“Zəngəzur da, Qarabağ da Azərbaycan torpağıdır!”
Rəsmi İrəvanın İlham Əliyevin qərarları ilə hesablaşdığını bildirən ermənilər bunu Azərbaycanın növbəti qələbəsi kimi dəyərləndirirlər
Azərbaycanın Zəngəzur
dəhlizində israrlı olması son
günlərdə Ermənistanda ciddi
müzakirə mövzusuna çevrilib.
Ermənistanda həm iqtidar, həm də müxalifət bir-birini ittiham edir. Müxalifət iddia edir ki, iqtidar Zəngəzuru
hissə-hissə Azərbaycana
təhvil verəcək.
Bu fonda
İrəvanda etiraz aksiyalarına başlanılıb.
Aksiyanın təşəbbüskarları
siyasi partiyalar, ictimai təşkilatlar, eləcə də ayrı-ayrı şəxslərdir.
“Yaxın
vaxtlarda Zəngəzurda
bir dənə də erməni ailəsi qalmayacaq”
Aksiyaçılar Azərbaycanla sərhədlərin
delimitasiyası və
demarkasiyasına qarşı
çıxır, imzalanması
nəzərdə tutulan
sənədlərin açıqlanmasını
tələb edirlər. İrəvanın bəzi küçə və prospektlərində
aksiyalar səbəbindən
avtomobillərin hərəkətində
problem yaranıb.
Ermənistanın baş naziri Nikol Paşinyan
etirazlara cavab olaraq qeyd edib
ki, əslində Zəngəzur əvvəlki
hakimiyyət tərəfindən
Azərbaycana verilib:
“Bu gün deyirlər ki, Zəngəzur hissə-hissə verilir. Gəlin baxaq, görək Zəngəzurun
verilməsi formulu necədir: 2018-ci ildə Zəngəzurda uşaqların
yalnız 4 faizi uşaq bağçasına
getmək və məktəbəqədər təhsil
almaq imkanında idi. Zəngəzurun təhvil verilməsi
formulu məhz budur”.
Bütün bunların Zəngəzurda
yaşayışı çətinləşdirdiyini
vurğulayan Paşinyan
bu bölgədən insanların bir neçə ildir sistemli şəkildə köç etdiyinə diqqət çəkib. Ermənistanın
ən nüfuzlu daşınmaz əmlak agentliyi sayılan “Aksern”in baş direktoru Akop Baqdasaryan da bu faktı təsdiq
edib: “Zəngəzurda
yaşayan ermənilər
təcili olaraq, dəyər-dəyməz qiymətə
evlərini, torpaq sahələrini satmağa
başlayıblar”. Onun
sözlərinə əsasən,
Zəngəzur daşınmaz
əmlak bazarında canlanma son bir neçə aydır davam edir: “Canlanma
deyəndə ki, evlərini dəyər-dəyməzə,
təcili şəkildə
satmaq istəyən çox, alıcı qüvvəsi isə demək olar ki, sıfır səviyyəsindədir. Hamı özü
və ailəsi üçün təhlükəsiz
yer istəyir. Belə getsə, yaxın vaxtlarda Zəngəzurda bir dənə də erməni ailəsi qalmayacaq”.
Xatırladaq ki, İkinci Qarabağ müharibəsi
başa çatdıqdan
sonra regionda kommunikasiya xətlərinin
bərpası və yenilərinin yaradılması
Azərbaycan xarici siyasətində ən prioritet məsələlərdən
biri kimi gündəmdədir. Bu kontekstdə rəsmi Bakı ötən il noyabrın 10-da Azərbaycan,
Rusiya, Ermənistan liderləri tərəfindən
imzalanan üçtərəfli
Bəyanata əsasən,
nəqliyyat marşrutlarının
bərpasına, o cümlədən
də Zəngəzur dəhlizinin istifadəyə
verilməsinə xüsusi
diqqət yetirir.
Bölgədə kommunikasiyaların
açılması 11 yanvar
2021-ci il tarixli üçtərəfli
Bəyanatda da təsbit edilib. Rəsmi Bakının yanaşmasına
əsasən, kommunikasiyaların
bərpası Azərbaycan
və Ermənistan arasında əlaqələrin
normallaşmasına xidmət
etməklə yanaşı,
iki ölkə üzərindən ticarət
və nəqliyyat daşımalarını əhəmiyyətli
dərəcədə artıracaq.
Proseslərin bu səpkidə
inkişafı Azərbaycan
və Ermənistana mühüm dividendlər qazandıracaq, eyni zamanda tərəfdaş dövlətlərə böyük
fayda verəcək.
