“Karabakh Memorial” internet resursunun
təqdimat mərasimi
keçirilib
Vətən müharibəsi zamanı
beynəlxalq humanitar hüququn norma və prinsiplərinə məhəl qoymayan Ermənistan silahlı qüvvələri tərəfindən
mülki əhaliyə
qarşı törədilən
terrorun nəticələrini
dünya ictimaiyyətinə
çatdırmaq, eləcə
də həlak olmuş mülki əhalinin əziz xatirəsinin əbədiləşdirilməsi
məqsədilə Qarabağ
Dirçəliş Fondu
tərəfindən yaradılmış
“Karabakh Memorial” internet resursunun
noyabrın 25-də təqdimatı
keçirilib.
AZƏRTAC xəbər verir ki, bu
internet resursu ideya müəllifi Azərbaycanın
Birinci vitse-prezidenti Mehriban Əliyeva olan “Karabakh Center” layihəsi çərçivəsində
yaradılıb.
Tədbirdə Qarabağ Dirçəliş
Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev, Azərbaycan Respublikasının
insan hüquqları üzrə müvəkkili
(ombudsman) Səbinə Əliyeva,
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin
sədri Bahar Muradova, Milli Məclisin deputatları, Xarici İşlər Nazirliyinin təmsilçiləri
və Ermənistan silahlı qüvvələri
tərəfindən mülki
əhaliyə qarşı
törədilən terror nəticəsində
ailə üzvlərini,
əzizlərini və
yaxınlarını itirən
şəxslər iştirak
ediblər.
Əvvəlcə Azərbaycanın ərazi
bütövlüyü uğrunda
canlarından keçmiş
şəhidlərin əziz
xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri açan Qarabağ
Dirçəliş Fondunun
İdarə Heyətinin
sədri Rəhman Hacıyev bildirib ki, ötən il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsində Azərbaycan
xalqı Ali Baş Komandan İlham Əliyevin “dəmir yumruğu” ətrafında
birləşərək həmrəylik
nümayiş etdirib və tarixi Zəfər qazanıb.
Bu müharibədə Azərbaycan Ordusu qarşısında məğlub
olan Ermənistan silahlı qüvvələri
mülki əhalini hədəfə alıb və müharibə zonasından xeyli aralıda yerləşən
şəhər və
rayon mərkəzlərini qadağan
olunmuş silahlarla atəşə tutublar.
Ermənistan silahlı qüvvələrinin
döyüş bölgələrindən
uzaq məsafədə
yerləşən şəhər
və qəsəbələrimizdə
yaşayan dinc əhaliyə qarşı
törətdiyi müharibə
cinayətləri nəticəsində
12-si uşaq, 27-si qadın
olmaqla ümumilikdə
93 mülki şəxs
həlak olub.
İkinci Qarabağ müharibəsindən
dərhal sonra Ermənistan silahlı qüvvələrinin müharibə
cinayətləri nəticəsində
ailə üzvlərini,
doğmalarını, əzizlərini
və yaxınlarını
itirmiş şəxslərlə
çoxsaylı görüşlər
keçirilib, müsahibələr
alınıb. Həlak olmuş şəxslər
haqqında zəruri informasiya, on mindən artıq foto və sənəd toplanıb.
“Karabakh Memorial” layihəsində
“Azyaşlı qurbanlar”,
“Təcavüzün mülki
qurbanları”, “Erməni
hücumlarının hədəfləri”
bölmələri və
terror aktları nəticəsində
həlak olan 12 azyaşlının hekayəsi
3 dildə yer alıb.
Rəhman Hacıyev vurğulayıb
ki, “Karabakh Memorial”
internet resursu Ermənistanın
müharibə cinayətlərinin
beynəlxalq təşkilatlar
tərəfindən araşdırılması
və bu cinayətlərin ifşası
üçün əhəmiyyətli
mənbə olacaq. Həmçinin “Karabakh Memorial” internet resursunda
sənədləşdirilmiş və əbədiləşdirilmiş
materialların sosial şəbəkələrdə və digər informasiya resurslarında təbliğatı aparılacaq.
Təqdimat mərasimində çıxış
edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bildirib ki, Qarabağın
30 ilə yaxın işğalda olduğu dövrdə yüz minlərlə azərbaycanlı
ailə - qadınlar, uşaqlar fundamental hüquqlarından
məhrum ediliblər.
Beynəlxalq erməniçiliyin fəaliyyəti bütün
dünya üçün
ən böyük cinayət olsa da, bu illər
ərzində beynəlxalq
təşkilatlar tərəfindən
Ermənistanın törətdiyi
cinayətlərə laqeyd
münasibət göstərilib
və təcavüzkar
ölkəyə heç
bir təzyiq edilməyib.
