Könülsüz seçdiyi sənətlə könüllərdə
qalan aktrisa
Arzusunda olmadığı, məcburiyyət qarşısında qalaraq, istəmədən seçdiyi sənət onu tanıtdı, sevdirdi və Azərbaycan teatr, kino sənəti tarixində əbədi yaşamaq imkanı qazandırdı...
Nəcibə Məlikova əsilli-köklü bəy qızı idi. Atası Haşım bəy Sağib hələ XX əsrin əvvəllərindən Bakıda maarifpərvər ziyalı kimi tanınırdı. Şair, jurnalist və publisist Haşım bəy Sağib “Yeni yol”, “Maarif və mədəniyyət” və başqa qəzet və jurnallarda çıxış etmiş, Bakı şairlərinin əsərlərindən ibarət almanaxlarda şeirləri verilmiş, kitabları çap olunmuşdu. Bakının varlı adamlarından biri olan Haşım bəy Sağib həm də xeyriyyəçi idi.
Anası Xoşsima xanım da maarifpərvər qadın idi. Sovet hakimiyyəti illərində fəal komsomolçu olan Xoşsima xanım Azərbaycan sovet dövlət və partiya xadimi, publisist, alim, məsul vəzifələrdə çalışan Ruhulla Axundovun bacısı idi.
Haşım bəy Sağiblə Xoşsima xanımın sonbeşiyi olub Nəcibə Məlikova. O, 1921-ci il oktyabrın 25-də Bakının Buzovna kəndində dünyaya göz açıb. Dörd bacının ən kiçiyi olub.
“Xalq düşməni”nin bacısı qızı
1930-cu illərdə sovet hökumətinin həyata keçirdiyi repressiya siyasəti onlara da dağ çəkib. 1931-ci ildə atası Haşım bəy qəflətən vəfat edib. Ancaq ailənin dərdi bununla bitməyib. Nəcibə Məlikovanın dayısı Ruhulla Axundov 1938-ci ilin yayında həbs olunub. Dayısı repressiya siyasətinin güdazına getdikdən sonra Nəcibə xanımgilin də qara günləri başlayıb. Bütün çətinliklərə, maneələrə baxmayaraq, həyatlarına davam edib, yaxşı təhsil almağa çalışıblar.
Nəcibə Məlikova uşaqlıqdan həkim olmaq istəyib. Amma Tibb İnstitutunda oxumaq arzusu “xalq düşməni”nin bacısı qızı olduğuna görə ürəyində qalıb.
Orta məktəbi bitirən Nəcibə Məlikova stenoqrafçı işləyib. Sonra sənədlərini Bakı Teatr Məktəbinə vermək məcburiyyətində qalıb. O zaman ağlına da gətirməyib ki, könülsüz təhsil almağa başladığı bu sənət onun taleyində böyük rol oynayacaq...
Nəcibə Məlikovanın ilk və son məhəbbəti...
1940-1943-cü illərdə Bakı Teatr Məktəbində Xalq artisti Fatma Qədrinin sinfində oxuyub. Elə həmin illərdə aktrisalıq sənətinə bağlanıb. Məktəbi bitirdikdən sonra Gəncə Dövlət Dram Teatrında işləməyə gedib. Bu şəhəri onun həyatında unudulmaz edən yalnız teatr sənətində atdığı ilk addımlar olmayıb. Nəcibə Məlikova Gəncə şəhərində həm də öz ilk və son məhəbbəti ilə qarşılaşıb...
Gəncənin tanınmış adamlarından
olan Nəsrəddin Həsənovu elə teatrda tanıyıb. Nəsrəddin də
aktrisanı tamaşaların birində görüb,
aşiq olub. Nəcibə
xanım onunla ailə qurmağa
razılıq verib. Bu
evlilikdən bir oğlu
dünyaya gəlib.
Bir gün isə Nəsrəddin ona başqası ilə evləndiyini söyləyib. Nəcibə xanım ona heç bir söz demədən oğlunu da götürüb Bakıya qayıdıb. Həyat yoldaşı çox keçmədən, otuz yaşında faciəli şəkildə dünyasını dəyişib.