Qarabağ məsələsi
birdəfəlik bağlanıb
Bütün bunlar nəticə etibarilə regionda davamlı sülhün və sabitliyin təmin edilməsində önəmli rol oynayacaq. Sülh müqaviləsinin imzalanması ilə əməkdaşlıq üçün
yaranacaq yeni zəmin fonunda Ermənistan çoxdan arzusunda olduğu bir sıra vacib
layihələri reallaşdıra
bilər. Buna konkret nümunə kimi Ermənistanın Rusiya və İranla dəmir yolu bağlantısını
yarada bilmək imkanlarını göstərmək
olar. Ermənistan qəbul etməlidir
ki, onun təhlükəsizliyinə və
iqtisadi inkişafına
regionun lider ölkəsi olan Azərbaycandan başqa heç bir dövlət zəmanət
verə bilməz.
Bu günlərdə
isə Ermənistanın
Respublikaçılar Partiyasının
sədr müavini Armen Aşotyan bildirib ki, baş
verənlər Azərbaycana
Zəngəzur dəhlizini
daha tez reallaşdırmaq imkanı
yaradır: “Noyabrın
10-da imzalanan sənəddə
dəhliz məntiqi
var. Sənədin 9-cu bəndində
deyilir ki, Azərbaycanı Naxçıvanla
birləşdirən nəqliyyat
marşrutu Rusiya sərhədçiləri tərəfindən
idarə olunacaq.
Yəni Ermənistan artıq öz suverenliyinin bir hissəsini verib. Ona görə də
deyəndə ki, dəhliz olmayacaq, sizi aldadırlar. Onsuz da dəhliz olacaq. Problem başqadır:
bu dəhlizə kim nəzarət edəcək - Rusiya, yoxsa Azərbaycan qüvvələri?”.
O, Təhlükəsizlik
Şurasının katibi
Armen Qriqoryanın dəhliz məsələsinin
güc yolu ilə həllinə cəhd ediləcəyi halda müqavimət göstərəcəyi barədə
bəyanatına da toxunub: “Uşaqlar, əgər sizin rəhbərliyiniz altında
olan silahlı qüvvələr müqavimət
göstərmək iqtidarındadırsa,
bəs nə üçün Qaragöl
və Zod-Xəznəvarda
sərhədimizi qoruya
bilmirsiniz? Xalqı axmaq hesab edirlər. Nə qədər aldandığınızı
başa düşürsünüz,
əziz insanlar? Camaat, sizdən üzr istəyirəm, amma Paşinyan hökuməti sizi ulaq yerinə
qoyub. Hətta qoydular, bunu
həzm etdiniz və yenə də həyasızcasına
qoymağa davam edirlər. Onlar sizin səbir
kasanızın hara qədər doldurulacağını
anlamaq istəyirlər
ki, çıxıb onu və onun
dəstəsini devirib,
rədd edəsiniz”.
Erməni siyasi icmalçı Qalust Qriqoryan isə bildirir: “Bu yaxınlarda Nikol Paşinyan etiraf etdi ki,
Zəngəzurda müəyyən
əraziləri Azərbaycan
tərəfinə təqdim
edib. Paşinyanın sözlərinə görə, bu qərar hərbi əməliyyatların yenidən
başlanmaması üçün
verilib. Hazırda Bakıda nəinki
Zəngəzur dəhlizi
barədə söhbətlər
dolaşır, həm
də Azərbaycan tərəfi Zəngəzur
dəhlizinin əməli
surətdə həyata
keçirilməsi ilə
məşğul olur.
Keçək Təhlükəsizlik
Şurasının katibi
Armen Qriqoryanın bu günlərdə bəyan ediyi fikirlərə: “Ermənistan
demarkasiya və delimitasiya prosesinə başlamağa hazırdır”.
Bu o deməkdir ki, Qarabağ məsələsi birdəfəlik
bağlanıb. Biz ermənilər də etiraf etməyə başlaycaq ki, Zəngəzur da, Qarabağ da Azərbaycan torpağıdır!”
Digər erməni
hərbi-siyasi ekspert Gevorq Gevorqyan isə qeyd edib
ki, Türkiyə və Azərbaycan Zəngəzur dəhlizini
alacaqlarından və
türklərin sülhü
ilə Ermənistanın
“dövlətçiliyi”nin
məhvinin başlayacağından
əmindirlər: “Ermənistan
ətrafında sakit şəkildə hədsiz
dərəcədə şübhəli
proseslər baş verir. Biz yenə
uduzuruq”.
Xarici siyasət,
müdafiə və təhlükəsizlik üzrə
rus ekspert Qriqori Trofimçuk isə qeyd edir
ki, Ermənistanda siyasi qüvvələrin mövqeyindən asılı
olmayaraq, Zəngəzur
dəhlizi reallaşacaq.
Buna qarşı çıxmaq
erməni tərəfinə
baha başa gələcək: “Azərbaycan
tərəfi mütəmadi
olaraq xatırladır
ki, 2020-ci il razılaşmasının vaxtı
sürətlə bitir.
Zəngəzur dəhlizinin olub-olmaması
ilə bağlı mübahisə etmək olmaz”.
Bütün bunlar dəhlizin reallaşmasının bir
daha qaçılmaz olduğunu göstərir.
Elçin Cəfərov
Azərbaycan.- 2021.-24 noyabr.- S.1; 7.