Bahar Muradova doğmalarını, əzizlərini
və yaxınlarını
itirən şəxslər
haqqındakı sənədlərin,
fotoların toplanmasının
və Ermənistana qarşı ittiham sənədinə daxil edilməsinin zəruriliyini
vurğulayıb.
Tədbirdə çıxış edən Azərbaycan Respublikasının insan hüquqları üzrə
müvəkkili (ombudsman) Səbinə
Əliyeva deyib ki, BMT-nin Uşaq Hüquqları
Haqqında Konvensiyasında
və digər mühüm sənədlərdə
uşaqlarla bağlı
təsbit olunan hüquqların həyata keçirilməsi, onların
təhlükəsiz, bərabər,
tolerant və sağlam
mühitdə yaşamasının,
layiqli həyat səviyyəsinin təmin
edilməsi dövlətlərin
qarşısında duran
ən mühüm vəzifələrdəndir. Uşaqların hüquq və maraqlarının qorunması,
hərtərəfli inkişafı
istiqamətində göstərilən
səylərə baxmayaraq,
əfsuslar olsun ki, müasir dünya reallığında
onlar bir sıra təhlükələrdən,
o cümlədən müharibədən
əziyyət çəkirlər.
Təəssüf ki,
2020-ci ildə Vətən
müharibəsi zamanı
Ermənistan silahlı
qüvvələrinin Azərbaycanın
Naftalan, Ağcabədi,
Gəncə, Tərtər,
Bərdə kimi şəhər və rayonlarında yerləşən
mülki yaşayış
məntəqələrini ağır
artilleriyadan atəşə
tutması nəticəsində
ümumilikdə 10-dan çox
uşaq həlak olub, 50-si yaralanıb, bir çox uşaq isə valideynlərini itirib. Ermənistanın Azərbaycana qarşı
30 illik hərbi təcavüzü dövründə
çoxsaylı belə
hallar olub. Xocalı soyqırımı
zamanı 613 nəfər,
o cümlədən 63 uşağın
öldürülməsi, habelə
Ermənistan silahlı
qüvvələrinin mülki
yaşayış məntəqələrini
atəşə tutması
nəticəsində 2011-ci ildə Ağdam rayonunda 9 yaşlı Fariz Bədəlovun və Tovuz rayonunda
13 yaşlı Aygün
Şahmalıyevanın, 2017-ci ildə Füzuli rayonunda 2 yaşı tamam olmayan Zəhra
Quliyevanın nənəsi
ilə birlikdə həlak olması uşaqların Ermənistan
tərəfindən törədilən
müharibə cinayətlərinin
qurbanına çevrilmələrinin
bariz nümunələrindəndir.
Qeyd edilib ki, Birinci Qarabağ
müharibəsi nəticəsində
4000-ə yaxın itkin
düşmüş şəxs
arasında uşaqlar da olub.
Ermənistanın hücumları ötən il Şəhriyar Qurbanov kimi neçə-neçə istedadlı uşağın həlak olmasına, onların incəsənət, idman sahələrində arzularının nakam qalmasına səbəb olub. Eləcə də Gəncə şəhərinə atılan raket nəticəsində Rusiya Federasiyası vətəndaşı Artur Mayakovun qətli bir daha sübut etdi ki, Ermənistanın törətdiyi cinayət aktları nəticəsində dilindən, dinindən, irqindən, milli, etnik və ya sosial mövqeyindən asılı olmayaraq, bütün uşaqlar qurbana çevrilir.
Azərbaycan isə heç bir əlamətinə görə ayrı-seçkiliyə yol vermədən hər bir uşağın hüquqlarına hörmət bəsləyir, onların sülh, multikulturalizm, tolerantlıq şəraitində yaşamasını təmin edir.
Ermənistan 1949-cu il Cenevrə Konvensiyaları, BMT-nin Uşaq Hüquqları Konvensiyası da daxil olmaqla, bir çox beynəlxalq hüquq normalarını dəfələrlə kobud şəkildə pozmuşdur. Lakin Ermənistana qarşı hələ də heç bir beynəlxalq hüquqi sanksiya tətbiq edilməmişdir. Habelə mülki obyektlərin hədəfə alınması, bir çox yaşayış evlərinin, təhsil və səhiyyə müəssisələrinin dağıdılması uşaqların təhsil, sağlamlıq və digər hüquqlarının pozulmasına gətirib çıxarmışdır. Bununla yanaşı, intensiv şəkildə atəş açılması uşaqların psixoloji sarsıntı keçirməsinə səbəb olmuşdur.
Tədbirdə həmçinin Milli Məclisin deputatı Müşfiq Cəfərov və Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva çıxış ediblər.
Sonra “Karabakh
Memorial” layihəsinin təqdimat
videosu nümayiş etdirilib.
Azərbaycan.-2021.- 26 noyabr.- S.4.