Mərkəzi Asiya Regional
İqtisadi Əməkdaşlıq
Proqramı çərçivəsində yüksək səviyyəli
virtual dialoq keçirilib
Ölkəmizdə həyata keçirilən sosial dəstək proqramları barədə
beynəlxalq tədbir iştirakçılarına məlumat verilib
Azərbaycanın 2021-ci il ərzində sədrlik etdiyi Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) Proqramı çərçivəsində “CAREC regionunda COVİD-19 pandemiyasından sonra artan bərabərsizliyin aradan qaldırılması üçün sosial xərclər” mövzusunda videokonfrans formatında yüksək səviyyəli dialoq keçirilib.
11 ölkənin (Azərbaycan, Gürcüstan, Əfqanıstan, Çin, Qazaxıstan, Qırğızıstan, Monqolustan, Tacikistan, Özbəkistan, Türkmənistan, Pakistan) daxil olduğu Proqram regional əməkdaşlığın dəstəklənməsi vasitəsilə üzv ölkələrdə iqtisadi artımın və həyat tərzinin yaxşılaşdırılması məqsədi daşıyır.
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov virtual dialoqun COVID-19-un təsirlərinin yumşaldılması tədbirləri və pandemiyadan xilas olmaq üçün strategiyalarla bağlı fəal təcrübə mübadilələri üçün dəyərli imkan yaratdığını vurğulayb. Nazir müavini CAREC regionu çərçivəsində əməkdaşlığa böyük əhəmiyyət verən Azərbaycanın artıq 3-cü dəfə olmaqla 2021-ci ildə də bu inklüziv əməkdaşlıq platformasına sədrlik etdiyini, CAREC-in regionun davamlı iqtisadi inkişafına gələcəkdə də töhfə verəcəyinə əminliyini bildirib.
A.Kərimov Prezident İlham Əliyevin tapşırığı ilə pandemiyanın ilk günlərindən ölkəmizdə icra olunan çevik və genişmiqyaslı sosial dəstək proqramlarından danışıb. O, ölkəmizdə sosial ödənişlərin və əməkhaqlarının artırılması istiqamətində nailiyyətləri qeyd edib. Normativ-hüquqi bazanın təkmilləşdirilməsi və yeni qanunların, strategiyaların qəbulu, sosial sahədə elektron xidmətlərin geniş tətbiqi, sosial ödənişlərin adekvatlığının və şəffaflığının təmin edilməsi, sosial xidmətin keyfiyyətinin yüksəldilməsi, vətəndaş məmnunluğuna nail olunması istiqamətlərində atılan mühüm addımları diqqətə çatdırıb. Dövlət sosial xidmətlərinin “bir pəncərə”dən, operativ və şəffaf təşkili üçün yaradılan DOST mərkəzləri, avtomatlaşdırılmış pensiya təyinatı mexanizmi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 18 altsistemdən ibarət mərkəzləşdirilmiş informasiya sistemi, “e-sosial” internet portalı, “Məşğulluq” alt sistemi barədə məlumat verib.
Nazir müavini Azərbaycanda qeyri-rəsmi məşğulluğun qarşısının alınması, işçi qüvvəsinin əmək bazarına uyğunlaşdırılması, inklüziv məşğulluğun təmin edilməsi istiqamətlərində aparılan işləri qeyd edib, gender bərabərliyinin təmin edilməsinin diqqətdə saxlandığını bildirib. A.Kərimov 2019-cu ildə sosial müavinət və pensiyalarda orta hesabla 92 faiz, minimum pensiyada 82 faiz, minimum əməkhaqqında 92 faiz artım olduğunu, digər sosial ödənişlərdə baş verən artımları diqqətə çatdırıb. 2019-cu il üzrə edilən həmin artımların maliyyə həcminin illik 2,3 milyard manat olduğunu və 4,2 milyon nəfəri əhatə etdiyini, bu artımların pandemiyanın həssas əhali qruplarına mənfi təsirlərini əhəmiyyətli dərəcədə yumşaltmağa kömək etdiyini vurğulayıb.
A.Kərimov həmçinin pandemiya dövründə ünvanlı sosial yardım, özünüməşğulluq proqramlarının əhatə dairəsininin genişləndirildiyini, xüsusi karantin dövründə birdəfəlik ödəmə proqramlarının icra edildiyini, 90 min işsiz və işaxtaran üçün haqqı ödənilən ictimai işlərin təşkil olunduğunu və s. sosial dəstək mexanizmlərini diqqətə çatdırıb. O, qarşıdakı dövrdə də ölkəmizdə sosial rifah siyasətinin davam etdiriləcəyini, 2022-ci ildə Azərbaycanda sosialyönümlü xərclərin dövlət büdcəsinin 46,4 faizini və ya 13,8 milyard manatını təşkil edəcəyini bildirib. Qeyd edib ki, gələn il minimum əməkhaqqının artırılması, büdcədən maliyyələşən təşkilatların əməyinin ödənilməsi sisteminin təkmilləşdirilməsi, minimum pensiyanın, ehtiyac meyarının, bir sıra sosial müavinət və ödənişlərin artırılması nəzərdə tutulur.
Nazir müavini vurğulayıb ki, bir il əvvəl Azərbaycan Respublikası beynəlxalq hüquq normaları çərçivəsində öz ərazi bütövlüyünü bərpa etdi, BMT-nin 4 qətnaməsinin icrasına nail oldu. İşğaldan azad edilmiş ərazilərimizin bərpası istiqamətində hazırda fəal iş aparılır.
İclasda COVİD-19 pandemiyası nəticəsində yaranmış iqtisadi və maliyyə çətinliklərinin həlli, gələcəkdə yarana biləcək iqtisadi və maliyyə böhranlarına qarşı güclü və davamlı sosial müdafiə sisteminin qurulması məsələləri ətrafında müzakirələr, təcrübə mübadilələri aparılıb.
Azərbaycan.- 2021.- 24 noyabr.- S.7.