Şuşanın azad olunmasında iştirak etsə də, Zəfər gününün sevincini yaşaya bilmədi
Tacəddin Şahəddin oğlu Əzizli qısa, lakin şərəfli ömrünü Vətənin bütövlüyü, torpaqlarımızın düşmən tapdağından xilas edilməsi uğrunda mübarizəyə həsr edərkən ölümü göz altına almışdı. Vətəni yaşatmaq üçün canından keçməyə hazır olan bütün igidlərimiz kimi.
1994-cü ilin avqustunda Salyan rayonunun Sarvan kəndində ziyalı ailəsində dünyaya göz açan Tacəddin ibtidai təhsilini doğulduğu kənddə, orta təhsilini Bakıda, ali təhsilini Ukraynada almış, hərbi xidmətini Qarabağda keçmişdi. Əsgəri xidmət zamanı öhdəsinə düşən işi layiqincə görmüş, hərbi texnikanı, döyüş qaydalarını lazımınca mənimsəmiş, fərqləndiyinə görə dəfələrlə fəxri fərmanlarla təltif olunmuşdu. Komandirləri həmişə ondan razı qalmış, valideynlərinə belə ağıllı, ləyaqətli və vətənpərvər övlad tərbiyə etdikləri üçün təşəkkür məktubları göndərmişlər.
2020-ci ilin iyul ayında erməni qəsbkarlarının Tovuz ətrafında törətdiyi təxribatlar ölkəmizin bütün gəncləri kimi, Tacəddini də silaha sarılmağa sövq etdi. İxtisası üzrə işləyib hər cür maddi təminatı olmasına baxmayaraq, onun üçün Vətən daha öndə idi. Bilirdi ki, ölkənin bu dar günündə onun kimi hərbi işi bilənlərə böyük ehtiyac var.
O, Vətən müharibəsində iştirak etdi. Füzulinin Qaraxanbəyli, Seyidəhmədli kəndlərində gedən döyüşlərə qatıldı, Ələsgərli kəndində şücaət nümayiş etdirdi. Oktyabrın 28-də üç döyüş yoldaşı ilə birlikdə erməni postunu ələ keçirdilər, düşmənin çoxlu sayda canlı qüvvəsini məhv edib 4 avtomobil və xeyli silah-sürsatını qənimət götürdülər. Sonra Cəbrayıl-Hadrut istiqamətində vuruşdu, komandirlərin tapşırıqlarını yüksək səviyyədə yerinə yetirdi, dəfələrlə yaralıların köməyinə yetişdi, ən çətin anlarda yoldaşlarına arxa oldu.
Tacəddinin qismətində Şuşaya qədər irəliləmək də varmış. Şuşanın alınmasında xüsusi şücaət göstərənlərdən biri də o oldu. Amma noyabrın 9-da - müharibənin zəfərimizlə bitməsinə cəmi bir neçə saat qalmış şəhidlik zirvəsinə yüksəldi.
Tacəddin Əzizli ölümündən sonra “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Vətən uğrunda” medalları ilə təltif edilmişdir.
Seyran CAVADOV
Azərbaycan.-
2021.-24 noyabr.- S.7.