Hədəfə doğru daha bir addım
İşğaldan azad olunmuş ərazilərin
aqrar-sənaye potensialından istifadə qeyri
neft-qaz sektorunun
inkişafını sürətləndirəcək
Dayanıqlı iqtisadi inkişafa nail olmaq üçün həyata keçirilən genişmiqyaslı islahatlar davam edir. İlkin və əsas hədəf ölkənin neft-qaz asılılığını minimuma endirməkdir.
Bu
istiqamətdə qəbul olunmuş sənədlərdə də
qeyri-neft sənayesinin inkişaf perspektivləri müəyyən
edilmiş, sənaye potensialının gücləndirilməsi
və rəqabətqabiliyyətliyinin artırılması, həmçinin
kadr potensialı təminatının
yaxşılaşdırılması, normativ-hüquqi
bazanın təkmilləşdirilməsi nəzərdə
tutulmuşdur.
Həmin vəzifələrin icrası çərçivəsində qeyri-neft sənayesinə aid müxtəlif təyinatlı istehsalat müəssisələri tikilərək istifadəyə verilmiş, bu müəssisələrdə istehsal olunan məhsullar daxili və xarici bazarlara çıxarılmışdır. Bu isə ölkədən valyuta axınının qarşısını almaqla yanaşı, əlavə valyuta qazanılmasına imkan yaratmışdır.
Proses davam edərsə və dünyada fors-major hadisələr baş verməsə, Azərbaycanın 2030-cu ildə neft-qaz gəlirlərindən asılılığını tam aradan qaldırmaq mümkün ola bilər. Amma bu məqsədə çatmaq üçün qeyri-neft sektoruna daha çox sərmayə yatırmaq lazım gələcək. Yeri gəlmişkən, qeyd edək ki, statistikaya nəzər yetirdikdə son dövrlər bu sektora sərmayə qoyuluşunun artdığının şahidi oluruq. Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin yanvar-oktyabr aylarında ölkə üzrə qeyri neft-qaz sektorunun inkişafına 6,1 milyard manatdan çox vəsait yönəlmişdir. Həmin vəsaitin 1,1 milyard manatdan artığı isə qeyri neft-qaz sənayesində istifadə edilmişdir. Ümumiyyətlə, hesabat dövründə əsas kapitala yönəldilən ümumi vəsaitin 52,5 faizi bu sahənin inkişafına sərf olunmuşdur.
Eyni zamanda ölkədə qeyri neft-qaz sənayesinin inkişafında önəmli rol oynayan texnoparklarda fəaliyyət göstərən sahibkarlara müxtəlif güzəştlər edilir ki, onlar daha çox sərmayə qoyuluşuna maraq göstərsinlər. Belə ki, sənaye parklarının rezidentləri qeydiyyata alındıqları tarixdən 10 il müddətinə əmlak, torpaq, gəlir və ya mənfəət vergilərindən, eləcə də istehsal məqsədilə idxal etdikləri texnika, texnoloji avadanlıqlar və qurğular ƏDV-dən, həmçinin 7 il müddətinə gömrük rüsumundan azad olunmuşlar. Bunun nəticəsidir ki, indiyədək sənaye zonalarında 89 sahibkarlıq subyektinə rezidentlik statusu verilmiş və onlardan 55-i fəaliyyətə başlamışdır. Sahibkarlar tərəfindən bu günədək sənaye zonalarına 6,2 milyard manatdan çox investisiya yatırılmış və 9500-dək yeni iş yeri yaradılmışdır.
Sözsüz bütün bunlar nəticəsiz qalmır. Məsələn, sənaye zonaları üzrə indiyədək 5 milyard manatlıq məhsul istehsal edilmişdir ki, bunun da 1,4 milyard manatlığı ixrac olunmuşdur. Özü də bu istiqamətdə dinamik artım müşahidə edilir. Statistik göstəricilərə əsasən, əgər ötən ilin 9 ayında sənaye zonalarında 977 milyon manatlıq məhsul istehsal edilmişdisə, cari ilin eyni dövründə bu rəqəm 56,7 faiz artmışdır, yəni istehsal olunan məhsulların dəyəri 1,5 milyard manat olmuşdur. İxrac isə ötən ilin analoji dövrü ilə müqayisədə 2 dəfə artaraq 545 milyon manatlığa çatmışdır. Bununla cari ilin 9 ayında 1,5 milyard manatlıq məhsul istehsalı ilə sənaye zonalarının ölkə sənayesinin qeyri-neft sektorunda xüsusi çəkisi 14,2, qeyri-neft sənayesində məhsulların ixracında 25,9 faiz olmuşdur.
Bu gün Azərbaycanın sənaye məhəllələrində istehsal olunan məhsullar dünyanın 30-dan çox ölkəsinə ixrac edilir. Məhsullarımızın dünya bazarına çıxması və ciddi rəqabət şəraitində özünə alıcı tapmasının əsas səbəbi keyfiyyətdir. Amma indi dünyada məhsul satışını şərtləndirən iki əsas amil var - keyfiyyət və qiymət. Bizim sənaye zonalarında innovativ və yüksək texnologiyalardan istifadə edilməsi məhsullarımızın keyfiyyətinə müsbət təsir göstərir. Qiymətin isə münasib olmasının əsas səbəbi həmin məhsulların istehsalında yerli xammaldan istifadə olunmasıdır.
Başqa bir mühüm fakt, ölkəmizdə sənaye zonalarının yaradılması planlı şəkildə həyata keçirilir. Çalışlıır ki, belə sənaye mərkəzləri ölkənin daha çox bölgəsində yaradılsın, regionlarla paytaxt arasındakı mövcud fərq aradan qaldırılsın. Hazırda Bakı ilə yanaşı, Sumqayıt və Mingəçevirdə sənaye parkları fəaliyyət göstərir. Bir çox rayonlarda isə texnoparkların kiçik “qardaş”ı olan sənaye məhəllələri yaradılıb.
İndi belə zonaların işğaldan azad olunan ərazilərdə salınmasına start verilib. Prezident İlham Əliyevin 28 may 2021-ci il tarixli Sərəncamı ilə Ağdam Sənaye Parkının yaradılmasına başlanılıb. Bununla yanaşı, Cəbrayıl rayonunun Soltanlı kəndi ərazisində “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının yaradılması barədə qərar qəbul olunub. Şübhəsiz ki, yaxın gələcəkdə işğaldan azad olunmuş digər ərazilərdə də belə park və məhəllələr yaradılacaq. Bütün bunlar isə bölgənin iqtisadi potensialından daha səmərəli istifadə etməyə və ölkəmizin ixrac imkanlarını daha da genişləndirməyə imkan yaradacaq, doğma yurdlarına qayıdan soydaşlarımızın işlə təmin olunmasına etibarlı təminat verəcək.
Rüstəm KAMAL,
Azərbaycan.-2021.- 26 noyabr.- S.5.