Milli Məclisin sədri Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopla görüşüb

 

 

Parlamentlərarası İttifaqın 143-cü Assambleyasında və Assambleya çərçivəsində Qoşulmama Hərəkatının Parlamentlər Şəbəkəsinin təsis iclasında iştirak etmək üçün İspaniyanın paytaxtı Madrid şəhərində səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova noyabrın 27-də Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentopla görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, TBMM-in sədrini və Türkiyə nümayəndə heyətinin üzvlərini səmimi salamlayan Milli Məclisin sədri bildirib ki, Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycan-Türkiyə münasibətlərinin dünya siyasi sistemində alternativi yoxdur. Bu münasibətlərin kökü xalqlarımız arasındakı qardaşlıq ruhuna söykənir. Bu gün Azərbaycan ilə Türkiyə arasında əlaqələr strateji müttəfiqlik səviyyəsindədir.

Sahibə Qafarova deyib ki, dünya Azərbaycanın 44 günlük Vətən müharibəsində bir daha bu qardaşlığın şahidi oldu. Dövlət başçılarımızın şəxsi dostluq münasibətləri ölkələrimiz arasındakı birliyin bugünkü yüksək səviyyəyə çatmasında mühüm rol oynayır.

Sahibə Qafarova diqqətə çatdırıb ki, xalqlarımız arasındakı bu yaxınlıq iki ölkənin parlamentlərinin həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığında da özünü göstərir. Parlamentlərimizdə qarşılıqlı dostluq qrupları öz fəallıqları ilə seçilirlər.

Görüşdə Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop bildirib ki, Türkiyə və Azərbaycan əsrlər boyu dərin tarixi dostluq və qardaşlıq kökləri ilə bağlı olan iki dövlət, tək millətdir. Mustafa Şentop diqqətə çatdırıb ki, Ermənistan-Azərbaycan münaqişəsinin həllindən sonrakı dövrdə də dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın söylədiyi kimi, biz hər zaman Azərbaycanın yanındayıq.

Spiker qeyd edib ki, parlamentlərimiz arasında qarşılıqlı səfərlərin və görüşlərin sayının artırılması olduqca mühümdür. Qarşılıqlı təmasların intensivləşməsi münasibətlərin daha da dərinləşdirilməsi üçün vacib töhfədir.

TBMM-in sədri deputatlarımızın beynəlxalq təşkilatlarda sıx əməkdaşlığından məmnunluğunu bildirib, gələcəkdə bu əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyini diqqətə çatdırıb.

Sonra görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

 

Azərbaycan.-2021.- 28 noyabr.- S.2.