“Təhlükə hələ sovuşmayıb”

 

Ümumdünya Səhiyyə Təşkilatı növbəti dəfə dünya ölkələrinə xəbərdarlıq etdi

 

 

 

Avropada hazırkı epidemioloji tendensiyaların qorunub-saxlanması 2022-ci ilin yazında  yeni tipli koronavirusla bağlı yaranan fəsadlardan daha yarım milyon insanın  həyatına son qoya bilər. Bu barədə məlumat verən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa bölməsinin icraçı direktoru Robb Batlerin dediyinə görə, ölüm hallarının sayı artıq 1,5 milyon rəqəmini aşıb: “Əgər biz əvvəlki xətti davam etdirsək, gələn ilin yazında daha 500 min ölüm proqnozlaşdıra bilərik”.

O, qeyd edib ki, ÜST-ün Avropa bölməsinin məsuliyyətinə aid 53 ölkənin əhalisinin yalnız 54 faizi peyvənd olunub. İndi region çətin qış mövsümünə hazırlaşmalıdır. Batler COVID-19 xəstəliyinin artmasının virusun qarşısında zəif olan çox sayda insanın olması və xüsusilə peyvənddən 30 həftə sonra əvvəllər aşılanmış əhali tərəfindən vaksinasiya nəticəsində əldə edilən immunitetin tədricən zəifləməsi ilə izah edib. Vəziyyətin pisləşməsi riski ilə bağlı digər amillər arasında qış mövsümü və insanların evlərdə, qapalı məkanlarda qalması da var.

ÜST-ün Avropa regionunun sakinlərinin yalnız 48 faizi  tibbi maskalar daşıyır, lakin əgər bu praktikanı genişləndirsək, xəstəliklərin və ölüm hallarının azaldılmasına nail olmaq mümkündür.

 Hesablamalara görə, maskalardan ümumi istifadə 95 faiz olsaydı, 160 min insan koronavirusdan xilas edilərdi.

 

 

 

Uşaqların immunlaşdırılması

 

 

 

Mövcud statistikaya görə, 15 yaşına çatmamış uşaqlar  koronavirusdan ölənlərin yalnız 0,1 faizini, 15 yaşdan 24 yaşa qədər olan gənclər isə 0,4 faizini təşkil edirlər.

 

ÜST-ün bəyanatında bildirilir ki, COVID-19-un ağır formaları ilə bağlı əsas yükü daha yaşlı insanlarxroniki xəstəlikləri olan adamlar daşıyırlar. Ümumilikdə, onlarla müqayisədə uşaqlarda və yeniyetmələrdə infeksiya əlamətləri və onun ağır fəsadları və ya ölümlə nəticələnməsi halları daha az müşahidə olunur.

 

 ÜST espertləri hesab edirlər ki, indiki mərhələdə uşaqları COVID-19-dan immunlaşdırma kampaniyasına başlamaq qərarını konkret vəziyyətə əsaslanaraq hər bir ölkənin hökuməti qəbul etməlidir.

 

 

 

Avropa yenə pandemiyanın episentridir

 

 

 

Ötən həftə COVID-19-a yoluxma hallarının 60 faizi Avropanın payına düşüb. Bu barədə İsveçrənin Cenevrə şəhərində keçirilən brifinqdə ÜST-ün Baş direktoru Tedros Gebreyesus məlumat verib. Onun sözlərinə görə, pandemiya üzərində tam qələbə haqda bu gün heç bir ölkə raport verə bilməz. Narahatlıq doğuran odur ki, çox ölkədə və icmalarda vaksinlərin xəstəliyin qarşısını tamamilə alacağı və peyvəndlənmiş insanların profilaktik tədbirlər görməsinin vacib olmadığı  ilə bağlı yanlış təhlükəsizlik hissi müşahidə olunur. Əgər siz peyvənd almısınızsa, xəstəliyi ağır keçiricəyiniz ehtimalı çox azdır, amma siz hələ də yoluxa və başqalarını yoluxdura bilərsiniz. Peyvəndlər həyatı xilas edir, lakin onlar infeksiyanın ötürülməsinin qarşısını tamamilə ala bilmir.

 

Gebreyesus bildirib ki, mövcud məlumatlara görə, koronavirusunDelta” variantının ortaya çıxmasından əvvəl vaksinlər xəstəliyin yayılmasını 60 faiz azaldırdı, indi isə bu göstərici 40 faizə düşüb: “Əgər peyvəndi alsanız, xəstəliyin ağır gedişi sizi daha az təhdid edər, lakin siz hələ də yoluxma və başqalarını yoluxdurma riski ilə qarşılaşırsınız”.

 

Sağalmış və peyvənd almış adamlarda əmələ gələn anticisimlər ilkin virusa qarşı effektiv olsa da, onun mutasiyalarına qarşı zəif hərəkət edirlər. Bu halİmmune Escape” - immun qaçışı adlanır. Bu, faktiki olaraq virusun insanın immun sistemi tərəfindən aşkar olunmasından qaçmaq qabiliyyətidir. Yekunda həm vaksin almış, həm də xəstəliyi keçirmiş adamlar yenidən yoluxa bilərlər.

 

ÜST-ün rəhbəri insanları infeksiyadan və infeksiyanın başqalarına ötürülməsindən qaçmağa kömək edən ehtiyat tədbirlərindən imtina etməməyə, maska taxmağa, əlləri yumağa, məsafə saxlamağa və adamların kütləvi toplaşdığı yerlərə getməməyə çağırıb.

 

Beləliklə, daha çox ehtimal olunur ki, təhlükəli mutasiyalar məhz virusun maneəsiz və sürətlə yayıla biləcəyi yerlərdə əmələ gəlir.

 

 

Rizvan CƏFƏROV,

Azərbaycan.-2021.- 26 noyabr.- S.8.