Azərbaycanın mühüm siyasi-diplomatik qələbəsi

 

Prezident İlham Əliyevin regiondakı reallıqlara dair mövqeyi Soçidə imzalanan bəyanatda tam əksini tapdı

 

 

 

Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistanın baş nazirinin Soçidəki üçtərəfli görüşü vacib razılaşmaların əldə olunması ilə nəticələndi. Xalqımız üçün mühüm olan həm də odur ki, bu ilin yanvarında Moskvada keçirilən ilk görüşdə olduğu kimi Prezident İlham Əliyev Soçidə də müzakirə olunan bütün məsələlərlə bağlı Azərbaycanın maraq və mənafelərini qətiyyətlə təmin etdi.

 

 

Azərbaycan konstruktivlik nümayiş etdirir

 

Ötən ilin 44 günlük müharibəsi Azərbaycanın hərbi-siyasi qələbəsi, torpaqlarımızın işğaldan azad olunması ilə nəticələndi. Artıq “Dağlıq Qarabağ problemi” ifadəsi leksikondan çıxıb, “status-kvokimi anlayışlara ehtiyac qalmayıb. Çünki Azərbaycan şanlı zəfəri ilə problemə son qoyaraq regionda tamamilə yeni reallıqlar yaradıb. Bu reallıqlardan çıxış edən rəsmi Bakının mövqeyi gələcəyə baxmaq regionun inkişafına xidmət edən iqtisadi potensialı hərəkətə gətirmək, kommunikasiyaların açılmasını, sülhü və təhlükəsizliyini təmin etməkdir.

Təsadüfi deyil ki, Azərbaycan ötən ilin noyabrında imzalanmş üçtərəfli bəyanatdan sonra müharibənin fəsadlarının aradan qaldırılması və kommunikasiyaların açılması məsələlərində maksimal konstruktivlik nümayiş etdirib, gərəkən bütün addımları atıb. Eyni zamanda Azərbaycan dəfələrlə rəsmi şəkildə Azərbaycan və Ermənistan arasında sərhədlərin təxirəsalınmaz delimitasiyasının vacibliyini bəyan edib. Azərbaycan qarşıdurmaya son qoymaq, bir-birinin ərazi bütövlüyünüsuverenliyini tanımaq və gələcəkdə qonşu kimi yaşamağa təşviq etmək üçün Ermənistana sülh razılaşması üzərində işə başlamağı təklif edib.

Lakin ötən bir il müddətində Ermənistan tərəfi Azərbaycanın konstruktiv təkliflərinə adekvat münasibət göstərməyib. Bu ölkənin hakimiyyət orqanları ara-sıra pozitiv fikirlər səsləndirsələr də, konkret fəaliyyət göstərməkdən uzaq olublar. Ötən dövr ərzində sərhəddə baş verən insidentlər də məhz Ermənistanın qeyri-adekvat hərəkətləri səbəbindən meydana çıxıb. Düzdür, insidentlər sistemli xarakter daşımayıb. Bununla belə, Azərbaycan-Ermənistan dövlət sərhədində baş vermiş toqquşmalar, rusklərə nəzarət etmək, onları minimallaşdırmaq və yekun sülh razılaşması üzərində işləməklə bağlı məsələlərin müzakirəsini, o cümlədən üçtərəfli formatda müzakirəsini zəruri edirdi. Soçi görüşübu baxımdan mühüm əhəmiyyət daşıyırdı.

 

 

 

Proseslər Zəngəzur dəhlizinin açılmasına doğru aparır

 

Soçi görüşünün əsas müzakirə mövzusu 2020-ci il noyabr Bəyanatının, həmçinin regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası haqqında 2021-ci il 11 yanvar tarixli Bəyanatın yerinə yetirilməsinin gedişi barədə oldu. Prezident

 

İlham Əliyev üçtərəfli görüşdə Azərbaycanın mövqeyini bir daha diqqətə çatdırdı: “Ermənistan ilə Azərbaycan arasında sərhəd delimitasiya edilməyib. Buna görə biz dəfələrlə açıq bildirmişik ki, delimitasiya prosesinə təxirə salınmadan başlamağa hazırıq. Üstəlik, biz Ermənistan tərəfinə açıq təklif etmişik ki, qarşıdurmaya son qoymaq, bir-birinin ərazi bütövlüyünü, suverenliyini tanımaq və gələcəkdə qonşular kimi yaşamağı, yenidən qonşular kimi yaşamağı təşviq etmək üçün sülh müqaviləsi üzərində işə başlayaq”.

 

Rusiya Prezidenti Vladimir Putin də mətbuata bəyanatında Prezident İlham Əliyevin toxunduğu məsələlər ətrafında danışdı. Rusiya Prezidentiiki dövlət arasında sərhədin demarkasiyası və delimitasiya işlərinin başlanılmasını vacib hesab etdi. Eyni zamanda Vladimir Putin nəqliyyat dəhlizlərinin açılmasından danışdı və bunun həm dəmir yoluna, həm də avtomobil yollarına aid olduğunu xüsusi vurğuladı. Rusiya Prezidentinin fikirləri bir daha göstərdi ki, Zəngəzur dəhlizi layihəsi rəsmi Moskva tərəfindən ən ali səviyyədə dəstəklənir.

