Ermənistan müstəqil siyasət yürütmək niyyətində deyil

 

 

Ermənistanda ictimai-siyasi müstəvidə baş verən son proseslər getdikcə daha çox diqqət cəlb etməkdədir. Xüsusən də Zəngəzur dəhlizinin açılması istiqamətində aparılan müzakirələr ətrafında maraqlı diskussiyalar gedir. Azərbaycan və Ermənistan sərhədində düşmən təxribatı ucbatından baş verən qarşıdurmadan sonra İrəvanın hakim dairələrində güclü anti-Rusiya meyilləri müşahidə edildi, KTMT-dən və Avrasiya İttifaqından çıxmaq çağırışları gücləndi.

Rusiya Elmlər Akademiyasının Dünya İqtisadiyyatı və Beynəlxalq Münasibətlər İnstitutunun Qafqaz üzrə aparıcı elmi əməkdaşı Vadim Muxanov deyib ki, Ermənistanın baş naziri Nikol Paşinyan indi çarəsiz durumdadır: “Çarəsiz Paşinyan ümidini Moskvaya bağlayıb. Baş nazirin və erməni isteblişmentinin Moskvadan incikliyi var, onlar bunu beynəlxalq platformalarda gizlətmirlər. Bu isə Rusiyanın hərbi iştirakına, bizim regiondakı nüfuzumuza zərbədir. “Şərq Tərəfdaşlığı” sammiti ilə bağlı əhvalat Kremlə siqnaldır və İrəvanın uzunmüddətli perspektivdə Qərbə tərəf üz döndərməsi təhdidi mövcuddur”.

Erməni politoloq Manvel Arminyan  da pessimistdir. O, qeyd edir ki, Azərbaycan istəyinə hər zaman nail olmaq gücündədir: “Azərbaycanlılar öz proqramlarını əvvəl minimum həyata keçirdilər. Yəni Qarabağı azad etdilər. İndi isə onların qarşısında maksimum proqramı həyata keçirmək durur”. O  bildirib ki, indi Azərbaycanın qarşısında dayanan maksimum məsələ Zəngəzuru, Basarkeçəri, İrəvanı, Qarakilsəni digər əraziləri azad etməkdir: “Hazırda Azərbaycanda növbəti nəsil buna hazırlanır. Çünki bilirlər ki, xoşluqla heç kim bu əraziləri onlara qaytarmayacaq. Əgər onlar Qarabağı azad ediblərsə, onda niyə sadaladığım torpaqları da geri qaytarmasınlar”.

Hadisələrin inkişaf axarı Azərbaycanın Ermənistanla münasibətləri bir-birinin suverenliyi, ərazi bütövlüyü beynəlxalq sərhədlərin toxunulmazlığına hörmət əsasında normallaşdırmaqdan, iki ölkə arasında sülh müqaviləsinin imzalanması sərhədlərin delimitasiya demarkasiyası barəsində təkliflərinin İrəvanın qəbul etməkdən başqa yolunun olmadığını göstərir. Hesab edilir ki, bu, Rusiyanın da maraq dairəsindədir.

 

Bu arada son bir il ərzində Ermənistanda ərzaq məhsullarının, daşınan daşınmaz əmlakın, yanacağın, müxtəlif xidmətlərin qiyməti xeyli artıb. Təkcə son iki ay ərzində Ermənistanda ərzağın qiyməti xeyli bahalaşıb. 12 aylıq inflyasiya da yüksək olaraq qalır - 8,8 faiz. Həmin göstərici ərzaq məhsulları üzrə isə 15,1 faizdir. Ötən ilin noyabrına nisbətən tərəvəz 66,4 faiz, şəkər 35 faiz, bitki kərə yağları 30 faiz, ət ət məhsulları 10 faiz, süd məhsulları yumurta 12 faiz yüksəlib. Qeyd edək ki, Azərbaycanın işğal edilmiş ərazilərindən Ermənistana daşınan mal-qaranın hesabına ölkədə ətin qiyməti sabit qalırdı. Bunu ermənilərin özləri etiraf edirlər. İndi isə bu mümkün olmadığından Ermənistanda ət bahalaşıb.

 

Ermənistanda daşınmaz əmlakın qiymətləri ötənilki pik həddini keçib. 2020-ci ildə böhran lokdauna baxmayaraq, mənzillərin qiyməti ilin sonuna qədər artmaqda davam etdi. Bu il isə qiymətlər yenidən artıb demək olar ki, ötənilki səviyyəni ötüb.  Bununla belə, ölkədə uzunmüddətli tikinti fəallığı azalır. 2020-ci ilin eyni dövrü ilə müqayisədə 2021-ci ilin ikinci yarısında İrəvanda torpaq sahələrinin satışı 20 faizə yaxın azalıb.

 

Qraparakqəzeti yazır ki, Ermənistan silahlı qüvvələrinin baş qərargahının rəisi Artak Davtyan yaxın günlərdə vəzifəsindən azad olunacaq. Mümkün namizədlərin siyahısında ən inanılmaz adlar çəkilir. Onların arasında hakimiyyətin ən sərt tənqidçilərindən biri olan, amma Suren Papikyanın təyinatından müsbət danışan generalın adı da hallanır: “Ermənistanda belə metamorfozlar normaldır. Mənbələrimizə görə, Artak Davtyanın dəyişməsi keçmiş müdafiə naziri David Tonoyan silah tədarükçüsü şirkətinin direktoru David Qalstyanın (Patron Davo) da adları hallanan silah tədarükü ilə bağlı məlum cinayət işi ilə əlaqədardır. Davtyana artıq ittiham irəli sürülüb”.

 

Göründüyü kimi, baş verən proseslər Ermənistanın daha böyük problemlər içərisinə  sürükləndiyini ölkənin məhvinin qaçılmaz olduğunu göstərir. Əslində, bu o qədər təəccüblü deyil. Çünki Ermənistan elə bir vəziyyətə düşüb ki, onun gələcək taleyi kənarda həll olunur. Ermənistanın hərbi-siyasi rəhbərliyinin isə prosesə təsir göstərmək imkanları, demək olar ki, yoxdur.

 

 

Elçin CƏFƏROV,

Azərbaycan.-2021.- 26 noyabr.- S.8.