Nurhan əl-Şeyx: Soçi görüşü Cənubi Qafqazda sülhün təmin olunması istiqamətində atılmış mütərəqqi addımdır

 

 

Soçidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının baş naziri Nikol PaşinyanRusiya Federasiyasının Prezidenti Vladimir Putinin iştirakı ilə keçirilən görüş və imzalanmış Bəyanat Cənubi Qafqaz regionunda sülhün təmin edilməsi istiqamətində atılmış daha bir mütərəqqi addımdır.

Bunu AZƏRTAC-ın xüsusi müxbirinə açıqlamasında Misir Xarici Əlaqələr Şurasının üzvü, Qahirə Universitetinin Rusiya Araşdırmalar Mərkəzinin direktoru professor Nurhan əl-Şeyx söyləyib. O deyib: “Ötən il Azərbaycanın ərazilərinin işğaldan azad edilməsi ilə başa çatan müharibədən sonra ən vacib məsələ dayanıqlı sülhün təmin olunmasıdır. Bu baxımdan, sərhədlərin demarkasiyası zəruridir. Sözügedən məsələdə razılıq əldə olunması müsbət amildir. Eyni zamanda, Azərbaycan-Ermənistan sərhədində gərginliyin aradan qaldırılması da regional təhlükəsizliyə töhfə olacaq. Tərəflər çoxillik münaqişəyə son qoymalı, etimad mühitinin yaradılması istiqamətində yeni addımlar atmalıdırlar. Azərbaycan Prezidenti İlham Əliyevin bu məsələ ilə bağlı konstruktiv mövqeyi təqdirəlayiqdir. Bununla yanaşı, Ermənistan rəhbərliyi də sülhün bərqərar olması üçün əməli addımlar atmalı, müharibədən sonra yaranmış yeni reallıqla hesablaşaraq kommunikasiyaların bərpasına şərait yaratmalıdır”.

Soçidə keçirilən görüşün hər iki tərəf üçün əhəmiyyətli olduğunu qeyd edən professor vurğulayıb: “ Düşünürəm ki, Cənubi Qafqaz regionunda qonşu dövlətlər arasında dinc yanaşı yaşamağın, əməkdaşlığın vaxtı çatıb. Heç bir xalq müharibə istəmir və azərbaycanlılarla ermənilər sülh şəraitində yaşamalı, sərhədlərin toxunulmazlığı və ərazi bütövlüyünə hörmət prinsipləri əsasında bütün problemləri konstruktiv dialoq vasitəsilə həll etməlidirlər”.

 

 

Azərbaycan.-2021.- 28 noyabr.- S.3.