədəbəy rayonunun İnəkboğan kəndində Vətən müharibəsi şəhidi Allahverdiyev Turxan Rəsul oğlunun xatirəsinə inşa edilmiş bulağın açılışı olmuşdur.

Açılış mərasimində çıxış edənlər 44 günlük Vətən müharibəsində Azərbaycan oğullarının göstərdikləri misilsiz şücaətdən danışmış, 30 ilə yaxın əsarətdə qalan torpaqlarımızın erməni işğalçılarından azad edilməsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun qazandığı uğurlardan söhbət açmışlar.

Qeyd edilmişdir ki, Turxan Allahverdiyev 5 aprel 1996-cı ildə Gədəbəy rayonunun İnəkboğan kəndində anadan olub. 2013-cü ildə kənd tam orta məktəbini bitirdikdən sonra həqiqi hərbi xidmətə yollanıb. Xidmət zamanı hərbçi olmağa qərara verən Turxan 2019-cu ildən müddətdən artıq hərbi  xidmətə başlayıb. 27 sentyabr 2020-ci ildə Turxan Allahverdiyevkönüllü olaraq döyüş bölgəsinə yollanıb. Şuşayacan gedib çıxan Turxan şəhər uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Turxan noyabr ayının 12-də doğulduğu kənddə dəfn edilib.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Allahverdiyev Turxan Rəsul oğlu “Vətən uğrunda” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

Mərasimdə şəhidin atası Rəsul Allahverdiyev və anası Könül Allahverdiyeva çıxış edərək övladlarının xatirəsini əziz tutanların hamısına minnətdarlıqlarını bildiriblər.

 

Sabir ƏLİYEV

 

Azərbaycan.- 2021.-24 noyabr.- S.7.