Acı olsa da, xeyirlidir

 

 

Soğan bəşəriyyətə beş min ildən artıqdır ki, məlumdur. Bu müddətdə insanlar ondan həm qida kimi, həm də dərman kimi istifadə ediblər. Bütün dünyada ən çox yetişdirilən və istehlak edilən tərəvəzlərdən biri olan soğanın mənşəyi tam məlum deyil. Onun ilk dəfə Asiyada becərildiyi deyilir.

Tarixçilər soğanın ilk dəfə Asiyanın dağlıq bölgələrində mədəniləşdirildiyini və şumerlərdə bu tərəvəz haqqında məlumatların olduğunu düşünürlər. Soğanın digər ölkələrə Asiyadan yayıldığı güman edilir. Bu məhsul daha sonralar ÇinHindistanda becərilib. Tunc dövründə soğan Mesopotamiyaya, oradan da Avropaya yayılıb. Hesab edilir ki, romalılar tərəfindən Avropaya çatan soğan Xristofor Kolumbun hesabına dünyada yayılıb. Eramızdan əvvəl 3000-ci illərə aid olan tarixi sənədlərdə soğanın adı başqa bir tərəvəz kimi qeyd edilir. Soğanın adı mixi yazılarında xatırlanıb. Həmin yazıları araşdıran fransız alimi Jan Bottero assuriyalıların soğan ailəsinin bütün növlərinə aludə olduqlarını, soğandan əlavə sarımsaqdan da istifadə etdiklərini bildirib. Fransız alimi bu qənaətə unikal əhəmiyyətə malik üç kiçik gil lövhənin - bizə məlum olan ilk yemək kitablarının sirlərini araşdırdıqdan sonra gəlib.

Amerikalı qida tarixçisi Laura Kelley də təsdiqləyir ki, genetik analizə əsasən, soğan dünya ölkələrinə Orta Asiyadan yayılıb. Soğan mesopotamiyalılar ondan istifadə etməyə başlamazdan çox əvvəl də insanların mətbəxində olub. Mesopotamiyalılar soğandan istifadə etməyə başlayanda o, artıq yayılmışdı. Soğanın Avropaya Tunc dövründə gətirildiyinə dair təxminlər də var. Qədim insanlar əvvəl soğanı gözəl gül açan bir bitki kimi qəbul ediblər, sonra isə onun yeyilə biləcəyini anlayıblar. Soğan Avropaya X-XI əsrlərdə gəlib, Rusiyada isə bundan 200-300 il sonra peyda olub.

Arxeoloqlar soğanın təsvirini eramızdan əvvəl 1352-ci ildə ucaldılmış Misir fironu Tutankhamunun məqbərəsinin divarlarında da tapıblar. O, qulların qida rasionunun tərkib hissəsi olub, onları xəstəliklərdən effektli şəkildə qoruyub.

Səlib yürüşləri zamanı soğan nəcib cəngavərlərin pəhrizinə daxil edilib. Deyilənə görə, Saracens əsir döyüşçünü səkkiz soğan qarşılığında dəyişməyə hazır idi. Soğanın istifadəsi böyük orduları müharibələr zamanı xəstəliklərdən qoruyurdu. Soğan suyu ağcaqanad və arı dişləmələrindən yaranan qaşınmanı aradan qaldırırdı. Soğan pis ruhlara, döyüşdəki uğursuzluqlara qarşı talisman kimi də istifadə edilirdi.

Qədim Yunanıstanda soğana xüsusi münasibət olub. Burada soğandan yalnız dərman kimi istifadə olunurdu. Yunanlar hesab edirdilər ki, nəcib adamdan soğan qoxusu gəlməməlidir.

Assurlar tərəfindən sevilməyə başlanılan soğandan bu gün bütün dünya mətbəxlərində  istifadə edilir. Müasir dövrdə soğansız yemək reseptlərinin sayı çox azdır. Soğan hazırda dünyanın ən məşhur ədviyyatlarından biridir. Artıq mətbəxlərdə yalnız soğandan deyil, soğan tozundan da istifadə edilir. C vitamini ilə zəngin olan soğan tozundan bir çox yeməklərdə, xüsusilə şorbalarda, souslarda, ət, balıq, toyuq, tərəvəz yeməklərində ətir dad vermək üçün istifadə olunur. Soğan tozu sağlam sümüklər sağlam ürək üçün faydalı olan kaliumla zəngindir. Kifayət qədər miqdarda soğan tozu istehlakı qan təzyiqini tənzimləməyə kömək edir.

 

 

Azərbaycan.-2021.- 28 noyabr.- S.7.