İyirmi doqquz yaşlı Nəcibə Məlikova isə bundan sonra bir daha ailə qurmayıb. Bütün həyatını sənətinə həsr edib.
Tənhalığı sevməyən, sözün düzünü üzə deyən, ötkəm adam...
Hələ Bakı Teatr Məktəbində təhsil aldığı illərdə Akademik Milli Dram Teatrının tamaşalarında kiçik rollar oynayan aktrisa 1952-ci ildən film çəkilişləri ilə əlaqədar kiçik fasilələrlə bu teatrda işləyib. Akademik Milli Dram Teatrında ilk rolu K.Qoldoninin “Mehmanxana sahibəsi” komediyasında Mirandolina olub. “Şeyx Sənan”da Xumar, “Səyavuş”da Firəngiz, “Pəri cadu”da Şamama cadu, “Aydın”da Böyükxanım, “1905-ci ildə”də Sona, “Sevil”də Edilya, “Həyat”da Atlas, “Kəndçi qızı”nda Ayxanım, “Büllur sarayda”da Qönçə, “Qəribə oğlan”da Məlahət, “Əks-səda”da Zərifə, “Mirzə Şəfi Vazeh”də Zübeydə, “Vaqif”də Xuraman, “Əliqulu evlənir”də Yasəmən, “Küləklər”də Firuzə, “Əcəb işə düşdük”də Məlahət, “Lənkəran xanının vəziri”ndə Şölə xanım və Ziba xanım, “Müsyö Jordan və dərviş Məstəli şah”da Şəhrəbanı, “Cehizsiz qız”da Oqudalova, “Kimdir müqəssir?”də Korinkina, “Zikovlar”da Sofiya İvanovna, “Türkiyədə”də Nazir qızı, “Məzəli hadisə”də Marianna, “Namus”da Süsənbər, “Orlean qızı”nda Aqnessa, “Sevilya ulduzu”nda Estrelya olub.
Nəcibə Məlikovanı geniş tamaşaçı kütləsinə isə filmlərdə oynadığı rollar tanıdıb. O, “Ögey ana”da Dilarə, “Aygün”də Aygün, “Arşın mal alan”da Cahan xala, “Əhməd haradadır?”da Nərgiz xala rolları ilə tamaşaçıların sevgisini qazanıb.
İstəmədiyi, ürəyincə olmayan rollara çəkilməyə razılıq verməzmiş. Həyatda da belə imiş. Ötkəm, sözün düzünü üzə deyən Nəcibə Məlikovanın sevənləri kimi, sevməyənləri də olub. Yaradıcı adamlar arasında olan qısqanclıqdan o da az çəkməyib. Ancaq buna görə nə xasiyyətini dəyişib, nə də güzəştə gedib.
O, iyirmi yeddi il şəkər xəstəliyindən əziyyət çəkib. Bu illər ərzində həkimlərin bütün məsləhətinə əməl edib. Amma düçar olduğu xəstəlik onu bu həyatdan qoparıb. Nəcibə Məlikova yetmiş bir yaşında, 1992-ci il iyulun 27-də dünyasını dəyişib. İkinci Fəxri xiyabanda dəfn olunub.
İstedadlı aktrisa 1959-cu ildə respublikanın Əməkdar artisti, 1974-cü ildə Xalq artisti fəxri adlarına layiq görüldü. Həyatda çox vəfasızlıqlarla, göründüyü kimi olmayanlarla qarşılaşdı. Ancaq illərini sərf etdiyi, ürəyinin hərarətini verdiyi sənətdən həmişə etibar gördü. Aktrisalıq sənəti Nəcibə Məlikovanı dünyada olmayanda da sevdirdi, onu yaddaşlarda saxladı...
Zöhrə
FƏRƏCOVA,
Azərbaycan.-2021.- 26 noyabr.- S.7.