Təbii müalicə
“Soğan orqanizmi təmizləyir və zərərli şirələri xaric edir”. Bir sıra xəstəliklərin müalicəsində bu şəfalı tərəvəzdən istifadə edən böyük təbib İbn Sina deyib bu sözləri.
Qədimdən bəri soğandan həm yeməklərin hazırlanmasında, həm də təbii müalicə üsulu kimi geniş istifadə olunur. Tərkibində 25 müxtəlif növ antioksidant olan soğan immun sistemini gücləndirir. İnsanları və xüsusilə qışda soyuqdəymə, qrip, öskürək kimi xəstəliklərdən qoruyur. Effektiv bəlğəmgətiricidir, ürək sağlamlığına təsir edir. Şəkərli diabetin inkişafının qarşısını alır və orqanizmdə şəkərin səviyyəsini tənzimləyir. Başda mədə və bağırsaq xərçəngi olmaqla, bir çox xərçəng növlərinin inkişafının qarşısını alır. Təsirli pəhriz bitkisi olan soğan saç tökülməsinə və dəri xəstəliklərinə də xeyirlidir. Həm çiy, həm də bişmiş halda yeyilə bilən soğanın orqanizmə faydaları olduqca çoxdur.
Antioksidant mənbəyi olan bu şəfalı tərəvəzin tərkibində karbohidratlar, lif, protein, şəkər, eyni zamanda C, A, B6, B9 vitaminləri, natrium, kalsium, dəmir, maqnezium, fosfor, kalium, kükürd və mineral antioksidant qaynağı olan quercetin var.
Yeməklərin tərkibində olan soğanın içərisində yağ və xolesterin yoxdur.
Soğan ürək xəstəlikləri riskini də xeyli azaldır. Tərkibindəki antioksidantlar və iltihabla mübarizə aparan birləşmələr sayəsində triqliseridlərin (qandakı yağ növlərindən biri) və xolesterolun səviyyəsini aşağı salır. İnfeksiyaya qarşı mübarizə xüsusiyyəti sayəsində yüksək təzyiqi aşağı sala və qanın laxtalanmasının qarşısını ala bilir.
Xərçəngdən qoruyur
Soğan bir çox xərçəng növlərinin, xüsusilə mədə, yemək borusu, yoğun bağırsaq və prostat xərçənginin inkişaf riskini azaldır. Bundan əlavə, tərkibində quercetin kimi antioksidantlar olduğu üçün inkişaf edən şişin böyüməsini dayandırır.
Soğan həm də həzmi dəstəkləyən, bağırsaqlarda bakteriyaların tarazlığını yaxşılaşdıran zəngin probiotik (yaxşı bakteriya) mənbəyidir. Xüsusilə qırmızı soğanda olan antosianinlər immun sistemi üçün çox faydalıdır. Onlar bağırsaqda yaxşı bakteriyaların sayını artırır və immunitet funksiyasını yaxşılaşdırmağa kömək edir.
Bu əvəzolunmaz tərəvəz yüksək qan şəkəri səviyyəsini balanslaşdırmağa kömək edir. Tərkibindəki quercetin sayəsində nazik bağırsaq, mədəaltı vəzi, skelet əzələsi, piy toxuması və qaraciyərdəki hüceyrələrlə qarşılıqlı əlaqə quraraq diabet və diabet predmeti olan xəstələrdə qan şəkərinə nəzarəti təmin edə bilir. O, həmçinin qan şəkərinin tənzimlənməsində mühüm rol oynayır.
Soğan sümük sağlamlığı üçün də olduqca faydalıdır və sümükləri möhkəmləndirir.
Zehni sağlamlığın təməli
Bu tərəvəzdə olan B9 vitamini (fol turşusu) depressiyanı azaltmağa kömək edir. Çünki o, qan ilə digər qida maddələrinin beyinə çatmasını və insanın özünü yaxşı hiss etməsini təmin edən serotonin, dopamin kimi hormonların istehsalını əngəlləyən homosisteinin (qidalardan alınan amin turşusu) orqanizmdə həddindən çox yığılmasının qarşısını alır.
Alternativ tibdə geniş istifadə edilən soğan sinir sistemini gücləndirir, maddələr mübadiləsini sürətləndirir, dəri-saç sağlamlığını qoruyur, orqanizmdə piyləri yandıraraq onun riskini aradan qaldırır. Həmçinin soğan qırmızı qan hüceyrələrinin miqdarını artıraraq anemiyanın və damarların sərtləşməsinin qarşısını alaraq elastik qalmasına kömək edir. Oynaq ağrılarını, yuxusuzluğu aradan qaldırır, diş çürüməsinə və diş əti problemlərinə səbəb ola biləcək bakteriyaları məhv edir.
Soğanın sirri
Müasir tibb soğanın insan orqanizminə çox faydalı olmasının əsas səbəbinin tərkibindəki fitonsidlərlə əlaqədar olduğunu müəyyən edib. Uçucu birləşmələr olan fitonsidlər nəinki patogen bakteriyalara, həmçinin göbələk və ibtidailərə də antimikrob təsiri göstərir.
Soğan damar mənfəzini genişləndirir. Kapilyar damarlarda onun təsiri xüsusilə özünü daha tez göstərir. Ona görə də soğan dərinin qidalanması üçün çox faydalıdır. O, bütün dəri xəstəliklərinə şəfaverici təsir göstərir.
Ondan bol istifadə edənlərdə sellülit, çiban, komedon səpgilər, damarların varikoz genişlənməsi, dəri çatlamaları kimi hallar demək olar ki, müşahidə olunmur. Bronxial astma xəstələrinin soğan yeməsi tənəffüsün yaxşılaşmasına səbəb olur. Hər gün qidada soğandan istifadə edilməsi həzmi yaxşılaşdırır, köpü və qəbizliyi aradan qaldırır.
Lakin kəskin mədə-bağırsaq
yaralarında soğan çiy
halda yeyilməməli və yalnız bişmiş halda istifadə
edilməlidir.
Azərbaycan.-2021.- 28 noyabr.- S.7.