Ulduzlu gecələrin
rəngli nağılları
Tanınmış
xalçaçı-rəssam Ulduz Səmədova
Ümumdünya Əqli Mülkiyyət Təşkilatının
“Qızıl medal”ına layiq görülüb
Nağılabənzər həyatı, qabiliyyəti, istedadı haqqında çoxdan yazmalı olduğum, musiqinin, xüsusən də aşıq sənətinin bilicisi, bir vaxtlar Kəlbəcərdə mahir qarmon ifaçısı kimi tanınan Ulduz Səmədova ilə illərdən sonrakı görüşümüzü o, ziyarət kimi dəyərləndirdi. 1993-cü ildən sığındığı, daha doğrusu, müvəqqəti məskunlaşdığı ünvan paytaxt Bakının Binəqədi rayonu ərazisində fəaliyyət göstərən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Respublika Əlillərin Bərpa Mərkəzinin yataqxanasıdır.
Ulduz Səmədova Azərbaycanın dilbər guşələrindən biri olan, 27 il Ermənistanın təcavüzkar siyasətlə işğalda saxladığı Kəlbəcər rayonunun Qamışlı kəndində, ustad ozan, aşıq Gərayın ailəsində dünyaya göz açıb. Demək olar ki, bu ailə bütövlükdə istedadlıları ilə hələ Kəlbəcərdə ikən tanınırdı. Atası, Dədə Şəmşirin şəyirdlərindən olan, bir neçə məşhur aşıq havalarının müəllifi Gəray Səmədov o zamanlar Moskvada keçirilən ittifaq miqyaslı Azərbaycan Aşıqlarının III Qurultayının iştirakçısı idi...
Ulduz Səmədova Bakı Mədəni-Maarif Texnikumunu (hazırkı Bakı Humanitar Kolleci) bitirdikdən sonra M.A.Əliyev adına Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini 3-cü kursa kimi oxuyub. Sonralar Azərbaycan Dövlət Neft Akademiyasını da bitirib.
...Tale yollarına yazılandan qaçmaq mümkün olmur. Ulduz xanımın da ömrünə, taleyinə yazılanlar ürəkaçan olmayıb. Gəncliyinin odlu-alovlu illərində ermənilərin məkrli planları nəticəsində şikəstlik qazanan Ulduz Səmədova ömürlük əlil arabasına möhtac olub: I qrup əlildir. Hərəkətində yaranan məhdudiyyətlər onu həmyaşıdlarından aralı, səhnədən, konsert salonlarından uzaq salıb. Lakin həmişə pozitivliyi ilə çoxlarına nümunə olan Ulduzun həyata baxışları dəyişib. O, ömür-gününü, sevgi-məhəbbətini qədim el sənəti olan xalçaçılığa həsr edib. İndi əlil arabası ona anası, bacıları qədər doğmadır: hərəkətə gətirir, həyatını davam etdirir. Bir vaxtlar şirmayı dilli qarmonda muğam-segah, xalq və bəstəkar mahnılarını, milli rəqslərimizi peşəkar səviyyədə ifa edən Ulduz Səmədova indi mehrini xalçaya salıb.
1995-ci ildən xalı-xalça toxumaqla məşğul olan Ulduzda rəssamlıq qabiliyyəti də özünü göstərib. Tanınmış xalça ustası, Xalq rəssamı Kamil Əliyevdən bu ecazkar sənətin sirlərini öyrənən Ulduz xanımın əl işləri müxtəlif sərgilərdə uğurla nümayiş etdirilib. Toxuduğu xalçalarda milli ruhu qoruyaraq, incə ornamentlərdən, zərif və nəfis naxışlardan istifadə edərək, Azərbaycan xalqının qədim mədəniyyətini və incəsənətini ilmələrində qoruyab saxlayan sənət əsərləri yaradır. O, hərəkət məhdudiyyətli olmasına baxmayaraq, bir çox uğurlara imza atıb: 2007-ci ildə Heydər Əliyev Fondunun təqdimatı ilə Ümumdünya Əqli Mülkiyyət Təşkilatı tərəfindən yüksək naliliyyətlərinə görə “Qızıl medal”la təltif edilib. 2015-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin keçirdiyi IX Ümumrespublika Yaradıcılıq Müsabiqəsində iştirak edən Ulduz xanım xalça sənəti nümunəsi üzrə birinci yerin sahibi olaraq mükafat və diploma layiq görülüb.
Burada yazıya nöqtə qoymağı da özü xahiş edib. Deyir ki, bundan sonra yaz ki, cənab Ali Baş Komandana həyatımızı borcluyuq, çünki Qarabağ dərdi kimi bir yaranı sinəmizdən sağaltdı, məlhəm etdi! Düşmənin layiq olduğu cavabı “dəmir yumruq”la verdi. O yumruqda xalq-hakimiyyət-ordu üçlüyünün biləkləri qovuşmuşdu: “...Qarabağımızı, o cümlədən Şuşamızı, eləcə də doğulduğum Kəlbəcərimizi düşmən tapdağından xilas edən Ali Baş Komandanımıza həm də ona görə minnətdaram ki, Zəfərlərə layiq olan xalqımızı bir amal uğrunda mübarizəyə hazırladı. Kəlbəcərə dönüşümüzə az qalıb. Bu gün yalnız Kəlbəcər təbiətini deyil, ilk növbədə qalibiyyət bayrağımızı ucaldan Prezidentimizin və hər addımda onunla yanaşı addımlayan, xalqımızın mehriban qızı - Birinci vitse-prezident Mehriban xanım Əliyevanın portretlərini xalçaya toxuyandan duyurdum ki, biz doğma torpaqlarımıza qayıdacağıq. Qayıdışımıza görə mən də Zəfər yazanlara təşəkkür edir, öz sənətimlə bunu tarixləşdirirəm...”
Məhəmməd
NƏRİMANOĞLU,
Azərbaycan.-2021.- 26 noyabr.- S.7.