Abşeron
yarımadasının dayazsulu hissəsində
ilk kəşfiyyat quyusu
qazılır
Bu sahə Xəzərin Azərbaycan sektorunda potensial perspektiv strukturlardan biridir
Abşeron yarımadasının dayazsulu
hissəsinin Şimal Xali sahəsində ilk kəşfiyyat quyusunun qazma işləri təxminən 2300 metr dərinliyə çatıb. Quyunun qazılmasına bu il avqust
ayının 16-da başlanıb.
Hazırda qazma əməliyyatları
davam edir.
Azərbaycanda ən iri neft-qaz
və ixrac layihələrinin operatoru
olan bp cari
ilin ötən üç rübünün
yekunlarına aid hesabatında
şirkətin Xəzərdə
apardığı geoloji
kəşfiyyat işləri
barədə də ətraflı məlumat verib. Məlumatda o cümlədən Abşeron yarımadasının
dayazsulu hissəsində
həyata keçirilən
tədbirlərdən bəhs
olunur. Bildirilir ki, birinci kəşfiyyat quyusu layihə dərinliyinə
çatdıqdan sonra
əldə olunmuş
məlumatlar təhlil
ediləcək. Göstəricilər uğurlu olarsa, nəticələrin təsdiqlənməsi
üçün qiymətləndirmə
proqramı həyata keçirilə bilər.
Quyu üzrə
Ətraf Mühitə
və Sosial-iqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi (ƏMSSTQ) sənədi hələ
2020-ci ilin avqust ayında ictimaiyyətə
açıqlanıb. ƏMSSTQ-nin müzakirəsindən
sonra sənəd hökumət tərəfindən
təsdiqlənib və
bununla da quyunun 2021-ci ildə qazılması üçün
müvafiq icazələr
alınıb.
Qeyd edək
ki, Abşeron yarımadasının ətrafındakı
dayazsulu sahə Xəzərin ölkəmizə
məxsus sektorunda potensial perspektiv strukturlardan biridir. Müqavilə sahəsi Xəzər hövzəsinin hüdudları
boyunca Abşeron yarımadasının cənubuna
doğru uzanır.
Ərazidə suyun dərinliyi
40 metrədək dəyişir
və potensial məhsuldar layın (kollektorun) dərinliyi
3000-5000 metr təşkil
edir.
2014-cü
il dekabrın
22-də SOCAR (Azərbaycan Respublikası
Dövlət Neft Şirkəti) və bp arasında bu strukturda birgə
geoloji kəşfiyyat
işlərinin aparılması
və hasilatın pay bölgüsü haqqında
saziş (HPBS) imzalanmışdır.
Bundan bir neçə ay sonra saziş Milli Məclis tərəfindən ratifikasiya
edilmişdir. Sənədə
əsasən, müqavilədə
bp-nin və SOCAR-ın hərəsinin 50 faizlik iştirak payı var. Bu sənəd
30 illik müddəti əhatə edir. Müqavilə ərazisində kəşfiyyat
qazma işləri üçün üç
perspektiv sahənin hərəsində bir quyunun qazılması planlaşdırılıb. Birinci quyu qurudan təxminən
15 kilometr məsafədə,
suyun təxminən 22
metr dərinliyində
qazılır. Onun potensial
karbohidrogen ehtiyatı
isə dəniz dibindən təqribən
2500 metr aşağıda
yerləşir.
Xatırladaq ki, HPBS Milli Məclis tərəfindən
ratifikasiya olunduqdan dərhal sonra müqavilə sahəsində
üçölçülü seysmik tədqiqat proqramının həyata
keçirilməsi üçün
hazırlıq işlərinə
başlanmışdır. 2015-ci ilin dekabr ayında
ikiölçülü seysmik
tədqiqat proqramı
təhlükəsiz şəkildə
sona çatdırılmışdır.
Üçölçülü seysmik tədqiqat proqramı üzrə
ƏMSSTQ sənədinin ictimai
müzakirələri aparılmışdır. Üçölçülü
seysmik tədqiqat proqramı 2016-cı il mayın 31-də başlanmış və dekabrın 27-də müvəffəqiyyətlə
yekunlaşmışdır. Bu tədqiqat 1300 kvadratkilometr
ərazidən üçölçülü
məlumatın əldə
olunmasını əhatə
etmişdir. Tədqiqat proqramı
bp-nin qabaqcıl, patentləşdirilmiş Müstəqil
Sinxron Mənbələr
(Independent Simultaneous Source with Nodes-ISSNtm) texnologiyası vasitəsilə
həyata keçirilmişdir.
2016-cı ildə ərazidən əldə edilmiş üçölçülü məlumatların interpretasiyası və emalı 2017-ci ilin dördüncü rübündə sona çatmışdır. SOCAR-la perspektivlik haqqında bildiriş imzalanmaqla bp-nin Abşeron yarımadasının dayazsulu hissəsində üç perspektiv ərazidə kəşfiyyat quyuları qazmaq öhdəliyi müəyyən edilmişdir. Eləcə də quyuların qazılacağı yerlər müəyyənləşdirilmişdir.
bp şirkəti bu ərazidə dünyanın digər yerlərində dayazsulu hissələrdə geoloji kəşfiyyat işlərinin aparılması və onların işlənməsi zamanı qazandığı geniş təcrübə və səriştədən, eləcə də sənayedə mövcud olan ən qabaqcıl texnologiyalardan istifadə etmək imkanına malikdir. Mütəxəssislər hesab edirlər ki, sözügedən sahənin işlənməsi ilə SOCAR və bp arasında əməkdaşlığın yeni mərhələsi başlanmışdır. Bu mərhələ yeni ehtiyat mənbələri aramaqla Azərbaycanda neft və qaz hasilatının uzunmüddətli gələcəyini təmin etmək üçün birgə işləməyə imkan yaradacaq. Bu da ölkəmizdə karbohidrogenlərin hasilatının daha onilliklər boyu davam etməsinə töhfə verəcək.
bp-nin bu ilin üç rübünün yekunlarına aid məlumatında bildırilir ki, layihə çərçivəsində ikinci kəşfiyyat quyusu üzrə Ətraf Mühitə və Sosial-iqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi sənədi iyulun 1-də ictimaiyyətə açıqlanıb və hökumətə təqdim edilib. Sənəddə kəşfiyyat qazma fəaliyyətlərinin ətraf mühitə və sosial-iqtisadi sahəyə potensial təsirləri nəzərdən keçirilir və tövsiyə olunan təsirazaltma tədbirləri təsvir edilir. Qeyd edək ki, ƏMSSTQ prosesinin məqsədi nəzərdə tutulan işlərin ətraf mühitə və sosial-iqtisadi sahəyə hər hansı mənfi təsirlərinin müəyyənləşdirilməsinin və minimuma endirilməsinin, mümkün halda isə aradan qaldırılmasının təmin olunmasıdır.
İkinci quyunun cari ilin dördüncü rübündə qazılmasına müvafiq icazələrin alınması üçün sənədin hökumətlə müzakirəsi davam edir.
Flora SADIQLI,
Azərbaycan.-2021.- 28 noyabr.- S.5.