Şuşaya az qalmış ömrünü
başa vurdu
Qarabağı qarış-qarış gəzmək, onun düşməndən azad edilməsində iştirak etmək arzusu ilə yaşayanlardan biri də o idi - Neftçalada dünyaya göz açan Pərviz Həsən oğlu Məmmədli. Şuşaya üçrəngli bayrağı sancmaq uğrunda ölümün üstünə şığıyanlardan biri kimi tanıtmışdı özünü...
Arzuları və cəsurluğu, vətənpərvərliyi ilə yaddaşlarda yaşayan şəhid, kiçik gizir Pərviz Məmmədli 1996-cı il martın 30-da Neftçalada anadan olmuşdu. 2002-ci ildə E.Həbibov adına 4 saylı orta məktəbin 1-ci sinfinə getsə də, 5-ci sinfi Neftçala Humanitar Təmayüllü Muğan Liseyində, 6-8-ci sinifləri isə Bakıdakı Respublika Olimpiya İdman Liseyində davam etdirmişdi. Boks üzrə seçilən idmançılardan olmuşdu. Liseydə xeyli nailiyyət qazanmışdı.
Pərviz 2014-cü ildə Hacı Zeynalabdin Tağıyev qəsəbəsindəki “N” saylı hərbi hissədə xidmətə başlayır. Rabitə bölüyündə baş rabitəçi vəzifəsini icra edir. Bir müddət sonra Qusardakı “N” saylı hərbi hissəyə ezam olunur.
Nümunəvi xidməti komandirləri tərəfindən diqqəti cəlb edir. Bir ildən sonra onu Xüsusi Təyinatlı Qüvvələrin kursuna yollayırlar. Kursu müvəffəqiyyətlə başa vurduğuna görə, Türkiyə Özəl Qüvvələri Komandirliyi tərəfindən xüsusi hədiyyəyə layiq görülür. Pərviz Cəlilabad rayonundakı “N” saylı hərbi hissədə xidmətini davam etdirir.
2016-cı ilin Aprel döyüşlərinə qatılan cəsur döyüşçü daim önə can atdığına görə düşmən hədəfindən yayınmır: snayperlə sol bud nahiyyəsindən vurularaq ağır yaralanır. Müharibə veteranı adı alsa da, 2020-ci ildə təlimlərdə yaxından iştirak edir. Dağçılıq, amfibiya (dənizçilik) təlimlərində də nailiyyətlər qazanır.
2018-ci ildə Silahlı Qüvvələrin yaradılmasının 100 illiyi ilə əlaqədar “100 illik yubiley” medalı ilə təltif olunur. Pərviz bir müddət Gəncə hərbi hospitalında müalicə alır və 2 dəfə əməliyyat olunur.
2019-cu ildə ailə həyatı quran Pərvizin Miray adlı övladı dünyaya gəlir...
27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsinə XTQ-nin tərkibində yollananlardan biri də Pərviz olur. Füzuli, Cəbrayıl, Hadrut, Laçın, Xankəndi və Şuşa uğrunda döyüşlərdə qəhrəmancasına döyüşür. O, 2020-ci il oktyabrın 24-də, Şuşaya 5 kilometr qalmış snayper gülləsiylə ürəyindən vurularaq şəhidlik zirvəsinə ucalır.
Şuşaya ilk bayraq sancmaq istəyən igid döyüşçümüz doğma Neftçalada dəfn olunub. Pərviz Məmmədli şəhadətindən sonra “Vətən uğrunda”, “İgidliyə görə” medalları ilə təltif olunub.
M.NƏRİMANOĞLU,
Azərbaycan.-2021.- 28 noyabr.- S.6.