“Qələbə qonaqlığı verəcəm” deyən komandir

 

 

Peşəkar hərbçi Rəşad Xanlar oğlu Sadıqov 1978-ci il oktyabrın 11-də füsunkar təbiətli Laçın şəhərində dünyaya göz açıb. Atası Xanlar müəllim Azərbaycan Politexnik İnstitutunu bitirib. O, Azərbaycan torpaqlarını erməni  işğalından qorumaq məqsədi ilə 1988-ci ildə yaradılmış ilk könüllülər dəstəsinin üzvü, Birinci Qarabağ müharibəsinin əvvəldən axıracan fəal iştirakçısı olub.

 

Rəşadın anası Fəlakət xanım 1977-ci ildə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasını (indi Azərbaycan Dövlət Aqrar Universiteti) bitirib. Fəlakət xanım Şəmkir rayonunun Çaparlı kəndində dünyaya göz açıb.

 

Ailə qurandan Laçında yaşayıb. 1992-ci il may ayının 18-də Laçın rayonu ermənilər tərəfindən işğal olunanda ailəsi ilə birlikdə doğma Şəmkirə pənah gətirib. Ömür-gün yoldaşı Xanlar müəllim peşə liseyində işə düzəlib. Fəlakət xanım isə 1994-cü ildən 2010-cu ilədək “N” saylı hərbi hissədə xidmətdə olub. Hazırda təqaüdçüdür. Ailənin iki övladı olub: Rəşad və Səbuhi.

 

44 günlük Vətən müharibəsi zamanı döyüş meydanında öz igidliyi ilə fərqlənən Rəşad Sadıqov 1984-1992-ci illərdə Laçın şəhəri 2 saylı tam orta məktəbində təhsil alıb. Doğulduğu rayon işğal olunduğundan Sadıqovlar ailəsi Şəmkir rayonuna gəlib. Rəşad Ə.Cavad adına Şəmkir şəhər tam orta məktəbində təhsil alıb. Bəlkə də zamanın tələbidir ki, erməni silahlılarının ölkəmizə, dinc əhaliyə qarşı etdikləri hücumların, qətliamların qarşısını almaq məqsədilə Rəşad hərbçi olmaq istəyib. Odur ki, orta məktəbi başa vuran kimi, 1995-ci ildə sənədlərini Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinə veribimtahanlardan yüksək qiymət alaraq arzusunda olduğu məktəbin kursantı olub. Təhsil illəri bir göz qırpımında gəlib keçir. Leytenant rütbəli zabit 1997-2004-cü illərdə Şahbuz rayonunda yerləşən “N” saylı hərbi hissədə xidmətə başlayıb. 2004-cü ildə Naxçıvan şəhərində Heydər Əliyev adına Hərbi Liseydə çalışıb. Daha sonra isə Naxçıvan şəhər hərbi komissarlığında və hərbi hospitalda xidmət edib.

 

Azərbaycan Ordusunun polkovnik-leytenantı Rəşad Sadıqov 2020-ci il sentyabrın 27-də Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda başlanan Vətən müharibəsi zamanı Füzulinin, Cəbrayılın, Qubadlının, Zəngilanın və Laçının azadlığı uğrunda gedən döyüşlərdə mərdliklə vuruşub. Hər dəfə rəhbərlik etdiyi əsgərlər hücuma keçərkən onu çətin sınaqlar gözləyib. O, istər ordu quruculuğunda, istərsə də döyüş bölgələrində hücum əməliyyatlarının hazırlanmasında səriştəli hərbçi kimi yaxından iştirak edib.

 

Rəşadın döyüş yoldaşı Amil deyir ki, ilk hücuma Cəbrayılın mərkəzində başladıq. Taborumuzun rəhbəri Rəşad idi. Müəyyən adsız yüksəkliklərin alınmasında, mövqelərimizin möhkəmlənməsində şəxsən özü iştirak edirdi. Həmin yüksəkliklər alınanda 4 sutka bir-birimizi görə bilmədik. Geridə qalan əsgərlərin yükünü, silahını Rəşad özü daşıyırdı. Deyirdi ki, qoy qələbə çalaq, sizi həyətimizə aparacam. Evimiz dağılsa da, ağaclarımızdan qalanı olar. Orada sizə yaxşı süfrə açacam, Qələbə qonaqlığı verəcəm... Təəssüf ki, Qələbənin bir addımlığında həlak oldu...

 

Polkovnik-leytenant Rəşad Sadıqov axırıncı dəfə Laçının Güləbird kəndi uğrunda gedən döyüşlərdə iştirak etmişonun azad edilməsində böyük rəşadət göstərmişdir. Lakin 2020-ci il oktyabrın 30-da Laçın uğrunda döyüşlərdə qəhrəmancasına həlak olmusdur. Şəmkir rayonunun Çaparlı kəndində torpağa tapşırılmışdır.

 

Anası Fəlakət xanımın dediklərindən:

 

 Oğlum Rəşadın əsas arzusu Vətən torpaqlarını bütöv görmək idi. Ata torpağı olan Laçının hər qarışı onun üçün çox əziz idi. Bir dəfə zəng edib dedi ki, ata, Həkəri çayında əlimi yudum, tezliklə görüşərik. Lakin bu arzu ona qismət olmadı, şəhidlik zirvəsinə yüksəldi. Onun ölümü ilə barışa bilmirəm. Ancaq fəxr edirəm ki, belə oğul böyütmüşdüm...”

 

Oğul yoxluğuna dözə bilməyən Xanlar müəllim Rəşaddan 13 gün sonra dünyasını dəyişmişdir. Şəhid polkovnik-leytenant Rəşad Sadıqovun ailəsi, iki övladı onun ömür yolunu davam etdirirlər. Ömür-gün yoldaşı Günay Hüseynova bildirir ki, ailə dövlət qayğısı ilə əhatə olunub.

 

Sağlığında döşünü “Hərbi xidmətdə fərqlənməyə görə”, “Qüsursuz xidmətə görə” və digər medallar bəzəyən polkovnik-leytenant Rəşad Sadıqov ölümündən sonra Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Laçının azad olunmasına görə” medalları ilə təltif edilib. Laçının və Şəmkirin fəxri olan şəhid polkovnik-leytenantın xatirəsi daim əziz tutulur.

 

 

 

İlyas QASIMOV,

Rəhman SALMANLI

Azərbaycan.-2021.- 28 noyabr.- S.6.