 

Məlum olduğu kimi, Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, biz Zəngəzur dəhlizini açacağıq - istər danışıqlarla, istərsə güc yolu ilə. Bu ilin 16 noyabr təxribatına verilən layiqli cavabdan sonra Ermənistanı güzəştə məcbur edəcək yeni reallıqlar ortaya çıxıb və Soçidə Azərbaycanın əldə etdiyi diplomatik nailiyyətlər göstərir ki, proseslər Zəngəzur dəhlizinin açılmasına doğru aparır.

 

Soçi görüşünün nəticəsi kimi ermənilərin indiyədək Azərbaycana verməkdən imtina etdiyimina xəritələri” məsələsində də müsbət irəliləyiş olacaq.

 

Ermənistanın baş naziri Nikol Paşinyan isə hələ Moskva görüşündə olduğu kimi, Soçidəki üçtərəfli görüşdə də gündəlikdə olmayan məsələyə toxunmaqla Azərbaycanı ittiham etməyə cəhdlər göstərdi. Girovlar və hərbi əsirlər probleminin hələ mövcudluğunu iddia edən N.Paşinyan Vladimir Putinlə bu məsələni dəfələrlə, həm əyani şəkildə, həm də telefonla müzakirə etdiyini bildirdi. Lakin Rusiya Prezidenti Ermənistanın baş nazirinin bu sözlərinə mətbuata bəyanatında fikir bildirmədi, “girov”, “hərbi əsir” kimi ifadələr işlətmədi. Yekun bəyanatda da erməni tərəfin həmişə iddia etdiyi əsir və ya girovlar məsələsinə toxunulmadı.

 

 

 

Bakı qarşısına qoyduğu bütün məqsədlərə tam nail oldu

 

Bütövlükdə, Soçidəki üçtərəfli görüşün nəticələri Azərbaycan üçün müsbət və əhəmiyyətlidir. Yeni bəyanatda da məhz Prezident İlham Əliyevin mövqeyi və irəli sürdüyü, Rusiya Prezidentinin də dəstəklədiyi məsələlər öz əksini tapdı. Belə ki, bəyanata əsasən tərəflər Azərbaycan-Ermənistan sərhədində sabitlik və təhlükəsizlik səviyyəsinin artırılması üzrə addımlar atmaq və dövlət sərhədinin delimitasiyası üzrə ikitərəfli komissiyanın yaradılması barədə şərtləşdilər. Eyni zamanda tərəflər regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası üzrə təsis edilmiş Üçtərəfli İşçi Qrupunun fəaliyyətini yüksək qiymətləndirdilər və regionun iqtisadi potensialının üzə çıxarılması məqsədilə konkret layihələrin tezliklə həyata keçirilməsinin zəruriliyini vurğuladılar.

 

Torpaqlarını işğaldan azad etdikdən sonra Azərbaycan ötən ilin noyabrında və bu ilin yanvar ayında imzalanmış üçtərəfli bəyanatların tam şəkildə həyata keçirilməsi, bölgədə bütün kommunikasiyaların açılması, iki ölkə arasında sərhədlərin delimitasiya prosesinin başlanması mövqeyindən çıxış edib. Bununla respublikamız həm də regionda sülhün yaranması ilə bağlı təşəbbüslərini bir daha ortaya qoyub. Soçidə imzalanan bəyanatda yer alan məsələlər də Azərbaycanın mövqeyinin tam şəkildə ifadə olunmasıdır. Rusiya dövləti isə respublikamızın mövqeyini bütünlüklə bölüşür.

 

Onu da qeyd edək ki, Ermənistanın baş nazirinin onlayn mətbuat konfransında səsləndirdiyi destruktiv, şovinist fikirlər Soçi danışıqlarının nəticəsiz qalmasına yönəlmiş təxribat və şəxsən Vladimir Putinin vasitəçiliyinə qarşı hörmətsizlik idi. Amma Paşinyanın sabotaj cəhdi baş tutmadı və Soçidə güzəştə getməyə məcbur oldu.

 

Bütövlükdə, Soçidəki üçtərəfli görüşün nəticələri Azərbaycanın növbəti siyasi-diplomatik qələbəsi oldu. Bütün bunlar göstərir ki, rəsmi Bakı Soçi görüşündə qarşısına qoyduğu bütün məqsədlərə tam nail oldu. Bu qələbədə 2021-ci il noyabrın 16-da sərhəddə erməni təxribatının qarşısının alınması və ordumuzun öz mövqelərini daha da gücləndirməsi böyük rol oynadı. Prezident İlham Əliyevin regiondakı reallıqlara dair mövqeyi bəyanatda öz əksini tapdı. Bəyanatda Qarabağ ifadəsinin yer almaması , erməni tərəfinin iddia etdiyi əsir və ya girovlar məsələsinə toxunulmaması da Azərbaycanın haqlı və qətiyyətli mövqeyinin təntənəsidir. Sənəddə ATƏT-in Minsk qrupunun adı çəkilmir. Bu, artıq Minsk qrupunun da tarixdə qaldığını göstərir.

 

 

Rəşad CƏFƏRLİ,

Azərbaycan.-2021.- 28 noyabr.- S.1;3.